18 yaşlı qız Qarabağ müharibəsinə necə düşdü? - “Keçəl etdirdim”

18-yasli-qiz-qarabag-muharibesine-nece-dusdu
Oxunma sayı: 6210

Bu dəfəki qəhrəmanımın gəncliyi Qarabağ müharibəsinə təsadüf edib... O, qadın olsa da düşmənlə döyüşə gedir. Buna görə də, 18 yaşlı Kəmalə Qəhrəmanovanın gənclik arzuları elə arzu olaraq qalır. Əlinə silah alıb döyüşür, dəfələrlə şəhidlərin meyitlərini ermənilərdən geri alır, yeri gələndə kəşfiyyatçılıq edir.

5 illik hərb həyatından sonra karyerasını xilasedici kimi davam etdirməyi qərara alır. Bu istək onun Azərbaycanın ilk xilasedici xanımı olmasına vəsilə olur. 

Xilasedici olmaq səngərdə döyüşməkdən heç də asan deyil. Əməliyyat zamanı yanmış, qana bulanmış cəsədləri görüb həyata əvvəlki enerji ilə davam edə bilmək böyük cəsarət tələb edir. Elə xilasedicilərimiz var ki, yanmış meyit görəndən sonra ömürlük ət yeməkdən imtina ediblər. 

“Qafqazinfo” onunla Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində  (XRXX) görüşüb söhbətləşdi. Yaşadıqlarını öz dilindən eşitmək üçün ehtiyatda olan baş leytenant, beynəlxalq dərəcəli idman ustası, XRXX-nin baş mütəxəssisi, xilasedicisi Kəmalə Qəhrəmanova ilə söhbəti təqdim edirik:

- Bir qadın xilasedici olmağı necə qarşısına məqsəd qoya bilər? Bu, mənəviyyatla əlaqədardırmı?

- Bu işi işləmək üçün birinci növbədə, fiziki hazırlığın olması önəmlidir. Daha sonra müəyyən bilgiləri bizə keçirilən kurslarda öyrədirlər. Sözsüz ki, insan keyfiyyətləri zamanla əldə edir. Bir peşəni seçə və sevə bilərsən. Amma orada səni nələrin gözlədiyini zamanla görüb yetişəcəksən. Bunun üçün istək lazımdır. Əgər qəlbində istək varsa, qarşına çıxan bütün çətinlikləri aşacaqsan. 

- Yəqin ki, sizin bu sahəyə marağınız həm də Qarabağ müharibəsi iştirakçısı olmağınızla bağlıdır. Siz öz yoldaşlarınızla bərabər müharibədə iştirak etmisiniz. Ağır hadisələri görmüsünüz. 

- İllərin təcrübəsinin bu işdə rolu var. Mən təsəvvür edə bilməzdim ki, nə vaxtsa xilasedici vəzifəsində çalışacam. Bəzən həyat insana elə acılar yaşadır ki, içində başqa insanların acılarını daha çox duymağa başlayırsan. Hər an köməyə ehtiyacı olan insanlar var. Bunun üçün bir vəzifədə oturmağa da ehtiyac yoxdur. İstənilən bir şəxs xilasedici ola bilər. Bir qədər ətrafınıza diqqət ayıra bilsəniz, hər gün yanından ötüb keçdiyimiz insanların gözünə baxanda onların içində xilasolma istəyini görəcəksiniz. Müharibə mənə bir növ insanların görünməyən tərəflərini göstərməyə başladı. Zamanla bacardığım qədər insanlara mənəvi-psixoloji dəstək olmağa çalışırdım. İnsan nəyə doğru gedirsə, həyat da səni ona doğru aparır. 

- Bəs, bir xanım olaraq döyüş yolunuz necə başladı? O vaxt xanımların döyüşə getməsinə deyəsən icazə verilmirdi...

