“Ata uşağa öyrədir ki, anası pis yoldadır...”

“Ata uşağa öyrədir ki, anası pis yoldadır...”
Oxunma sayı: 4371

Vəkillər Kollegiyasının üzvü Xəyal Bəşirovun “Qafqazinfo”ya müsahibəsi

- Azərbaycanda vəkillərin fəaliyyətini necə qiymətləndirirsiz? Hansı problemlərlə rastlaşmısınız? 

- Azərbaycanda vəkillərin fəaliyyəti üçün istənilən şərait yoxdur. Bunun hardasa obyektiv səbəbləri var.  1990-ci illərin ortalarından ölkədə hüquqi islahatlar başlayıb. Dövlət hesabına hüquqi xidmət göstərən vəkillər saat hesabı 2 manat pul alırlar. Bilirsiniz ki, cinayət işlərində hakim, prokuror, bir də vəkil iştirak edir.  Dövlət ittihamçısı ilə  müdafiəçinin aylıq məvacibini hesablasaq, ortaya gülünc bir rəqəm çıxacaq. Vəkil 200 saat işləyib nəticədə 400 manat pul almalıdır. Dövlət hesabına çıxdığımız işlərin pulu rayon icra  hakimiyyətləri tərəfindən bizə ödənilir. Çox vaxt o dediyimiz 2 manatı da vaxtında ödəmirlər. Aylarla gecikir. Bundan əlavə, nümayəndəlik institutu ilə bağlı insanlar vəkilə inanmırlar. 

- İnamsızlıq məsələsi təkcə nümayəndələrlə bağlıdırmı? Çünki bəzən müvəkkillər deyirlər ki, vəkili qarşı tərəfə işləyib...

- Mən bu fikirlə tam razı deyiləm. Biz digər tərəflə məhkəmədə qarşı-qarşıyayıq. Məhkəmədə  tərəflərdən biri udsa da, digəri uduzmalıdır. Bu o deməkdir ki, hansı tərəf uduzubsa mütləq o başqasına satılıb? Elə neqativ hallar var. Heç bir cəmiyyət belə hallardan sığortalanmayıb.  Belə vəkillərimiz, hüquq-mühafizə orqanları işçilərimiz də var. Ədalətsiz hərəkət  edirlər. Bunun da səbəbi hazırki vəziyyətdə olan nümayəndəlik institutudur. Çünki onların heç bir məsuliyyəti yoxdur. 

- Belə başa düşdüm ki, siz bir çoxlarından fərqli olaraq nümayəndəlik institutunun ləğv edilməsinin tərədarısınız...

- Bəli.  Mənim insanlar qarşısında peşə məsuliyyətim var. Vətəndaşla bağladığım müqavilə rəsmiyyətə alınır. Aldığımız qonorar orada qeyd olunur. Əgər mənim səhvim üzündən müvəkkilimin hüquqları pozularsa , sığorta hesabımdan həmin şəxsə dəymiş zərər ödənilir. Yəni maddi məsuliyyət var. Yaxud mənim hansısa səhvim olarsa, vətəndaş kollegiyaya hərəkətlərimdən şikayət edə bilir. İntizam Komissiyası pozuntu aşkar edərsə vəkil cəzalandırılır. 

Amma nümayəndə heç bir məsuliyyət daşımır. Bizdə əksər hallarda nümayəndələr özlərini vəkil kimi qələmə verirlər.  Vətəndaş da  elə bilir ki,  həmin şəxs vəkildir. Çünki onların vəkildən də yaxşı ofisləri var. 

- Nümayəndələr vəkillərə başqa nə kimi çətinliklər yaradır? 

- Belə nümayəndəlik institutunun mövcud olacağı müddət ərzində vəkillik inkişaf etməyəcək. Konstitusiyasın  61-ci maddəsinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ var. Yəni, cinayət, mülki, inzibati və. s iş olmasından asılı olmayaraq hər kəs lazımi qaydada hüquqi yardım almaq hüququna malikdir. Ümumiyyətlə ali təhsili olmayan, hüquqdan tam xəbərsiz olan bir şəxsin nümayəndəlik edərək ayrı-ayrı şəxsləri təmsil etməsi, onlara hüquqi xidmət göstərməsi nə dərəcədə düzgündür? Bu insanların konstitusion hüquqlarının birbaşa pozulması demək deyilmi? Daha sonra bir sıra məhkəmələrin hakimləri, digər işçiləri və hüquq-mühafizə orqanlarının istintaq və təhqiqat aparan səlahiyyətli şəxsləri müəyyən maraqları naminə insanları ayrı-ayrı nümayəndələrə yönəldirlər. Bu da gələcəkdə həmin işlə bağlı qeyri-şəffaf nəticələrə gətirib çıxarır.

