2016-ya qədər ermənilər kef eləsin

2016-ya-qeder-ermeniler-kef-elesin
Oxunma sayı: 641

Qarabağ Azərbaycan müstəvisində

Bu il Azərbaycanda Qarabağla bağlı ilk diqqəti çəkən sözsüz ki, hərbi ritorikanın azalması oldu. Ötən illərdə sanki, öz hərbi qüdrəti ilə dünyaya meydan oxuyan Azərbaycan bu il susmağa üstünlük verdi.

Doğrudur, Prezident İlham Əliyev ilin əvvəlində, yanvarın 21-də Goranboya səfəri zamanı cəbhə xəttində oldu. Amma ilin ikinci yarısında Tərtər və Füzuliyə səfər etsə də, qoşunların təmas xəttinə getmədi. Sözsüz ki, əsgərlərin görüşünə gedən Ali Baş komandan orduda ruh yüksəkliyi yaratmaq üçün gurultulu bəyanatlar verməli olacaqdı.

Hərbi ritorikanın azalmasının əsas səbəbi bir neçə ola bilər.
Birinci, seçkiyə hazırlaşan iqtidar demokratiya və insan haqları ilə bağlı Avropadan əlavə təpkilər almaq istəmir. Onsuz da beynəlxalq təşkilatlar Azərbaycanı kifayət qədər tənqid edir.
İkincisi, Avropa Olimpiadasına ev sahibliyi etmək istəyən ölkə sabitliyə təminat verməlidir. Ev yiyəsinin müharibə çağırışı yersiz və məntiqsiz görünərdi. Hamıya aydındır ki, Azərbaycan 2015-ci il Avropa Olimpiya oyunlarına qədər müharibə etməyəcək.
Deməli, Ermənistan 2016-cı ilə qədər rahat yaşaya bilər.

2012-ci ildə Azərbaycan müstəvisində önəmli hesab olunan nöqtələrindən biri də Silahlı Qüvvələrin durumudur. Əlbəttə, hərbi büdcənin 3 milyarda çatdırılması müsbət qiymətləndirilə biləcək amillərdəndir, amma 2012-ci ildə qeyri-döyüş itkiləri də ən yüksək həddə çatdı. Orduda baş verənləri malalamaq üçün müdafiə naziri müəyyən taktiki informasiya əməliyyatları həyata keçirdi, amma bu manevrlər Silahlı Qüvvələrin durumunu dəyişmədi.

Azərbaycanda hələ də həll olunmamış problemlərdən biri də Dağlıq Qarabağın azərbaycanlı icması olaraq qaldı. İcmanın sönük və Dağlıq Qarabağın erməni icmasının fəaliyyətinə adekvat olmayan fəaliyyətində dönüş yaratmaq istəyi və cəhdləri heç görünmür. Halbuki, atəşkəs olsa belə, ordu nə qədər vacib elementdirsə, diplomatik cəbhədə də icma bir o qədər vacibdir. Təəssüf ki, bu reallıqdan doğan fəaliyyət görünmür. Yada salın ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri 2012-ci ildə regiona bütün səfərlərində ermənilərin lideri Bako Saakyanla görüşsə də, azərbaycanlı icmasına rəhbər təyin olunmuş Bayram Səfərovla görüşməyiblər.

Qarabağ Ermənistan müstəvisində

Sözsüz ki, Ermənistan siyasətində Dağlıq Qarabağ problemi strateji nöqtələrdən birincisidir. Ermənistan cəmiyyəti əslində bu problemdən bezikib. Amma erməni təfəkküründə bütün problemlərdən çıxış yolu Azərbaycana de-fakto qalibiyyətin de-yure təsdiqlənməsindən keçir.

2012-ci il erməni təfəkkürünün yenidən aqressivləşməsi ili oldu. Bəziləri bunu Ramil Səfərov əməliyyatı ilə əlaqələndirsə də, proses əslində ondan xeyli əvvəl başlamışdı. Müxtəlif mənbələrdən alınan məlumatlar erməni cəmiyyətinin aqressivləşməsini təsdiq edir. Və o da aydındır ki, bu prosesin məqsədi Ermənistanın hakim elitasının mənasız dirənişinə haqq qazandırmaqdır.
Sözsüz ki, Rusiyanın hərbi, ABŞ-ın diplomatik, Avropanın mənəvi dəstəyi Ermənistanın hələ də ayaqda olmasının əsasını təşkil edir.

