Enerjisi, zərifliyi və səhnə cazibəsi ilə hər zaman diqqət mərkəzində olan Xalq artisti Təranə Muradova Azərbaycan rəqs sənətinin canlı əfsanələrindəndir. O, təkcə səhnədəki parlaq çıxışları ilə deyil, həm də sağlam həyat tərzi, sənətə olan sevgisi və peşəkarlığı ilə də nümunə göstərilir.
“Qafqazinfo” olaraq 60 yaşında da səhnəyə çıxmaqda davam edən Xalq artisti ilə sənət yolu, həyat fəlsəfəsi və bitib-tükənməyən enerjisinin sirri haqqında söhbətləşdik.
Onunla müsahibəni təqdim edirik:
- Təranə xanım, insan bir peşəni seçərkən təbii olaraq ona qazandıracağı tərəfləri də düşünür. Məsələn, xarici ölkələrdə sənət adamlarının mülkləri, villaları, bank hesablarında kifayət qədər pulları olur. Hətta müəyyən müddət sonra sənətdən uzaqlaşdıqda da təminatlı yaşaya biləcəkləri həyatları olur, bizdəkilərdən fərqli olaraq... Bəs bu sənət sizə nə qazandırdı?
- Mən hər zaman belə düşünmüşəm ki, insan harada yaşayırsa yaşasın, əgər öz sənətini həqiqətən sevib çalışırsa, qarşısına çıxan imkanları qazana bilər. Mənim həyatım asan olmayıb, amma çətinliklər məni formalaşdırıb. Hərdən öz-özümə düşünürəm ki, yenidən seçim haqqım olsa, bu həyatı bir daha yaşayardım. Çünki yaşadıqlarım məni güclü bir xanıma çevirdi.
Mən həyatda hər addımımda Allahın dəstəyini hiss etmişəm. Yolumda problemlər də olub, maneələr də, amma heç vaxt tək qalmamışam, Allah həmişə yolumu açıb. Amma bununla yanaşı, bir həqiqət də var ki, mən çox çalışmışam. Bu gün nə əldə etmişəmsə, zəhmətlə qazanmışam. Ona görə bu gün sahib olduqlarıma - ailəmə, evimə, bağıma və ən əsası sevdiyim işə görə şükür edirəm.
Bəziləri düşünür ki, başqa ölkədə həyat yüngüldür, amma belə deyil. Pul, uğur qazanmaq üçün oxumaq, işləmək, yaratmaq və sevmək lazımdır. İnsan bunları etdikdə Allah da onun yolunu açır.
.jpg)
- Maraqlıdır, bu gün əsas fəaliyyət sahəniz olan xoreoqrafiyada hansı problemlər var?
- Xoreoqrafiyada problemlər var və bu problemlərin tezliklə həllinə ehtiyac duyulur. Ən böyük məsələlərdən biri gələcəyin planlaşdırılmasıdır. Bu sənətə gələn insanlar gələcəklərini bilməlidirlər. Rəqs sənəti gənclik və böyük fiziki güc tələb edir. Dövlət kollektivlərində bir rəqqasın 20–25 ildən çox çalışması mümkün deyil. Çoxu maksimum 40 yaşına qədər səhnədə qala bilir və bu yaşdan sonra artıq təqaüdə getmək məcburiyyəti yaranır. Bu isə ciddi məsələdir. Çünki bir tərəfdən təqaüdə çıxan rəqqasların sosial təminatı vacibdir, digər tərəfdən onların yerinə gənc və istedadlı tələbələrin dövlət kollektivlərinə, operaya, baletə, teatr səhnəsinə gəlməsi təmin olunmalıdır. Bütün bu proses düzgün tənzimlənməlidir.
Digər problem müəllim çatışmazlığıdır. Bakı Xoreoqrafiya Akademiyasının 90 illiyi qeyd olundu. Bu, çox böyük və peşəkar bir məktəbdir. Mən oxuduğum illərdə burada ən yüksəksəviyyəli pedaqoqlar çalışırdı. Təəssüf ki, həmin müəllimlərin əksəriyyətinin yaşı çoxdur, bəziləri isə artıq bu dünyada deyil. Biz bu boşluğu ciddi şəkildə hiss etdik və yeni addımlar atmağa başladıq ki, peşəkar müəllim heyəti formalaşsın.
Amma bir şeyi qətiyyətlə deyə bilərəm ki, əgər bu sənətə hər kəs ciddi yanaşsa, xoreoqrafiya sahəsi hər zaman öz mövqeyini qoruyacaq. Biz hansı məqsədləri qarşımıza qoyuruqsa, onlara çatmağa da qadirik. Üstəlik, Bakı Xoreoqrafiya Akademiyası Qafqazda yeganə akademiyadır və bununla fəxr edirik. Çünki bu, yalnız təhsil müəssisəsi deyil, həm də böyük məktəb, peşəkar ənənədir.
.jpg)
- Bir dəfə sizinlə xoreoqrafiya sənətində yaş həddi və təqaüd mexanizmləri ilə bağlı danışmışdıq. Bu sahədə çalışanların həm sənətə, həm də öz gələcəklərinə təhlükəsiz davam etmələri üçün hansı addımlar vacibdir?
- Mütləq qeyd etmək istəyirəm ki, Bakı Xoreoqrafiya Akademiyasını bitirənlərin böyük əksəriyyəti dövlət kollektivlərinə gedirlər. Onlar 20-25 il səhnədə çalışdıqdan sonra təqaüdə çıxmalı olurlar. Bu, qaçılmaz prosesdir, çünki rəqs sənəti böyük fiziki güc tələb edir. Məncə onların aldıqları maaş sonradan təqaüdə çevrilsə, bu məbləğlə rahat yaşaya bilərlər.
Təqaüddən sonra bir çoxu fəaliyyətlərini davam etdirir - müəllim, baletmeyster, xoreoqraf olurlar, kollektivlərə rəhbərlik edirlər.
Çox istedadlı gənclər də var ki, gələcəkdə Bakı Xoreoqrafiya Akademiyasında müəllim kimi qala bilərlər. Amma bunun üçün mütləq ali təhsil lazımdır.
Mən Prezident təqaüdçüsüyəm və şükür Allaha, hər şeyim var. Amma bəziləri mənə deyir ki, “Nə ehtiyac var ki, bu sualları qaldırmağa? Onsuz da təqaüd alırsan”. Mən isə deyirəm ki, belə yaşamaq olmaz. İnsan bir-birinə kömək etməlidir, bir-birini başa düşməlidir.
.jpg)
Mənimlə çiyin-çiyinə işləyən rəqqaslar var ki, görürəm artıq yaşları çoxalıb və iş tapa bilmirlər. Bu, düzgün deyil. Bir insan 35–40 yaşında səhnədən ayrılırsa, iş tapa bilmir, təqaüd almırsa, necə yaşasın? Ona görə mən bu məsələni hər zaman qaldırıram. Çünki bu, təkcə mənim yox, bütün sənət adamlarının problemidir. Biz bu kimi məsələlərlə bağlı artıq müraciət etmişik və ümid edirik ki, yaxın vaxtlarda cavab olacaq.
- Yeri gəlmişkən, hüquqşünaslıq ixtisasına da yiyələnmisiniz. Bu sahədə çalışmağı düşünmüsünüz heç?
- Xeyr, bu sadəcə anamın və həyat yoldaşımın arzusu idi. Onlar istəyirdilər ki, mən qanunları bilim. Həyat yoldaşım hüquqşünas idi və həmişə deyirdi ki, insan öz hüquqlarını bilməlidir. Mən mübarizə aparmağı sevən insanam. Hər şeyə təmiz qəlbdən yanaşıram, hər şeyi açıq deyən adamam. Mən sevirəm ki, insanlar həyatı təmiz yaşasın.
.jpg)
- Çoxları bu sahədən kifayət qədər qazanc əldə etmədiyi üçün el şənliklərinə dəvətləri qəbul edir. Buna münasibətiniz necədir?
