Dünyanın ən ağıllı qorillası Koko 47 yaşında dünyasını dəyişib.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, insanlarla jestlər vasitəsilə ünsiyyət quran və 2 minədək ingilis sözünü başa düşən qorilla 1971-ci ildə San-Fransiskoda anadan olub. 1972-ci ildə onunla tədqiqatçı Frensin Pattersin məşğul olmağa başlayıb. Frensin ona tədricən jestləri öyrədib.
Kokonun İQ göstəricisi 75-95 olub. Ancaq buna baxmayaraq, bioloqların çoxu onun fikirlərini və hislərini ifadə etmək bacarığına hər zaman şübhə ilə yanaşıblar.
Koko pişikləri çox sevib. Onun sevimli pişiyi Şarik avtomobilin altında qalaraq ölən zaman həkim Petterson qorillanın sevimli heyvanından ötrü necə kədərləndiyini dəfələrlə müşahidə edib.
Kokonun ölümü ilə bağlı mətbuat açıqlamasında deyilir: "Koko primatların elçisi kimi insanların həyatına daxil oldu və insanlarla müxtəlif növlər arasında münasibət qurulması, anlaşma yaradılmasının mümkünlüyünü bizə göstərdi. Onun yoxluğunu hiss edəcəyik".
Koko haqqında bir neçə sənədli film də çəkilib. Tez-tez jurnalların üz qabığına çıxan qorilla "National Geographic"in də qonağı olub.
2001-ci ildə isə Kokonun mərhum aktyor Robin Uilyamsla görüşü haqqında film çəkilib.