- Parlamentdə bilirsiniz ki, nümayəndəlik institutunun ləğvi ilə bağlı qanun layihəsinin müzakirəsi təxirə salındı. Hazırda nümayəndə kimi işlərə çıxan vəkillər də bunu etirazlarının nəticəsi kimi qiymətləndirdilər. Təxirə salınma səbəblərindən  biri də odur ki, vəkillərin sayı azdır. Say azlığı olduğu halda, ləğvin lehinə çıxış etmək nə dərəcədə düzgündür? 

- Kəmiyyət heç vaxt keyfiyyəti əvəz edə bilməz. Ümumilikdə ölkədə 1000-ə yaxın vəkil var. Bunun da böyük əksəriyyəti Bakı şəhərindədir.  Artıq vəkillərə müraciət etmə hallarının da sayı artıb. Bizə regionlardan da  artıq insanlar müraciət edirlər. 

Vəkillərin sayının az olması problemi neçə illərdir ki,  ölkədə davam edir. Nümayəndəlik institutunun olduğu müddətdə bu problem aradan qalxıbmı? Nümayəndələrin çoxu sosial şəbəkədə bu dəyişikliyə qarşı çıxış etdilər. Bir çoxları dedilər ki, böyük bir kütlə işsiz qalacaq. Bu ədalət mühakiməsində hüquqi  yardımla bağlı axsaqlıq yaradacaq. Hər hansı nümayəndənin işləməsi onlarla, yüzlərlə insanın hüququnun pozulmasına gətirib  çıxaracaq.  Elə nümayəndə var ki, dəfələrlə həbs olunub. Bu adam başqalarının hüquqlarını necə qoruya bilər? Nümayəndə tanıyıram ki, dələduzluğa  görə dəfələrlə həbs olunub. Bu o  demək deyil ki, vəkillərin də hamısı idealdır. Onların içərisində də insanları aldadanlar var. Azərbaycanda hüquqi xidmət sahəsində “qara  bazarı” nümayəndəlik institutu idarə edir. 

Məndə olan məlumata görə, qanunda müəyyən çatışmazlıqlar var. Qohumların nümayəndə olması məsələsinə müəyyən düzəlişlər edilməlidir. Milli Məclisin oktyabrın 31-də keçiriləcək plenar iclasında yenidən məsələ müzakirəyə çıxarılacaq. 

- Azərbaycanda bir neçə tanınmış vəkil var ki, onlar Vəkillər Kollegiyasının üzvlüyündən çıxarılıb. Onlar bu qərarı haqsız hesab edərək Avropa Məhkəməsinə də müraciət ediblər. Daha çox siyasi baxışlarına görə kollegiyadan azad olunduqlarını bildiriblər.  Sabah siz də hər hansı oxşar situasiya ilə qarşılaşıb Kollegiyadan çıxarılıb işsiz qalsanız, vəziyyətiniz necə olacaq? 

- Bizdə hələ ki, Vəkillər Kollegiyasına  alternativ yoxdur. Məsələn, hər hansı hüquq-mühafizə orqanının əməkdaşı öz işində nöqsanlara yol verir və işdən azad olunur. Ümumiyyətlə orqandan xaric olunur. İndi bu o deməkdir ki, həmin şəxs orqandan azad edilirsə, cəmiyyətdə böyük  bir dəyişikliklər aparılmalıdır? Vəkillər Kollegiyası qeyri-dövlət orqanıdır.  Kiminsə  vəkillikdən çıxarılması məhkəmə qərarı əsasında olur. Məhkəmədə tərəf kimi Vəkillər Kollegiyası və həmin şəxslər iştirak edir. Məhkəmə əsaslar varsa həmin şəxsi vəkillikdən uzaqlaşdırır. Onlar  hansısa səbəblərə görə işdən çıxarılırsa, bu onların peşəkar olmaması demək deyil.

- Söhbət hansı nöqsanlardan gedir?  Avropa Məhkəməsi bir çox hallarda   qərarların əleyhinə qərar  çıxarır və həmin şəxslər yenidən kollegiyaya üzv kimi qəbul ola bilirlər...

- Məsələn, nöqsanlardan biri də dələduzluq edilməsi faktıdır. Məhkəməyə qarşı səhvə  yol verilə bilər. Yaxud müdafiə edilən müvəkkilin hüquqları pozula bilər. 

- Məvaciblərinizdən narazı olduğunu vurğuladınız. Bu peşə bizdə elə də böyük statusa malik deyil...

- Bizdə  vəkillərin aldığı  məvaciblər digər ölkələrdəki məvaciblər kimi çox deyil. Elə  qonşu Türkiyə ilə müqayisə etsək görərik  ki, orada   vəkillər həddindən artıq böyük məbləğlər alırlar.