- Bəzən həyatın öz axarı insanı müəyyən yerlərə aparır. Qarabağ müharibəsində ilk addımlarımı atanda 18 yaşım var idi. Tamam fərqli  xəyalları olan insan olmuşam. 1988-ci il hadisələri başlayanda ətrafda baş verənləri analiz etmək və duymaq keyfiyyətlərim formalaşmağa başladı. Nədənsə diqqətimi ancaq müharibə mövzusu çəkirdi. Bəzən həyatda insanı öz arzuları yox, yaşadığı şərait və mühit formalaşdırır. Əgər bir dövlətdə stabillik yoxdursa, onun ərazi bütövlüyü pozulubsa, bir gənc öz xəyallarının arxasınca gedə bilməzdi. Ona görə də mən bir çox Azərbaycan gənci kimi arzularımdan imtina etdim. Heç mənim silahdan istifadə etmək bacarığım yox idi. Sadəcə, idmanla məşğul olduğuma görə fiziki olaraq özünəinamım var idi. 

Müharibəyə gedə bilmək üçün saçımı kəsdirmişdim ki, qız olduğumu bilməsinlər. Bunu mənə şərait diktə etmişdi. Şuşada olanda şərait elə idi ki, içməyə suyu zorla tapırdıq. Su boruları donmuşdu, hava çox şaxtalı idi. Meşə şəraitində saçları saxlamaq mümkün deyil. Əsgərlərin hamısı başını keçəl qırxdırmışdı. Başında tük olan təkcə mən idim. Bir aydır saçımı yuya bilmədiyimə görə, mən də gedib keçəl etdirdim. Bir gün Şuşaya bir zabit gəlmişdi. O cərgədə düzülən əsgərlərin hamısının adını soruşurdu. Mənə çatanda qışqırdı ki, bu uşağı bura kim gətirib?! Heç 18 yaşı da tamam olmayıb, təcili Bakıya qaytarın. Komandir məlumat verdi ki, mən xanımam. Artıq bir ildir ki, orduda xidmət edirəm. O, bir neçə saniyə dondu. Mənə yaxınlaşıb papağımı çıxardı və sual verdi ki, doğrudan qızam? Elədirsə, bəs saçlarım hanı? Mənim döyüşçü olmaq istəyimə görə davam etməyə icazə verdi. Çünki xanımlara döyüşə getməyə icazə verilmirdi. 

- Müharibəyə görə hansı arzularınızdan imtina etməli oldunuz? 

- Mən daha çox zərif işləri, yəni, toxumağı, tikməyi sevirdim. O sahədə müəyyən təhsil də almışdım. Xanımlarımızı daha gözəl libaslarda görmək istəyirdim. Özüm gimnastika ilə məşğul olurdum, üzgüçülüyə, sambo dərslərinə gedirdim. Bir növ özümü kəşf etmək istəyirdim. Dünyanı səyahət etmək arzusundaydım. Günlərin bir günündə bu arzular sadəcə olaraq bir tərəfə atıldı. 

- Görünür, ailəniz də sizin istəklərinizə qarşı çıxmayıb.

- Ailəmin mənə verdiyi sərbəstlik mənim üçün ən böyük dəstək olub. Mən sadəcə istəklərimi onlarla paylaşırdım. Qarabağ müharibəsi başlayan vaxtlarda atamla çox müzakirələr aparırdıq. O mənə bir söz dedi: “Müharibə elə bir şeydir ki, hər kəs öz ailəsindən qurban verməyə hazır olmalıdır”. Sözdə deməyin asan olduğunu atama dedim və buna özünün hazır olub-olmadığını soruşdum. Atam bir qədər tərəddüd etdi. Ancaq hər şeyin yaxşı olacağını dedi. Bu söhbət bir müddət yaddan çıxdı, unuduldu. Get-gedə hadisələrin müharibəyə getdiyini görəndə atamın mənə dediyi “hər ailədən bir qurban getməlidir” fikri məni düşündürdü. Bu sözünü atama xatırlatdım. Mənə dedi ki, sən artıq 18 yaşını tamamlamış azad bir gəncsən, valideyn olaraq ancaq sənə xeyir-dua verə bilərəm. Anam bu məsələdə tərəddüd edirdi. Ancaq o da dağlarda, at belində böyümüş bir xanım olub. Onda da döyüş ruhu var idi. Özüm də Qarabağ torpağında - Ağdamda dünyaya gəlmişəm. O ərazilərə yaxından bələd idim. Uşaqlığımın çox hissəsi Ağdamda keçib. Bakıda böyüsəm də yay tətillərində Şuşaya, Ağdama qaçırdım. Ağdamdan Şuşaya gedən yol hələ də xatirimdədir. Sonuncu dəfə 1987-ci ildə o yolu keçmişdim. Onda heç düşünmürdüm ki, oralara bir gün döyüşçü kimi gələcəm. 