- Əlbəttə, hər insan boş vaxtında işləyə, qazanc əldə edə bilər, bunda problem yoxdur. Sadəcə bunun bir yaşı, bir vaxtı var. Mən bilirəm ki, insanlar 25 yaşından sonra toylarda oynamağa və ya özünün fəaliyyət sahəsində dərs verməyə başlayırlar. Bu, ailə saxlamaq üçündür və bunu normal qarşılayıram. Amma tələbənin təhsil ala-ala toylarda oynamasına çox pis baxıram. Çünki tələbə oxumalıdır, proqramını bitirməlidir, sənətdə sözünü deməyə hazırlaşmalıdır. Toy isə insanı korlayır. Səhnə ilə toy bir-birinə uyğun gəlmir.
.jpg)
Peşəkar bir rəqqas səhnədə sözünü deyibsə, sonradan qazanc üçün işləyə bilər, buna hörmətlə yanaşıram. Amma tələbə toyda gecə yarıya kimi oynayır, dərsə gecikir, dərsdə potensialını göstərə bilmir. Bu, həm tələbəni, həm də sənəti zədələyir. Mənim qarşıma belə hallar çox çıxıb. Açıq deyim, valideyn icazə verərsə belə, mən buraxmırdım. Amma bu, valideyn məsuliyyətidir. Valideyn deməlidir ki, sən oxuyursan, sən hələ uşaqsan, tələbəsən.
Mən özüm işdən qorxan insan olmamışam. 21 yaşından bir neçə yerdə işləyirdim. İşləməkdən heç vaxt çəkinməmişəm və hər zaman halal zəhmətlə qazanc tapmışam. Amma iş insanın yaşına, statusuna uyğun olmalıdır. Azərbaycanda tələbələrin işləyə biləcəyi çox fəaliyyət sahəsi var, şəxsi dərslər verə bilərlər, öz sahələrində təcrübə toplaya bilərlər. Ümid edirəm ki, analar, valideynlər bunu eşidəcəklər və daha ciddi yanaşacaqlar. Hər şey evdən başlayır. Tərbiyə də, baxış da evdən gəlir. Uşaq evdə nə görürsə, onu da edir.
.jpg)
- Ailə bağları güclü biri olaraq sizdən uşaqların, gənclərin tərbiyəsi məsələsinə də toxunmağınızı istərdim. Bəzən azyaşlıların pis vərdişlərini, çətin həyat şəraitində yaşadıqlarını, hətta nə qədər ağır olsa da, intiharlarını görürük. Sizcə nədə səhv edirik?
- Bu, çox geniş və həssas sualdır. Məncə uşaq tərbiyəsində həm ailə, həm də ətraf mühüm rol oynayır. Bugünkü dövrdə uşaqlar çox vaxtını yutubda, sosial şəbəkələrdə keçirir, filmlərə baxır və bu, təbii ki, onların formalaşmasına təsir edir. Ətraf bəzən uşaqları başqa istiqamətə yönləndirə bilər, amma evdə ana yenidən uşağın yolunu düzəltməlidir.
Mən öz həyatımda bunun nümunəsini görmüşəm. Mən çox vaxt səfərlərdə olurdum - qastrollar, tədbirlər, məşqlər… Uşaqlarımın tərbiyəsində bacılarım mənə çox dəstək olub. İllər sonra isə qızımın öz övladlarına necə böyük sevgi ilə yanaşdığını gördükcə, düşünürəm ki, o, mənim edə bilmədiyim bəzi şeyləri tamamlayır.
Bir dəfə qızım dedi: “Ana, biz uşaqlıqda səni az görürdük, amma mən istəyirəm ki, anam mənə çox sevgi versin, hər zaman yanımda olsun”. Bu söz məni çox təsirləndirdi. Mən gənclikdə daha ciddi ana idim, qaydaları çox sevirdim, istəyirdim ki, uşaqlarım nizam-intizamla böyüsünlər. Amma indi görürəm ki, uşağın dili sevgi ilə açılır. Ana uşağı dinləməlidir, onunla dost olmalıdır, vaxt ayırmalıdır.