Amma Ermənistanın arqumetsizliyini və zəifliyini göstərən əsas məqam 2012-ci ildə növbəti dəfə pik həddinə çatdı. Dağlıq Qarabağın suveren dövlət kimi tanıması məsələsi Ermənistanın gündəminə gətirildi, amma nəticə olmadı. Və təbii ki, ola da bilməzdi. Çünki Dağlıq Qarabağın tanınması Azərbaycana yox, dünya birliyinə açıq meydan oxumaq olardı.

Qarabağ Azərbaycan-Ermənistan müstəvisində
Sözsüz ki, Dağlıq Qarabağ probleminin əsas müstəvisi Azərbaycan-Ermənistan arasındadır. Bu müstəvi iki hissəyə bölünür. Qoşunların təmas xətti və Minsk Qrupu çərçivəsində aparılan danışıqlar. 18 ildir ki, hər iki cəbhədə vəziyyət sabit, ağır olaraq qalır.

Bu müstəvidə hər iki cəbhəni birləşdirən əsas kəsişmə nöqtəsi təbii informasiya savaşıdır. İstər diplomatik cəbhədə, istərsə də qoşunların təmas xəttində baş verənlər informasiya savaşının əsas elementləridir. Məsələnin maraqlı cəhəti odur ki, hər iki tərəf eyni texnologiyalardan istifadə edir: hər iki tərəf atəşkəsi qarşı tərəfin pozduğunu, hər iki tərəf diplomatik cəhdlərin digərinin günahı ucbatından baş verdiyini iddia edir. Hər iki tərəfdə sadə insanlar təbliğat maşınının təzyiqləri altındadır və həqiqətin harada olduğundan bixəbərdir.

Bu situasiya əslində həm Ermənistanda, həm də Azərbaycanda hakim elitaya kütləni idarə etmək üçün münbit şərait yaradır.

Yola saldığımız 2012-ci ildə də situasiya 18 il necə idisə, elə də oldu.

Qarabağ Rusiya müstəvisində
Təbii ki, Qarabağın gələcək taleyinə təsir edəcək beynəlxalq güclər barədə düşünəndə ilk yada düşən Rusiyanın təsiri olur. Bu təsirin Azərbaycanın xeyrinə olmaması aydındır. Birmənalı demək olar ki, Rusiya “status-kvo”nun dəyişməsini istəmir, çünki Azərbaycanı güzəştlərə məcbur edə bilmir.

2012-ci il Rusiyanın sabiq prezidentinin vasitəçilik missiyasının son akkordu ilə başa çatdı. Yanvarın 23-də baş tutan Medvedyev-Əliyev-Sarkisyan görüşündə demək olar ki, heç nə baş vermədi. Yadda qalan yeganə məqam münaqişə tərəfləri arasında humanitar əlaqələrin intensivləşdirilməsi istəyinin ifadə olunması idi. Bunu Qərbin analoji təşəbbüslərinin Rusiya variantı da hesab etmək olardı. Çünki Qərb belə təşəbbüsləri dəstəkləyən zaman əsas üstünlüyü vətəndaş cəmiyyətinə, Rusiyanın bu təşəbbüsü isə hakimiyyətlərin nəzarətində olan “amin” deyən qruplara hesablanıb. Və əslində sülh təşəbbüslərinin də inhisara alınmasına xidmət edir.
İl ərzində Rusiyanın xüsusi fəallığı hiss olunmadı. Amma bir məsələdə Rusiyanın barmağının olması şübhəsizdir.

Artıq hamı bilir ki, Ramil Səfərov əməliyyatında İlham Rəhimovun rolu olub. İlham Rəhimovun rolu olubsa, deməli, Rusiya prezidenti Vladimir Putinin də bu əməliyyatdan ən azı xəbəri olub. Vladimir Putinin xəbəri olub və bu əməliyyata mane olmayıbsa, deməli, onun da marağı olub. Vladimir Putinin marağı varsa, deməli, məsələ Ramil Səfərovun azad olunması ilə bitmir. Putin Azərbaycandan pərdə arxasında nəsə istəyəcək.