Çox gözəl bir yay günü idi. Xocalıdan keçirdik. Hər yan biçilməyə hazır olan sapsarı zəmilər idi. İçimdən keçirdi ki, sakit günlərdə gedib o rayonlarda istirahət ediriksə, demək ki, o torpaqların çətin anında da orada olmalıyıq. Gənclik həm də çox hədsiz bir saflıqdır. Müharibənin mahiyyətini anlamadan nəyə doğru getdiyini də insan anlamır. Ancaq onu yaşayanda insan daha sürətlə böyüyür. 18 yaşında olan bir gənc mərhələlərlə deyil, birdən-birə 10 illəri geridə qoydu. 

- Ailədə başqa döyüşəcək şəxslər yox idi? 

- Qardaşım dünyasını dəyişmişdi. Anam II qrup əmək əlili idi. Bacımın 8 yaşı var idi. Ailədə döyüşə biləcək yeganə adam mən idim. Bəzən içimdə yatıra bilmədiyim üsyanlarım olub. Bəzən müharibənin içində müharibəyə müharibə elan etdiyim vaxtlarım olub. Özümdə güc axtarmağa çalışmışam ki, görəsən, bir insan bütün savaşları durdura bilərmi? Bu gün artıq o yaşdayam və anlayıram ki, insan ayağını bu dünyaya basdığı gündən etibarən müharibələr olub və olacaq. Bu gün də biz o savaşları dünyanın hər nöqtəsində seyr edirik. 

- Hansı silah növündən istifadə etmisiniz? 

- Ən çox avtomatdan istifadə etmişəm. Ən rahatı və yüngülü o idi. İlk əvvəllər topçunun da köməkçisi olmuşam. Hətta aşpaz da olmuşam. Əsgərlərə yemək bişirmişəm. Döyüşə gedirdim, sonra kazarmaya qayıdanda uşaqlara isti yemək hazırlayırdım. Kəşfiyyatçı kimi də xidmət etmişəm. 5 il də zabit olmuşam.

- Siz çox güclü xarakterə və ruha malik olan bir xanımsız. Müharibə də insana kişi və ya qadın olduğunu unutdurur. O dövrdən bu dövrə xeyli il keçib, sizdə nələr dəyişib? 

- Xarakterin formalaşması prosesi daim insanda gedir. 1999-cu ilə qədər mən xidmətdə oldum. Ordudan zabit olaraq tərxis olunmuşam. Sıravi əsgər kimi ordu sıralarına daxil olsam da, ordunu tərk edəndə baş leytenant rütbəsində idim. Səkkiz illik hərb yolu keçmişdim. Mülki həyata qayıdanda anladım ki, zaman mənim üçün dayanıb. Həyatda bir çox inkişaf gedib və mən ondan çox geridə qalmışam. Bəzən içimdə zəifliklərimi də görürdüm. Əlinə silah alıb düşmənlə vuruşmağa getmək daha asan imiş. Geriyə dönmək, arzularını yenidən bərpa etmək çox çətin idi. 30 yaşımda Bədən Tərbiyəsi Akademiyasına daxil oldum. Bəzən mənim özümə də gülməli gəlirdi ki, yaşıdlarım məktəbi çoxdan bitirib. Ancaq mən ali təhsil almamışdım. Yenidən idmanın müəyyən növləri ilə məşğul olmağa başladım. İdmanın şotokan karate növü üzrə beynəlxalq dərəcəli idman ustası adını aldım. Ancaq yenə də içimdə nəyinsə çatmadığını hiss edirdim. Özümü fiziki olaraq hansısa formada saxlamağa çalışırdım. İnsan bəzən potensialından necə istifadə edəcəyini bilmir. Maddi imkanların zəif olanda məcbursan ki, haradasa işləyəsən. Ancaq bir şeyi özümdə vurğulayırdım ki, həyatda heç nədən şikayətlənmə. Hər problemlərlə keçiddə güclü olduğum qədər də zəif olurdum. 2007-ci ildə xilasedici vəzifəsinə qəbul ediləndə psixoloji olaraq hər şeyə hazır olduğumu düşünürdüm. Artıq 11 ildir ki, bu xidmətdəyəm. Bəzən yenildiyimi, xarakterimin zəif cəhətlərini görürəm. Elə hadisələr olur ki, heç nə edəcəyimi belə bilmirəm.

- Müharibənin yəqin ki, yaddaşınızda silinməyən bir neçə anı var... 

- Hadisələrin hər biri yaddaşımda özünəməxsus şəkildə əks olunub. Bəzən yuxularımda da onları görürəm. Mən tək olmamışam. Şəhidlərimizi düşmən ərazisindən çıxaranda da, kəşfiyyat məlumatlarını da döyüş yoldaşlarımla birlikdə əldə etmişik. Bir hadisəni danışım. Biz artıq mayın 8-də Şuşanı tərk edirdik. Şuşa mühasirədə idi. Artıq ermənilər Daşaltı yolunu bağlayırdılar. Ora bağlansaydı, Şuşa mühasirə şəklində qala bilərdi. İnsanların da əksəriyyəti toplu şəklində yığılmışdı. Ermənilər birdən yolu vurmağa başladı. Hər kəs qaçırdı. Bu zaman ortada bir uşaq qalmışdı. Düşmən uşağı hədəfə almışdı, amma vurmurdu. Onu xilas edəcək hansısa adamı öldürəcəkdilər. Hər kəs həyəcan içində idi. Çünki döyüşənlərin ailəsi də ordaydı. Ona görə də onlar ailəsini  qurtarmağa çalışırdı. Bir hissəsi şəhərin müdafiəsində idi. Biz də maşına yaralıları yığmışdıq. Onları Daşaltıdan keçirməyə çalışırdıq. O uşağın gözləri hələ də gözümün önündədir. Göz bəbəkləri o qədər genişlənmişdi ki, sanki sifətini tutmuşdu. Onun nəfəs almadığını hiss etdim. Hər şey sürətli baş verirdi. Həmin məqamda isə zaman insan beynində donur, sürət azalır. Bir sıçrayışla ona doğru qaçmağa  başladım və hiss etdim ki, güllələr ətrafımdan keçir. Onun gözlərində yaşamaq hissi var idi. Uşağı qucağıma götürdüm, yarğana tullandıq. Geriyə qayıtmaq imkanı yox idi. Həyat mənim üçün o uşağın gözlərində donub qaldı. Şuşadan çıxanda, yiyəsiz yerlərdə olanda saatlarca ağlayırdım. Televizora çox baxa bilmirəm. Körpələrin uçqunlar altında qalmağını görmək çox acıvericidir. Bu boyda savaşlar körpə qorxusuna dəyərmi? Sonra uşağın valideynlərini tapdım. Laçına çatanda uşaq atasını görüb qışqırmağa başladı. Əgər valideynlərini tapmasaydıq, onu evimizə gətirmək fikrim də var idi. Ancaq o uşaq həyatı boyu mənim yaddaşımda qalacaq. Ona görə də həmişə ətrafıma çağırış edirəm ki, hər kəsə qarşı diqqətli olaq. Bir insan ağlayanda yaxınlaşın və ondan bunun səbəbini soruşun. Bəlkə də siz bununla böyük bir savaşın qarşısını alacaqsınız. 