.jpg)
- Övladlarınız sizin peşənizi davam etdirmək istəmədi, bəs nəvələriniz?
- Nəvəm mənə çox oxşayır, deyirlər ki, xaraktercə də çox bənzəyir və rəqsi də çox sevir. Amma mənim üçün əsas odur ki, bu istək ürəkdən gəlsin. Mənim qızım da, oğlum da rəqslə məşğul olurdular, müxtəlif fəaliyyətlərə gedirdilər, oynayırdılar, amma heç biri bu sənəti davam etdirmək istəmədi. Mən də heç vaxt məcbur etmədim.
Amma nəvəmdə bu potensialı görürəm. O, rəqsi çox sevir, tamaşalarda, konsertlərdə olur. Hazırda gimnastikaya gedir və böyük həvəslə məşğul olur. Gələcəkdə anası da razı olsa, çox istəyərəm ki, bu sənətdə olsun.
- Son illərdə sosial şəbəkələrdə rəqs sənətinə marağın artdığı, amma tənqidlərin də çoxaldığı müşahidə olunur. Bu tendensiyanı necə qiymətləndirirsiniz? Toylardakı akustika, rəqs mədəniyyəti sizi qane edirmir, ümumiyyətlə bunu rəqs adlandırmaq olarmı?
- Mən bu məsələni dəfələrlə mətbuatda da demişəm. Hətta müəllimlərə zəng edib xəbərdarlıq etmişəm ki, uşaqları belə böyütmək olmaz. Çünki balaca uşaq nə başa düşür? Müəllim göstərir, o da təqlid edib oynayır. Valideyn isə buna sevinir, toylarda, tədbirlərdə əl çalır və düşünür ki, “gör, mənim qızım, mənim oğlum necə gözəl oynayır”.
Amma məsələnin mahiyyəti başqadır. Bizim milli rəqslərimiz - “Naz eləmə”, “Tərəkəmə”, “Cəngi”, “Uzundərə”, “Sarı gəlin” bunlar tarixə yazılan incilərdir. Bu rəqslər bərbad vəziyyətdə təqdim olunmamalıdır. Xanım rəqsdə incə, zərif qalmalıdır; qız qız kimi, oğlan oğlan kimi. Bizim rəqs mədəniyyətimizdə qadın öz zərifliyini, kişi öz ciddiliyini qorumalıdır, amma bu gün bəzən bunun tam əksi göstərilir.
Əlbəttə, müəllimlər pul qazanır, valideyn də övladının oynamasından zövq alır. Lakin məsuliyyət valideynin üzərinə düşür. Uşağın hansı yolda böyüdüyünə valideyn qərar verməlidir. Biz yüz dəfə deyə bilərik, irad tuta bilərik, amma valideyn özü məsuliyyət daşımırsa, nəticə dəyişmir.
- Son zamanlar Mədəniyyət Nazirliyi ilə bağlı müzakirələr səngimir. Bu məsələlərə münasibətiniz necədir? Ümumiyyətlə, mədəniyyət sahəmizdə hansı boşluqlar görürsünüz?
- Ümumiyyətlə qalmaqal sevən insan deyiləm. Mənə elə gəlir ki, hər məsələnin üstündən sakit keçib, onu tamam başqa bir yolla həll etmək mümkündür, sadəcə görüşmək, danışmaq və hər kəsin sözünü deməsi kifayətdir. Qalmaqalı sevmirəm deyəndə bunu ona görə vurğulayıram ki, bir sənətkar kimi bəzən içimdə çox söz olur, amma mən həmişə başqa yolu seçirəm. Çünki efirlərə çıxıb bir-birini təhqir etmək, söz atmaq mədəniyyətsizlikdir.
Mənim bu sənətdə olduğum müddətdə beş nazir dəyişib və hamı ilə dil tapa bilmişəm. Hər kəs məni dinləyib, eşidib. Mən heç kimdən qorxmuram, heç kimlə düşmənçilik etmirəm. Sadəcə insan dil tapmağı bacarmalıdır. Birinci növbədə bu, mədəniyyətdir.
Təəssüf ki, bəzən efirlərdə elə mənzərə yaranır ki, bu mənzərə mənim üçün acınacaqlıdır. Mənim də içimdə bəlkə yüz söz olur, amma hər zaman özümü cilovlayıram və fikrimi normal səviyyədə çatdırmağa çalışıram.
Ümid edirəm ki, bu hal bitəcək və bitməlidir. Çünki bu, xalq üçün gülüncdür. Millət baxıb görür ki, sənət adamları bir-birinin üstünə gedir. Azərbaycanda qanun var və qanun öz işini görür. Kimsə qanuna inanmasa belə, Allaha inansın. İstəyərdim ki, Azərbaycan sənətçiləri arasında bu qarşıdurmalar bitsin. Heç kim bir-birinin yerini tuta bilməz. Kim oxuyandır, oxumağı ilə öz sözünü deyəcək. Kim rəqqasdır, rəqsi ilə danışacaq, kim müəllimdir, müəllimliyi ilə, kim həkimdirsə, həkimliyi ilə. Əgər kimsə işini yaxşı bacarmırsa, zaman özü hər şeyi göstərir. Vaxt gələcək və hər kəs öz layiq olduğu yeri alacaq.
.jpg)
- Təranə xanım, bir az da sizdən danışaq. Çox gənc görünürsünüz, gözəlsiniz. Bunun sirri nədədir?
- Bu sirr ürəkdən gəlir. İnsan qəlbi təmiz olmalıdır ki, gözəlliyi özü yarada bilsin. Çox insanlar gözəl görünə bilər, amma o gözəlliyi içdən hiss etmirlər. Mən həyatı sevirəm. Hər zaman yaradıram, işləyirəm, özümə baxıram, səliqəli geyinirəm, səliqəli görünürəm. Səhnəyə çıxanda qorxmuram. Mən səhnəni sevirəm və səhnə məni sevir.
- Bu gün xanımlarımız həm də gənc görünmək üçün müxtəlif prosedurlardan keçirlər. Sizin üçün gözəllik anlayışı nədir?
- Mənə görə, təbiilik insana daha çox yaraşır. Mən öz nənəmi, anamı hər zaman xatırlayıram və deyirəm ki, necə gözəl xanımlar olublar. Gözəllik yalnız bir işlə, bir detalla yaranmır. Xanım hər zaman xanım qalmalıdır - həyatı təmiz gözlə görməli, özünə diqqətlə yanaşmalıdır.
Geyim məsələsi də belədir, bəziləri düşünür ki, az qazanan bir insan gözəl geyinə bilməz. Mən bununla razı deyiləm. Gözəllik bahalı geyimdən asılı deyil, zövqdən asılıdır. Bəzən çox ucuz bir geyim də ola bilər, amma əsas odur ki, sən onu özünə yaraşdırıb, uyğunlaşdırıb geyinəsən.
Mənim üçün heç bir fərqi yoxdur - bu gün bahalı bir libas geyinərəm, sabah 10-15 manata sadə bir “bluz” alıb onu da sevə-sevə geyinərəm. Mən gözəlliyi bunda görmürəm. Əsas məsələ insanın daxili təmizliyi və zövqüdür. Bütün xanımlara arzu edirəm ki, həmişə xanım qalsınlar, özlərinə baxsınlar və həyatı sevsinlər.
- Pul qazanmaq demişkən, qızlar bir-birinə baxıb “TikTok”dan, bloqerlikdən pul qazanmaq yolunu seçir. Ənənəvi üzlər, bir-birinə bənzəyən estetik əməliyyatlı xanımlar, bəzən onları bir-birindən fərqləndirə də bilmirik... Məsələ budur ki, onlar həqiqətən də ali təhsilli insanlardan çox qazanır...
