Alimlərimizin icad etdiyi xiyar

alimlerimizin-icad-etdiyi-xiyar
Oxunma sayı: 4127

Raminə Eyvazqızı

Bu yaxında alimlərimizin iştirakı ilə maraqlı konfransda idim. Ermənilərin tarixi saxtakarlıqları, Azərbaycanı işğal planlarının mənbələrini elə yaxşı tədqiq edən zəngin məruzələrə qulaq asdım ki... Ermənilər təkcə 80-ci illərə qədər 26 min elmi əsər yazıblar ki, saxta əsərlərdə də Azərbaycan əleyhinə, milli tariximizə, mətbəximizə , mədəniyyətimizə aid olan hər şeyi öz adlarına çıxarıblar.  Həmin zamanlarda bizimkilər xalqlar dostluğu sağlığı deyib ermənilərlə “rumka” toqquşdururmuşlar. Alimlərimizi içirdib əsərlərini kopyalayırmışlar. Biz çoxdanın yatmışlarındayıq və yuxunu elə sevirik ki...

Konfransdakı alimlərin çoxu 70 yaşını keçmiş, qalaq-qalaq kitab və əsərləri olan müəlliflər idi. Təəssüfləndirici məqam odur ki, həyatlarının çoxunu tədqiqata həsr edən bəzi alimlərin adını ilk dəfə eşidirdim, adını eşitdiklərindən bir neçəsini də birinci dəfə görürdüm. Və bu konfrans ölkədaxili konfrans idi, özümüz deyib, özümüz eşidən qəbildən. Düzü, elm adamının çoxu şəkərli diabet, təzyiq xəstəsi olduğundan yaxınlaşıb əsəblərinə toxunacağımdan da qorxdum. Soruşacaqdım ki, ay müəllim, siz axı niyə gizlənmisiz, özünüz internet imkanlarından istifadə edə bilməsəniz də, əsərlərinizi həyatda imişkən təkid edin ətrafdakılar yaysın, gün üzünə çıxarsın da. Erməni saxtakarlığının üzə çıxması üçün tv kanallardan normal efir vaxtı gözləməyimizdən keçib. İnanın, həmin alimlər danışmaq üçün mikrofon, adam axtarır. Çoxunun da kitabı, elmi əsərləri tək azərbaycancada çap olunub, yenə də bizi düşünüblər. O bizləri ki, işğalda olan torpaqların yarısını danışanda unudur, təzə erməni nazirin saqqalını, boyunu müzakirəyə qoyurlar.

Bilirəm, çoxunuzu yandırır. İki gün qabaq Şuşanın işğal günündə yenə də gözüsuluların əlindən ağlamaqdan başqa heç nə gəlmədi. Barı erməni və ya qondarma Qarabağ rejiminin saxta bayraqlarından da yandıra bilmədik. Dünən İran deputatları ABŞ bayraqlarını yandıranda  elə cəsur, əsəbi görünürdülər ki. Nə olsun.

Alimlərimzin səsi təkcə 9 mayda hər il söylədiyi müharibə hekayələrindən başqa bir şey olmadı. Qarabağ müharibəsini görməsələr də, erməni cəlladlarının saxtakarlığından danışmağı siyasətə girmək kimi düşünürlər. 

Bu gün alimlərimizin yeni xiyar sortu icad etdiyi xəbəri yayıldı. Özü də Zoologiya İnstitutunun almlərinin hünəridir bu. Əslində zooloqlar bitki yox, heyvan məsələləri ilə məşğul olmalı idilər. Eybi yox, bizə bu da kafidir. Onsuz da ölkədə insanların yarıdan çoxu öz işi ilə məşğul olmur. “Təzə xiyar sortu” xəbərində maraqlı məqam, əmələ gələn məhsulun elə institut əmkdaşları arasında bölünməsi idi. Zəif xəbərçilikdə biri durub soruşmadı ki, bu xiyarın o biri xiyarlardan üstünlüyü nədir. İndi bu icadla dünya miqyasına çıxmağı planlaşdırırlar? İki il əvvəl də ermənilər yeni xiyar sortu yaratmışdılar. Adını da qoymuşdular “sarkisyan”. İndi bizim alımlər hər məsələni kənara qoyub yeni sortun müəlliflik  hüququnu qorumalıdırlar. Erməniyə nə var ki. Bir də gördün, bizim xiyar sortumuzu oğurlayıb adını “paşinyan” qoydular. Diqqət edək!