Və nəhayət dekabrın 19-da Putin və Sarkisyan Moskvada təkbətək görüşdü. Görüşün baş tutması barədə xəbər bir mesajdır. İkinci mesaj isə görüşdə müzakirə olunanlar barədə məlumat verilməməsidir.

Qarabağ ABŞ müstəvisində
Beynəlxalq güclərdən Qarabağ məsələsinə ən sönük münasibət sərgiləyən ABŞ üçün Azərbaycanda əsas maraqlı istiqamət enerji daşıyıcıları məsələsidir. Demokratik təsisatlarla bağlı durum ikinci, Qarabağ problemi isə sonrakı pillədədir.
Amma etiraf etmək lazımdır ki, ABŞ administrasiyası Qarabağla bağlı problemdən xəbərsiz qalmaq istəmir. Daha bir məqam ondan ibarətdir ki, ABŞ atəşkəsin intensiv pozulmasını və hərbi əməliyyatların başlanmasını istəmir. Məhz buna görə, ABŞ dövlət katibinin regiona səfəri ərəfəsində atəşkəsin intensiv pozulması müşahidə olundu. Bu provokasiyanın arxasında kimin durmasını birmənalı demək olmaz, amma hədəfin ABŞ olması şübhəsizdir.
Beləliklə, ABŞ regionda sabitlik olmasında maraqlıdır. Bunun nəyin bahasına olması okeanın o tayındakıları bir o qədər də maraqlandırmır.

Qarabağ Avropa müstəvisində
Azərbaycanla demokratiya və insan haqları dilində danışmaq istəyən Avropanın Qarabağ problemində tutduğu mövqedə köklü dəyişiklik yoxdur. Və əslində köhnə qitənin Qarabağ probleminə baxışında köklü dəyişiklik gözləmək yersizdir. Çünki özlüyündə modern olan Avropa ətrafa münasibətdə kifayət qədər mühafizəkardır.

Təsadüfi deyil ki, Azərbaycandan Qarabağla bağlı Avropaya ünvanlanan tələb və çağırışlar demək olar ki, həmişə demokratiya və insan haqlarında mövcud olan problemləri ehtiva edən bəyanatlarla cavablandırılıb.

Bu münasibət bəzilərində köhnə qitənin “xristian klubu” yozumuna inamı daha da möhkəmləndirir. Bəziləri isə Azərbaycanda islahatlar olmadıqca, Avropadan Qarabağla bağlı isti münasibət görə bilməyəcəyimiz qənaətindədir.

Bu il köhnə qitədən gələn xəbərlər arasında ən isti hesab olunanı təbii ki, aprel ayında Avropa Parlamentində qəbul olunan qətnamə ilə bağlı oldu. Amma gec partlayan mina olan bu qətnamənin fəsadını ilin sonunda xarici işlər nazirinin dilindən eşitdik. Nazir müavini Araz Əzimov jurnalistlərlə söhbətində Avropa İttifaqının nümayəndəsinin Qarabağa səfəri barədə bildirib: “Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefortun Dağlıq Qarabağa getməsi haqqında danışarkən biz bunun məqsədini düşünməliyik”.
Yada salaq ki, Azərbaycanda hamının yüksək qiymətləndirdiyi qətnamədə tərəflərə Avropa Birliyinin nümayəndəsinin Dağlıq Qarabağa buraxılması üçün çağırış edilmişdi.
Araz Əzimovun məsələyə münasibətindən aydın olur ki, Avropa Birliyinin məqsədi Azərbaycanın xeyrinə deyil. Daha doğrusu, Avropanın məqsədi Dağlıq Qarabağ ermənilərini hansısa formada beynəlxalq subyektə çevirməkdir.
Beləliklə, Avropa yola saldığımız il Azərbaycanla bağlı öz planını reallaşdırmaq istiqamətində məqsədlərinə doğru addımlarını açıq şəkildə atmağa başladı.

2013-cü ilin proqnozu
Yeni ilin astanasındayıq. Bəs görəsən, bu il bizi Qarabağ istiqamətində hansı yeniliklər gözləyir? Cavab birmənalıdır:
Yaxşı heç nə.
Əslində bu cavabı təkcə 2013-ə yox, 2014-ə, 2015-ə də şamil etmək olar.