- Bu məsələyə çox pis baxıram. Mənə görə, gənc qızın ən böyük gözəlliyi onun təbii gözəlliyidir - Allahın verdiyi gözəllik. Bu gün baxırsan, hamı eyni görünür. Hətta bəzi xanımlar özlərini elə vəziyyətə salırlar ki, bəlkə də güzgüdə bunu görmürlər, ya özlərinə belə xoş gəlir. Amma qadın təbii qalmalıdır. Demirəm ki, heç kim əməliyyat etdirməsin. Elə xanımlar var ki, yaşı çoxdur, amma çox gözəl görünürlər. Onlar da əməliyyat etdiriblər, amma incə, zövqlə, təbii şəkildə. Bir dəfə nəsə etmək olar, çox normaldır. Xüsusilə efirə çıxan insanlar var ki, onlar da özlərinə baxır və çox gözəl görünürlər. Mən özüm də çox gec-gec də olsa, nəsə edirəm.
Amma bloqerlər, kosmetoloqların çoxu reklam, pul üçün çalışır. Burada əsas məsələ odur ki, insanın ağlı olmalıdır. İnsan güzgüyə baxıb özünü görməlidir: “Mən nəyə çevrilmişəm?” deyə bilməlidir. Ağıl olmayanda bizim deməyimiz də, göstərməyimiz də təsir etməyəcək. Biz “etmə” deyəcəyik, o yenə də edəcək.
Təəssüf ki, bəzi xanımlar efirə çox biabırçı halda çıxırlar. Geyimlərinə, davranışlarına fikir vermirlər. Mən müasir adamam, amma müasirlik bu deyil. İnsan özünü bu qədər ucuzlaşdırmamalıdır. Onlar fərqinə varmadan gələcək nəsillərə də yanlış nümunə göstərirlər. Bunun sonu yaxşı olmur. Allah hər şeyi görür və insanları sınayır. Bir dəfə, iki dəfə yoxlayır və sonra nəticəsini göstərir.
Pandemiyanı yaşadıq, çətinlikləri gördük, amma yenə də çoxları nəticə çıxarmır. Ümid edirəm ki, efirlərdə danışılan bu kimi sözlər bəlkə kimlərəsə təsir edər və insanlar həyatı daha düzgün yaşamağı seçər.

- Sevgi ilə ailə qurmusunuz və həyat yoldaşınızla aranızda yaş fərqi olub. Maraqlıdır, bu fərq özünü münasibətinizdə biruzə verirdi?
- Yox, mən çox xoşbəxt bir xanımam. Yaş fərqi mənim üçün heç vaxt problem olmayıb. Mən hər zaman deyirdim ki, həyat yoldaşım mənim dostum idi, sirdaşım idi, sevdiyim insan idi. Mən özümü çox şanslı sayıram ki, 38 il yanımda məhz o insan olub.
Bəli, çətinliklər də oldu. Anam istəmirdi ki, biz evlənək, düşünürdü ki, yaş fərqi illər sonra problem yaradacaq. Amma yaratmadı. O, əsl kişi idi. Mən də əsl Azərbaycan xanımıyam. Hər zaman çalışmışam ki, həyatıma, ailəmə və öz mənliyimə sahib çıxım.
- Elə bil o illərin sevgisi də qalmayıb…
- Əslində hər şey evdə xanımdan asılıdır. Amma təəssüf ki, bəzən kişilər ailə quranda məsələyə ciddi yanaşmırlar. Bəzi hallarda kişi yolunu azmağa başlayır, qadın isə göz yumur… Mən özüm bəzən susurdum, bəzən sözümü deyirdim. Amma hər zaman çalışırdım ki, ailəm dağılmasın. İstərdim ki, xanımlar bunu başa düşsünlər, ya addımı atmazdan əvvəl yaxşı düşünmək lazımdır, ya da artıq addımı atmısansa, ailəni qorumağı bacarmalısan.
Əgər kişi istəmir, ciddiyə almırsa, xanım nə etsin? Bu, ikitərəfli bir sualdır. Təəssüf ki, bu gün gənclər evlənməyə ciddi yanaşmırlar. Elə tələsik ailə qururlar, bir ildən sonra da boşanırlar. Yenə evlənirlər, yenə bir ildən sonra ayrılırlar. Bu da, məncə, çox vaxt ailədən gələn tərbiyə və yanaşmadan asılı olur.