- Çünki Türkiyədə  vəkillik peşəsi ən prestijli peşələrdən biridir.  Onlar cəmiyyətdə xüsusi hörmətə malikdirlər...

- Bəli, onların cəmiyyətdə böyük bir statusu var. Bizdə də o mərtəbəyə çatmaq üçün islahatlar getməlidir. Bunun üçün atılacaq ilk addımlardan biri də nümayəndəlik institutunun ləğv olunması ilə bağlıdır. Bizdə elə nümayəndələr  var ki, bəlkə də çox az vəkillər onlar qədər peşəkardırlar. Amma onların heç birinin  Vəkillər Kollegiyasına üzv olmağa marağı yoxdur.  Həmin adamın müştəriləri çoxdur. Hətta elə bilirsən ki, Kollegiyanın üzvləridirlər.  Sual verəndə ki ,Kollegiyaya niyə üzv olmaq istəmirsiniz, deyir ki, bu mənə lazım deyil. Əgər institut ləğv olunsa onlar çalışacaqlar ki, kollegiyaya üzv olub fəaliyyətini davam etdirsinlər. Bu da vəkillik institutunun inkişafına səbəb olacaq. 

- Bir müddətdir ki, Vəkillər Kollegiyasının sədri postu boş qalıb. Seçkilər nə vaxt olacaq?

- Qanuna görə Vəkillər Kollegiyasının sədrini vəkillərin ümumi yığıncağı seçir. Bilirsiniz ki,1000-ə yaxın vəkil var. Bu yığıncağın keçirilməsi bir günə başa gələcək məsələ deyil. Yığıncaqda həll olunacaq məsələlər müəyyənləşdirilməlidir. Bizdə də gözlənilir ki, dekabr ayında yığıncaq olacaq. Hazırda sədri müavin əvəz edir. Konfransda hər 10 vəkilə bir nümayəndə iştirak edəcək. Həmin nümayəndə 10 nəfərin səsini təmsil edəcək. Hələ namizədliyini irəli sürən şəxslər də yoxdur. 

- Yuxarda qeyd etdiniz ki, Kollegiyanın  özündə də işini düzgün yerinə yetirən, həm də yetirməyən vəkilllər var. Bəs, məsələ necə həll olunmalıdır ki, gələcəkdə bu qurumun nüfuzu artsın?

- 2005- ci ildən başlayaraq Vəkillər Kollegiyasına üzvlük ixtisas komissiyası tərəfindən həyata  keçirilir. Test və  müsahibə keçirilir. Son dövrlər Ədliyyə Akademiyasında kurs keçmək də şərtlərə əlavə olunub. Amma 2005- ci ilə qədər qəbul olunanlar qeyd edilən imtahan prosesini keçmədən kollegiyaya üzv qəbul ediliblər. Mənim fikrimcə üzvlər yenidən attestasiyadan keçirilməlidir. Bu zaman onların bilikləri təzələnəcək. Çünki hüquq sahəsində qanunvericiliyə tez-tez dəyişiklik edilir.  Normalara cavab verməyənlər  barəsində tədbir görülsün. Mənim biliyim təkcə mənə lazım deyil, mən biliyimlə kimlərinsə hüquqlarını qoruyuram. Belə fikirləşirəm ki, yoxlama olsa imtahandan əvvəl qəbul olunanlar çoxları tələblərə cavab verməyəcək. 

- Siz daha çox mülki işlərə, eyni zamanda  cinayət işlərinə çıxırsınız. Mülki işlərdə yəqin ki daha çox tikinti şirkətlərinin dələduzluğu ilə bağlı sizə müraciət edirlər...

- Bizdə MTK-ların fəaliyyəti ilə bağlı böyük bir xəstəlik var. 100 mənzili olan binada təsəvvür edin ki, 780 nəfər zərərçəkmiş  şəxs var.  1 mənzili 7-8 nəfərə satıblar. “Real “, Esteis”, “ Xəmsə” kimi MTK-lar var.  Bu 7-8 mənzili vətəndaşa “Real “ MTK satıb. Rəhbəri İlham Qasımov da hazırda həbsdədir.   Binaya lift quraşdırmırlar. Vətəndaş da 10-cu mərtəbədən mənzil alıb. Çıxıb düşə bilmir. Halbuki o mənzil hazırda kimlərsə tərəfindən təmir olunur. Mənzillərin qapısı nömrələnməyib. Heç kim bilmir ki, bu hansı mənzildir. Tez-tez  mühasibləri dəyişirlər. 

