Rusiyalı şoumen Maksim Qalkin abunəçilərinə Ukrayna dilində müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, o, instaqramda paylaşdığı Milad təbrikini həm də Ukrayna dilində yazıb.
“Məsih dirildi! Hamınızı ən xoş bayram münasibətilə təbrik edirəm! Sülh, cansağlığı, sevgi və xeyirxahlıq arzu edirəm!” - Qalkin təbrik paylaşımında yazıb.
Paylaşımın şərh bölməsində abunəçilər Qalkini və onun həyat yoldaşı Alla Puqaçovanı bayram münasibətilə təbrik edib, müharibəyə qarşı mövqelərinə görə təşəkkürlərini ifadə edərək müxtəlif şərhlər yazıblar: “Bayramınız mübarək! Dəstəyinizə görə təşəkkür edirik”, “Təşəkkür edirik, xoşbəxt Milad bayramı arzu edirik”, “Təşəkkür edirik, Maksim! Qoy nəhayət xeyir qələbə çalsın!”, “Ukrayna və ukraynalılar olaraq, mövqeyinizi və dəstəyinizi qiymətləndirir, eşidir və hörmət edirik”.
Xatırladaq ki, M.Qalkin 2022-ci ilin sentyabrında Rusiyanın “xarici agentlər” reyestrinə daxil edilib. Buna səbəb yumoristin sosial şəbəkə paylaşımlarında Rusiya siyasətini və Ukraynaya qarşı aparılan müharibəni pisləməsi olub. Bunun ardınca, o, həyat yoldaşı Alla Puqaçova və övladları ilə birlikdə ölkəni tərk edib.

Son xəbərlər
Son Xəbərlər