- Bildiyimiz qədər ailəniz və həyat yoldaşınız sizin bu sənətdə olmağınıza mane olub. Siz bu çətinliklərin öhdəsindən necə gəldiniz?
- Mənim həyat yoldaşım o qədər ağıllı, o qədər anlayışlı kişi idi ki… Bilirdi ki, mən bu sənəti atmayacağam. Bu sənəti çox sevirdim. Amma deyirdi ki, birinci uşaq oldu, sənəti bitir. Sonra ikinci uşaq doğuldu, yenə dedi ki, artıq kifayətdir. Mən isə deyirdim ki, yaxşı qoy birinci olsun, sonra ikinci olsun, mən bitirəcəyəm. Bəzən ziyanı olmayan yalanı yalan hesab etmirlər. Mən də bilirdim ki, o bir gün anlayacaq ki, mən bu sənətsiz yaşaya bilmirəm. Elə də oldu.
Mən ömrümü bu sənətə vermişəm. Həyat yoldaşımla biz bu həyatda həm də bir-birimizə dost olmuşuq. Bəlkə gələcək nəsil üçün sözüm bir yol göstəricisi olar. Çünki insanlar bir-birinə aşiq olub ailə quranda, ilk növbədə bir-birilərini başa düşməyi bacarmalıdırlar. Dost olmalıdırlar, bir-birilərini tanımalıdırlar. Yalnız bundan sonra ailə möhkəmlənir. Bu, mənim qismətim idi. Hər zaman Allaha şükür edirəm ki, mənim həyatımda belə gözəl insan olub - mənim gözəl həyat yoldaşım.
.jpg)
- Bir müsahibənizdə demisiniz ki, uşaqlıqda ananızın ağ saçlarına toxunanda gələcəkdə həyat yoldaşınızın da belə olacağını düşünmüsünüz, eyni zamanda özünüzü Xalq artisti kimi təqdim etmisiniz. Sizcə insan arzuladığı hər şeyi yaşaya bilərmi, yoxsa alın yazısı nədirsə odur? İndi sosial şəbəkələrdə bunu “manifest” adlandırırlar...
- Mən belə şeylərə çox inanıram. Niyə? Çünki həyatın özü bunu bir daha sübut edib. Səhər oyananda “Bu gün gözəl gündür” deyirsənsə və ümidlə başlayırsansa, o gün həqiqətən gözəl keçir. İnsan həyata açıq gözlə, yaxşı niyyətlə, təmiz qəlblə baxmalıdır. Neqativliklə yaşamaq olmaz. Uşaqlıqdan arzuladığım hər şey bir şəkildə mənim yoluma çıxdı. Bəlkə qəlbdən gələn hissdir, bəlkə də insanın içindəki niyyət… Anamın ağ saçlarını çox sevirdim və deyirdim ki, mənim də həyat yoldaşımın saçları elə olacaq. Elə də oldu, həm rəngi, həm də xarakteri eyni idi. Daxilimdə necə təsəvvür edirdimsə, həyat onu mənə gətirdi.
Səhnəyə çıxanda öz-özümə deyirdim: “Sizin qarşınızda respublikanın Xalq artisti Təranə Muradova çıxış edir”. Sonra bu ada layiq görüləndə anamı xatırladım. Çünki o vaxt mənim sənətimə yaxşı baxmırdılar, nə anam, nə də qohumlar. Hamı deyirdi ki, balet məktəbinə getmə. Mən isə deyirdim ki, bir gün “Böyük Teatr”da, “Aspendus”da, “UNESCO”da, “Vaqanova”da çıxış edəcəyəm. Allah da yolumu açdı.
İnanın, dünyanın müxtəlif ölkələrinin prezidentləri mənimlə görüşüb, əlimi sıxırdı. Uşaqlıqda buna da inanırdım. Böyük ifaçılara baxanda deyirdim ki, mən də bir gün onlarla bir səhnədə olacağam, elə də oldu.
Həyatda nəyi təmiz niyyətlə arzulayırsansa, Allah onu eşidir və sənə doğru yönləndirir. Amma insan neqativə düşəndə, içində pislik, paxıllıq olanda, heç bir arzu həyata keçmir. Alınmayan heç nə yoxdur, əsas odur ki, ürəkdən istəyəsən, bu halda mütləq ona çatacaqsan.
- İnsan həyatı itkilərsiz ötüşmür. Bəs siz həyatınızdakı itkilərlə necə başa çıxmağı bacarırsınız?
- Ən böyük ağrı valideyni itirməkdir. Mən atamı birinci sinfə gedəndə itirdim. Anam isə uzun müddət ağır xəstə idi və onu itirmək mənim üçün həyatda yaşadığım ən çətin sınaqlardan biri oldu. Valideyn itkisi insanın içində heç vaxt tam dolmayan bir boşluq yaradır.
Anamı itirəndə yanımda həyat yoldaşım vardı. O mənə həm dost oldu, həm bacı, həm də sanki ana oldu. Mənim üçün dayaq idi. Amma həyat yoldaşımı itirəndə özümü tamamilə tək hiss etdim. 2 il mən özümə gələ bilmirdim. Bu gün həyat yoldaşım yanımda yoxdur. Yenə də mən onunla içimdə danışıram, nəyi bəyənərdi, nəyə razı olmazdı, hər addımımda onu düşünürəm. O, hər zaman mənim ürəyimin içindədir. Bizim nəsil böyükdür, bir-birimizə sıx bağlıyıq. Hər zaman bir-birimizə dəstək oluruq, bir-birimizi qoruyuruq. Arada fikirlərimiz toqquşsa da, günün sonunda sevgi qalır, bir-birimizi anlayırıq. İnsan sevdikləri ilə güclü olur.
- Bəs özünüzlə tək qalıb geriyə baxanda “kaş ki…” dediyiniz bir şey varmı?
- Maraqlıdır… Bəzən düşünürəm ki, kaş həyat yoldaşım yanımda olaydı. Yaşı çox olsa da, onun varlığı mənim üçün başqa idi. Bir də kaş anam və atam görərdi ki, mən nə qədər uğur qazanmışam, necə sevilən bir sənətkar olmuşam. Bu, mənim üçün çox önəmli idi. Bilirəm ki, onlar məni görürlər, mənə inanırlar. Düz 11 ildən sonra səhnəyə qayıdanda, ilk addımım, ilk hərəkətim, ilk rəqsim elə onlara həsr olunmuşdu. Mənim üçün bu, borc idi, onlara olan sevgimin, hörmətimin ifadəsi.
.jpg)
- Son olaraq, 60 yaşında, həm də belə gözəl qalmaq necə bir hissdir?
- Ömrümün bu yaşında olmaq - gözəl hissdir. Mən özümü hər zaman içəridə gənc hiss etmişəm. Yaş sadəcə rəqəmdir, amma insanın içindəki enerjisi, ruhu, sevgisi onu gənc saxlayır. Düzdür, özümə çox vaxt ayıra bilmirəm. Xüsusilə son iki-üç ay ərzində çox böyük hazırlıq prosesimiz oldu, çox məşq etdim. Amma təsəvvür edin, bu qədər yorğunluğun içində belə, səhnəyə çıxanda elə bil yenidən doğulursan. Enerji gəlir, ruhun açılır və yaşın yox olur. Ona görə də, bu yaş mənə gözəl gəlir - çünki mən özümü hələ də gənc, güclü və sevdiyim işdə olan biri kimi hiss edirəm.
Hər yaşın öz gözəlliyi var. Mən bunu çox dərindən hiss edirəm. Bu gün necə bacarıb oynayıramsa, Allah ömür versə, 70 yaşımda da, 80 yaşımda da bacaracağam. Hətta 20-30 il öncə öz-özümə deyirdim ki, mən Maya Plisetskaya kimi 80 yaşına qədər səhnədə olacağam. Allah insana ömür verəndə, insan hər şeyi bacarır. Ona görə də yaş məni qorxutmur - insan özünü hansı yaşda hiss edirsə, elə də yaşayır.
Lamiyə Məmmədova
Foto-Video: Pərvin Zeynal