- Çox doğru bir məqama gəldiniz. İnsanlar artıq ətrafındakılara qarşı çox soyuqqanlı və etinasız olublar. Bəlkə də bu, problemlərin çox olmasından irəli gəlir. Sizin kimi düşünənlər isə çox azdır.

- Bir insan dünyanı xilas edə bilməz. Ancaq hər bir insanın ətrafındakı insanlara diqqəti bir xilasetmədir. İçimizdə hayqıran bir insan var. Biz istəməsək də həyat daha ağıllıdır. Bizi hansısa hadisələrlə oyadır. Hadisələr baş verməzdən əvvəl ailəmizdə, iş mühitimizdə, təhsil aldığımız müəssisələrdə diqqətli olmalıyıq. Bunlar gəlişi gözəl sözlər kimi səslənməsin. Həyat özü məktəbdir, müəllimi vaxtdır. Özümdən götürürəm. Əgər bu qədər hadisələr həyatımda cərəyan etməsəydi, bu qədər diqqətli olmazdım. Heç ətrafa baxmadan ətrafı eşitməyi öyrənirəm. 

- Hiss edirəm ki, daha çox dinləyicisiniz? 

- Bəzən dinləyici də oluram. İndi belə bir atmosfer formalaşıb ki, kimsə neqativ auradadırsa, onunla ünsiyyət qurmurlar. Pozitiv insanlarla ünsiyyət qururlar. İnsanların acılarını dinləmək də xoşdur. Bəzən söhbət zamanı daha çox danışan da mən oluram. 

- Xilasedici xanımlarla münasibətiniz necədir? İçlərində ən böyüyü yəqin ki, sizsiniz? Çox çətin hadisələri görürsünüz. Bunlar gündəlik əhval-ruhiyyənizə necə təsir edir? 

- Xidmətimizdə bu gün yetərincə xilasedici xanımlar var. Hamısı bir-birindən qoçaqdırlar. Kişilərlə bərabər ən çətin təlimlərdən belə keçiblər. Bizdə Leyla xanım var. O paraşütdən belə enməyi öyrənib. Özü alpinistdir. Sima xanım var. O da bir neçə dil bilir, alpinistdir. İtkin düşən alpinistlərin axtarışında da iştirak edib. Çox dözümlü xanımdır. Mətanət xanım taekvando üzrə yarışlarda bayrağımızı dəfələrlə qaldırıb. Könül xanım da çox bacarıqlı və hər işə səbrlə yanaşanlardandır. Biz bir arada olanda çalışırıq ki, hər kəsin keyfiyyətlərini bir araya gətirib bütöv ola bilək. Hər kəsin sıxıntıları olur, çalışırıq ki, onları paylaşıb bir-birimizə dəstək olaq. Bu ailədə mən bir qədər ana obrazındayam. Ancaq bəzən rollar dəyişə də bilir. 

- Siz həm də xidmətin ilk xilasedici qadınısınız. Bir növ digər xanımlar üçün yol açmısınız...

- İlk dəfə işə qəbul olunanda nazir özü bizi qəbul etdi. Məndən hansı vəzifədə işləmək istədiyimi soruşdu. Xilasedici olmaq istədiyimi dedim. Bacarıb-bacarmayacağımı soruşdu. İlk mərhələdə sınaq müddəti oldu. Özümü təsdiq etdirməyə çalışırdım ki, xanımlardan da xilasedici ola biləcəyini başqaları da qəbul etsin. İlk olaraq cığırı açdım. O zaman xidmət təzə yaranmışdı. Xilasedici xanımlar yox idi. Məni zabit kimi işə qəbul etmək istəyirdilər. Bundan imtina etdim. İlk xilasedici qadın oldum. Bugünkü xanımları öz övladım kimi hiss edirəm. 

- Ən çox xidmətə hansı çağırışlarla bağlı müraciətlər daxil olur? Affekt vəziyyətinə düşdüyünüz anlar olurmu? 

- Hadisələr çoxdur. İntihar, liftdə qalma halları, evdə qalma, yol qəza  hadisələri olur. Hərəsinin də özünəməxsus situasiyaları olur. Bizim xidmətimiz avadanlıqla, şəxsi heyətlə artıq formalaşıb. Buna görə də istənilən çətin vəziyyət bizim üçün çox asan olur. Nəticə artıq ortada olanda bir rahatlıq gəlir. İş prosesində hər şeyin yaxşı bitməsi üçün daxili gərginlik var. Bir hadisə danışım. Balaca uşaqlar otağa girib arxadan qapını bağlayıblar. Ana nə etsə də qapını aça bilmirdi. Uşaqlar da ağlamağa başlayıb. Biz hadisə yerinə getdik. Qapını qırmağa icazə vermədilər ki, arxada uşaqlar ola bilər. Hava şəraiti çox sərt idi. Xilasedicilərdən biri balkondan otağa daxil olub onları qapıdan uzaqlaşdırdı. Qapının da qıfılı xarab olmuşdu. Bu müddətdə ana çox aqressiv idi. Hətta bizi döyməyə hazır idi. Qışqırırdı ki, biz çox ləng işləyirik. Sonra uşaqları anasına təhvil verəndə qadın utandı və məni qucaqlayıb ağladı. Bizim işimizin mahiyyəti odur ki, hər kəsə anlayışla yanaşırıq. Bu, normal bir prosesdir. İnsanın simasının birdən-birə dəyişməsi çox xoş haldır. 

- Xilasetmə zamanı hansı hallara diqqət yetirirsiniz?

- Xilasetmə zamanı emosional olmaq olmaz. Birincisi, öz təhlükəsizliyini təmin etməlisən ki, digər insanları qurtara biləsən. Həmçinin sən özün zədələnsən, digər xilasedicilərin sənə köməyi gəlməsi lazım olacaq. Bu zaman şəxsi heyətin diqqəti yayınır. Ona görə də insanın içində emosionallığı idarə etmək bəzən çətin olur. Əməliyyat şəraitinin özü sizə nə edəcəyinizi diktə edir. 

- 18 yaşınızdan etibarən gərgin iş prosesinin içindəsiniz. Yorulduğunuz anlar varmı? Yenidən gənclik arzunuz olan dərziliyə qayıtmaq istəmisinizmi? 

- Müharibədən sonra maliyyə problemləri ilə bağlı o işlə yenidən məşğul olmuşdum. Emalatxanada paltar tikirdim. Modelyer olmağı isə geriyə dönməz bir arzu sayırdım. Müharibə zamanında bir qaçqın şəhərciyinə getmişdik. Uşaqların əynində paltarları yox idi. Bir evdə tikiş maşını gördüm. Köhnə paltarları söküb həmin uşaqlar üçün paltar tikdim. Peşə öyrənmək çox gözəldir, çünki hara getsən, o, həmişə səninlə olacaq. Yorulduğum, ruh düşkünlüyü yaşadığım anlar olub. Mənə bu hallardan çıxmağa idmanın bir neçə növü ilə məşğul olmağım kömək edib. Özüm bir müddət yoqa ilə də məşğul olmuşam. 

- Həyat yoldaşınız işinizə necə yanaşır? 

- Mən yarım ildir ki, ailə qurmuşam. Artıq 45 yaşına çatmışam. Məni seçən və mənim seçdiyim insan həyat tərzimə bələddir. Ona görə də bu sahədə heç bir problemimiz yoxdur. Adaptasiya dövründə xarakterlərin müəyyən ziddiyyəti yaranır. Ancaq həyat məktəbi keçmiş insanlar bunu tənzimləməkdə çətinlik çəkmirlər. 

Günel Türksoy 

Pərvin Zeynal