ABŞ İstanbulu işğal edərsə...

ABŞ İstanbulu işğal edərsə...
Oxunma sayı: 161

Qan Turalı 

“Bizim ən böyük problemimiz odur ki…” ilə başlayan cümlələri çox eşitmisiniz. 

Parkda nərd oynayan qocalardan tutmuş Topaz kontorlarında oturan işsizlərə, ordan da plazalarda naharı gözləyən ağ yaxalıqlı işçilərə qədər  hamı gündə azı bir dəfə belə bir cümlə qurur. 

Bu ölkəmiqyaslı yarışa mən də acizanə şəkildə öz töhfəmi vermək istəyirəm.

Bizim ən böyük problemimiz problemimizin nə olduğunu bilməməkdir.

Heç bir məsələni aiddiyyatı üzrə müzakirə etmirik.

Misal üçün, son günlərdə hamı universitetlərdəki təhsil haqqlarının çoxluğundan şikayət edir. 

Bəziləri çarə kimi messenatların yardım etməli olduğunu deyir. 

Həmişəki kimi əsas sual yenə verilmir.

Dövlət universiteti axı nəyə görə pullu olmalıdır?

Məgər dövlət təhsilə qazanc yeri kimi baxır?

Yüz illiyini qeyd etməyə hazırlaşdığımız Bakı Dövlət Universiteti 70 ildən artıq pulsuz təhsil vermirdimi?

Bir çox dünya ölkələrində dövlət universiteti ya ümumiyyətlə pulsuzdur, ya da simvolik məbləğdədir.

Bizim ən böyük problemimiz də budur: Məsələnin kökünü axtarmamaq, ona dərin yanaşa bilməmək, mahiyyət yerinə təzahürlərlə əlləşmək…

“Görək nə olur…” ifadəsi bizim həyata baxışımızı çox dəqiq ifadə edir. 
İndi bir hadisəni danışmaq istəyirəm. 

Brüsseldə NATO qərargahında istefada olan amerikalı bir zabitin seminarıdır. 

NATO üzvü olan müxtəlif ölkələrin də yüksək rütbəli zabitləri seminarı dinləyirlər.

Aralarında bir türk polkovnik də var.

Nahar fasiləsində məruzəçi amerikalı general türk zabitə türk dilində müraciət edir.

Məlum olur ki, amerikalı general türk dilini çox yüksək səviyyədə bilir.

Söhbət uzandıqca generalın İstanbulu küçə-küçə tanıdığı məlum olur.

Türk zabit buna əlbəttə ki, çox təəccüblənir.

Çünki heç özü də İstanbulu bu qədər yaxşı tanımır.

Sonradan məlum olur ki, general Amerika Ordu Qərargahının Türkiyəni işğal planı çərçivəsində bütün bunları öyrənib.

Bir gün ABŞ Türkiyəni işğal etsə Türk ordusu da qaydalara uyğun şəkildə İstanbuldakı bütün küçə, meydan, prospekt löhvələrini bir-biri ilə dəyişdirəcək.

Misal üçün, Bağdad prospektinin adı İstiklal prospekti olacaq. 

İstiklal prospekti isə Nisbətiyə prospekti olacaq.

Beşiktaş Meydanının löhvəsi götürülüb yerinə Taksim meydanı qoyulacaq, Taksimə isə Eminönü meydanı. 

Bu işğal zamanı ordunun eləməli olduğu prosedurlardan biridir.

Məqsəd də şəhərə yad olan ordunun əlindəki xəritə ilə küçələrdəki löhvələrin bir-birinə uyğun gəlməməsidir.

Düşmən ordunu bu vəziyyətdə əsl xaos gözləyir.

Generalın işi isə dəyişdirilmiş adları yenidən qaydaya salmaqdır. 

O buna görə də İstanbulu küçə-küçə tanıyır, cəmi bir neçə saat ərzində o bütün küçələrə əsl adları olan löhvələri asacaq.

Bir məqama da fikir verin.

Türkiyə ABŞ kimi NATO üzvüdür.

Onlar uzun illərdir ki, hərbi müttəfiqlərdir.

Amerikanın Türkiyəni işğal etməsi nəinki gözlənilir, hətta ağla belə gəlmir.

Ən dəhşətli ssenaridə, hətta Hollivud filmlərində belə bu mövzu yoxdur, olmayıb. 

Amma bununla belə Amerika Türkiyəni işğal etdikdə nə edəcəyini çox dəqiq bilir.

Dediyim kimi, mükəmməl şəkildə türkcə bilən və İstanbulu gözübağlı tanıyan bir generalı belə var.

Və əlbəttə bu işğal üçün yüzlərlə başqa tədbir alıb.

Amerika buna görə də dünyanın bir nömrəli dövlətidir.

Məsələni masonlarla izah eləməyə ehtiyac yoxdur.

Həqiqətlər ortadadır. 

Böyük dövlətlərin nəinki B, hətta X, Y, Z planları da mövcuddur.

Biz isə keçən il pambıq əkdik, bu il isə turizmi inkişaf etdiririk. 
Gələn ilə də Allah kərimdir. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi