9 müavin Abdullayevin nəyinə lazımdır?

9-muavin-abdullayevin-neyine-lazimdir
Oxunma sayı: 9534

Seymur Verdizadə

Dövlət Neft Şirkəti 2010-cu ildə özünün 42 mərtəbəli ofisinin inşasına başlayanda mütəxəssislər Xəzərin Azərbaycan hissəsində olan “qara qızıl”ın yaxın 10 ildə tükənəcəyini proqnozlaşdırırdılar. Ağlı başında olan adamların yazıb-pozmasına, həyəcan təbili çalmasına baxmayaraq, SOCAR rəhbərliyini dəbdəbəli ofis sevdasından daşındırmaq mümkün olmadı. Gələcək nəsillərə çatmalı olan neft pullarının təxminən 2 milyard manatı SOCAR-ın 42 mərtəbəli ofisinin güdazına getdi.

“Qara qızıl” nəinki Azərbaycan xalqını, heç neftçilərin özlərini də “ağ gün”ə çıxarmadı. Neçə illərdi ki, Azərbaycan neftinin faydasını 5-10 oliqarx görür. Korrupsiyanın səviyyəsi o qədər yüksəkdir ki, hətta SOCAR-da idarə rəisinin müavini vəzifəsində çalışan adam belə 20 milyon dollar verib, Türkiyədə özünə 16 villa ala bilir. Xəzərdə tər tökən sadə neftçilərin isə ən azı yarısı isə uzun illərdən bəri yataqxanalarda və kirayə mənzillərdə çürüyür. Bakının Hövsan qəsəbəsində SOCAR-a məxsus olan ərazidən 4 sot torpaq almaq istəyən zavallı neftçi iki il ac-susuz qalmalıdır. Allah-Təala bu haqsızlığı götürmədiyi üçün indi dünya birjalarında neft sudan da ucuz qiymətə satılır.

Qlobal iqtisadi böhranın dünyanın aparıcı dövlətləri ilə yanaşı, Azərbaycana da mənfi göstərdiyini hətta YAP-çılar da inkar etmirlər. Hazırda büdcə təşkilatlarının əksəriyyəti qənaət rejiminə keçib. Dövlət qurumlarının çoxunda ixtisarlar başlayıb. Yaxın vaxtlarda bir neçə nazirliyin, komitə və agentliyin birləşəcəyi gözlənilir. Şəxsən mən bu islahatları ürəkdən bəyənir və dəstəkləyirəm. Nazirlərin, o cümlədən, yüksək vəzifə tutan digər məmurların hesabına illərdən bəri kef edən qohum-qardaş, nəhayət, halal zəhmətlə dolanmağın yollarını öyrənməlidir. Müftə yeməyə vərdiş etmiş bu adamların faydalı əməklə məşğul olmalarının vaxtı çatıb.

Hesab edirəm ki, dövlət qurumlarındakı struktur islahatlarına ilk növbədə SOCAR-dan başlamaq lazımdır. SOCAR-ın 42 mərtəbəli ofisinə hər gün nə qədər adamın girib-çıxdığından xəbəriniz var? Mütəxəssislər hesablayıblar ki, 2018-ci ildə Azərbaycanda neft hasilatı kəskin şəkildə azalacaq. Çox güman ki, 2023-cü ildən sonra Azərbaycan daxili tələbatını ödəmək üçün xaricdən neft almaq məcburiyyətində qalacaq. Neftin qiymətinin sürətlə aşağı düşdüyü, hasilatın azaldığı bir vaxtda eyni işi görən minlərlə adamı dövlət büdcəsi hesabına bəsləməyə nə ehtiyac var? Deyəsən, sabiq deputat Nazim Məmmədov bir müddət əvvəl belə demişdi: “SOCAR-da idarəçilərin sayı neft çıxaranların sayından çoxdur”.

Bu mövzuda araşdırma aparanda məlum oldu ki, hazırda SOCAR-da 9 vitse-prezident fəaliyyət göstərir. Bilmirəm, 9 müavin Rövnəq Abdullayevin nəyinə lazımdır? Amma əsas problem bu deyil. Dərd orasındadır ki, bu 9 vitse-prezidentin hərəsinin də 1 müşaviri var...