Hesab edirəm ki, MTK ilə alqı-satqı aparılması qanunvericiliklə düzgün deyil. Əgər vətəndaşla bağlanan müqavilələr hər hansı mərkəzi sistemdə  qeydə alınsa artıq bu dələduzluğun qarşısı xeyli alınacaq. Əsas mərkəzi sistemin yaradılmasıdır. Bu yaxınlarda 5 nəfər zərərçəkmiş “İdeal-V” MTK ilə bağlı mənə müraciət etdi. “İdeal- V” MTK ümumilikdə  vətəndaşlara 3 milyon məbləğində ziyan vurub. Həmin 5 nəfərə isə 800 min məbləğində ziyan vurulub.  Şirkətin sahibi də İsa Məmmədovdur. 

Boşanmalarla bağlı çoxlu müraciətlər edilir. Bizdə boşanma mədəniyyəti də yoxdur. Boşanmaq qərarı veriləndə artıq tərəflər qan düşməninə çevrilirlər. Bir- birlərini müxtəlif iyrənc məsələlərdə ittiham edirlər. Ata uşağa öyrədir ki, anası pis yoldadır. Ana deyir ki, ata narkomandır. 

Bu yaxınlarda  maşın nömrəsində hərf məsələsinə görə boşanma ilə bağlı xəbəri  yəqin ki oxudunuz...

- Oxuduq və məhz bu məsələyə görə boşanma faktı bizi xeyli təəccübləndirdi. Düzünü desəm, inanmağım da gəlmədi...

- Həmin hadisə Bakıda olub. Xanımla bəy 5 il idi ki evləniblər. İpoteka ilə ev götürüblər. Sonra da maşın almağa qərar veriblər. Qərara gəliblər ki, maşının seriya nömrəsinin hərfləri onların adının baş hərfi olsun. Oğlan deyirdi ki, nömrə alan zaman yoldaşının baş hərfinin seriyası yox idi. Ancaq öz adının baş  hərfi qalıbmış. Ona görə də öz baş hərfini və əlavə hərfi  seçib. Yoldaşı da deyib ki, o baş hərfi olan digər şəxs kimdir? Qız şübhələnib ki, ərinin başqa qadınla münasibəti var. Oğlan da and-aman edir ki, yoldaşının baş hərfinin seriyası satılmışdı. Qadın da deyir ki, əgər yox idisə öz adının baş hərfini də almazdın, tamam  başqa hərfləri alardın. 

Qeyd edim ki, cütlüklər M hərfinin gəlməsini gözləyirlərmiş. Digər baş hərf də G olasıymış. G qurtardığına görə, bu da N hərfini alıb.  Oğlan M hərfindən fərqli də seriya ala bilmirmiş. Çünki bu dəqiqə M seriyasıdır, o qurtarmalıdır ki başqa seriya açılsın. Hətta az yaşlı uşaqları da var idi. Oğlan nömrəni qaytaracağını da dedi, amma qız boşanmaqdan  imtina etmədi.

Mən qıza imtina etməsi üçün təkid etdim. O isə məndən ona təsir etdiyim üçün imtina etdi. Valideynləri də qızı dəstəkləyirdilər. Onlar da hesab edirdilər ki oğlanın kiminləsə əlaqələri var. Bu ailəyə çox cılız bir şey kimi baxmaqdır. Təəssüf doğuran məsələdir. 

Daha sonra bir kişi yoldaşını feysbukda başqalarının statusunu layk etdiyinə görə boşayıb.  Qız mənə müraciət etmişdi. Oğlan da deyirdi ki,  yoldaşı ayrı-ayrı kişilərin komentlərini layk edir. Qız da deyirdi ki, feysbuk səhifəsi açanda yoldaşından icazə alıb.  Sadəcə tanımadıqları adamların fikirləri xoşuna gəldiyi üçün bəyənib. 

Elə qadın var ki, 10 ildən sonra boşanır. Amma 10 il bundan əvvəl gətirdiyi qaşığa, dəsmala  qədər hamısını boşanan zaman tələb edir. Kişi də deyir ki, bunlar hamısı işlənib, bir yerdə işlədilib. İndi  onları necə qaytarım? 

Yaxud evlənmədən qabaq nikah müqaviləsi bağlanılır. Astaradan bir xanım müraciət etmişdi. 12 vərəqli dəftərin hamısına aparacağı  cehizlərin, dəsmaldan, çəngəldən, qaşıqdan, paltardan, ətirdən tutmuş  adını qeyd etmişdi. Siyahını notarial qaydada  təsdiq etdirmək istəyirdi. Deyirəm ki, xanım  ətirdən özününüz istifadə edəcəksiniz də. Deyir ki, istəmirsinizsə, gedim başqa vəkil tutum. 

 Günel Türksoy 

Foto: Nuran Məmmədov


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi