“Azərbaycanda islam yoxdur ki, potensialı da olsun” - - Müsahibə

azerbaycanda-islam-yoxdur-ki-potensiali-da-olsun-
Oxunma sayı: 4208



Millət vəkili Fazil Mustafanın “Qafqazinfo”ya müsahibəsi:



- Fazil bəy son günlər dini qalmaqallarla bağlı gündəmdəsiniz...

- Mən din üzrə mütəxəssis deyiləm. Sadəcə öz ibadəti ilə məşğul olan, dini dəyərlərə sayğı göstərən və bu sahəni özünə görə araşdıran insanlardan biriyəm. Bəzən cəmiyyətdə haqqımızda elə spekulyasiyalar gedir ki, sanki biz başqa inancda olanların hansısa fikirlərinə qarşı sərt mövqe sərgiləyirik. Mən sadəcə öz səhifəmdə ictimai-siyasi həyatın bütün sahələrinə aid, o cümlədən İslamla bağlı mövqeyimi açıqlayıram. Bu dini necə görürəm, bu dində nə var, nə yoxdur kimi fikirlərimi paylaşıram. Bu mənim hüququmdur. Başqa insanların görüşlərinə də sayğılıyam. Amma mənim açıqladığım fikirlər başqa insanların fikirləri ilə üstə-üstə düşmürsə, dərhal əsassız ittihamlar səsləndirməyə başlayırlar. Bu ittihamlar da səslənəndə haqsız olduğuna görə cavab verməli oluruq. Bu zaman da ara qarışır. Heç bir mahiyyəti anlamadan ancaq bir sürü psixologiyasına uyğun olaraq insanı öz fikrini deməkdən çəkindirməyə çalışırlar. Elə bilirlər ki, bunu hamıya qəbul etdirmək olar. Amma adamların xarakterlərini tanımadıqlarına görə bilmirlər ki, biz təkcə dini qaragüruha yox, xalq hərəkatındakı, cəmiyyətdə olan qaragüruha qarşı durmağa gücü çatan insanlardanıq. Hansı iş ki, xalqımızın faydasınadır, mən o işdə çəkinmədən mövqeyimi ifadə edəcəyəm. Çünki bizim ən böyük faciələrimzidən biri odur ki, biz xalqın faydasına aid olan məsələləri bəzən susub yola verərək bu günə gəlib çıxmışıq. Azərbaycan insanın borcudur ki, doğru düşünən, mühakiməsi sağlam olan bəlli bir insan kütləsinin formalaşmasına yardımçı olsun. Mənim istəyim budur. Yoxsa kiminsə dini görüşlərinə qarışmaq niyyətində və marağında deyiləm. Hətta öz ibadətimi də, dinlə bağlı görüşlərimi də çox qabartmaqdan xoşlanmayan biriyəm. Bu mənim şəxsimə aid məsələdir. Amma bir ictimai-siyasi persona kimi borcumuzdur ki, xalqımıza yeridilən, sırınan cəhalətin qabağımda öz sözümüzü deyək.

- Qeyd edirsiniz ki, xalqa cəhalət təbliğ olunur. Çox vaxt sizin din mövzusunda bəzi insanlarla aranızda qalmaqal yaranır. Məsələn, Hacı İlqar İbrahimoğlu. Siz düşünürsüz ki, Hacı İlqar cəhaləti təbliğ edir və siz ona qarşı mübarizə aparmalısınız? 

- Söhbət tək bir adamdan getmir. Burada söhbət bir şəbəkədən, dünyagörüşünün daşıyıcılarından gedir. Məsələn, məndən soruşurlar ki, İslam nədir. Onu izah edirəm. Sonra soruşurlar ki, bu zəncirvurma, ələmuçurtma islamda varmı? Yox deyirəm və peyğəmbərin həyatını, islamın mahiyyətini izah edirəm. İslamda Alalh sevgisindən yuxarı heç bir sevgi ola bilməz. İnsan qayıdır ki, sən mənim görüşlərimə qarşı çıxırsan, məndə Əhli Beyt sevgisi daha artıqdır. Olsun, bizdə də Əhli Beyt sevgisi var, ümumiyyətlə özünü müsəlman hesab edən kimdə bu olmaya bilər ki? Amma Allah sevgisindən uca heç bir sevgi yoxdur axı. Bu İslamın mahiyyəti ilə bağlı məsələ deyil ki, qardaşım. İslamın iman əsasları var. O əsasların konkret olaraq insanlardan tələbi var. Bəzi məzhəb görüşlü insanların özləri üçün əqidə seçdiyi məsələlər var. Olsun. Bunu öz çevrəndə təbliğ elə. Amma o şey ki, İslam adıyla cəhalətə varır, biz izah edirik ki, bu olmaz. Bunun da bir səbəbi var. Gənclik yaşlarımda İslama münasibətim çox mənfi olub. Səbəbi isə çevrəmdə görmüşəm ki, böyük insanların əksəriyyəti ilin 360 günü avaraçılıqla, yaramazlıqla məşğul olurlar, sadəcə iki gün hamıdan çox zəncir vuraraq, başını yaralayaraq, ağlayaraq göstərməyə çalışırlar ki, bunlar imam yolunda ən sədaqətli insanlardır. Halbuki bizim islam haqqındakı təsəvvürlərimizdəki mərsiyələr, insanların ancaq ağlamağa yönəlməsi, kiməsə lənət oxuması, kimisə mühakimə etməsi insanda fikir yaradır ki, bu dinin məqsədi yalnız kiməsə nifrət etmək, kimisə sevməkdən ibarətdir. Sonra isə Quranı-Kərimi, dini-fəlsəfi əsərləri oxuduqdan sonra öyrəndik ki, Hz. Peyğəmbərin həyatında bunlar yoxdur. Əgər bunlar örnək davranışlardısa, Hz. Peyğəmbərin həyatında olardı. Bu yoxdusa, insanlara İslamı çirkin görüntü ilə verməyin nə mənası var ? Mənim dediyimin şəhid Seyid Əzim Şirvaninin dediyindən nə fərqi var? Mən ki, Sabirdən, Mirzə Cəlildən çox-çox yumşaq deyirəm. Axı bu yüz il qabağın da problemi idi. Yüz il bundan qabaq texnologiya zəif idi, tərcümələr az idi, savadsızlıq idi. Bəs XXI əsrdə bu qədər savadsız insan kütləsi ortaya çıxıb özü oxuyaraq islamı dərk edə bilmirsə, bizim vicdan borcumuzdur ki, deyək ki, bu siz deyən kimi deyil. İslamda kin-küdürət, insana düşmənçilik, nifrət, başqasına lənət oxuma, zincir vurma, baş yarma yoxdur. Ona görə də bu məsələdə hətta bu gün Azərbaycan şiələrinin lideri olan, formal da olsa qəbul etdikləri Allahşükür Paşazadənin mövqeyini mən dəstəkləyirəm. Onun mövqeyi daha sağlam mövqedir. Qan verir, çox normal hadisədir. İnsanlara göstərir ki, mahiyyətə varın. Amma bu insanlar hətta öz sferasında olan adamların davranışını da nümunə olaraq götürmürlər. Çünki burada başqa məqsədlər, başqa ölkənin təbliğatı var. Ona görə də bir qrup adam guya ziyalı görüntüsündə çıxıb insanlara moizə oxuyurlar. Kritik an gələndə isə artıq utanmadan cəhaləti müdafiə etməli olurlar. Çünki cəhalət onların mövcudluğu, yaşama əsaslarıdır.

- Bir qrup ölkənin maraqlarını ifadə edir deyərkən İranı nəzərdə tutursunuz? 

- Tək İranı yox, Səudiyyə Ərəbistandan da, Türkiyədən də gələn, İslamı qorxu dini kimi təqdim etməyə çalışan bütün cərəyanlara qarşı da bunu deyirəm. Ötən günlərdə bir status paylaşmışam: “Ağam Azərbaycan, Anam Azərbaycan” Mən prinsip olaraq bir Azərbaycan vətəndaşının başqa bir ölkənin liderinə ağam Xameneyi deməsini Azərbaycan xalqına qarşı sayğısızlıq kimi qəbul edirəm. Eyni zamanda ağam Obama, Putin, anam Merkel deməyi də o cür qiymətləndirirəm. Demək istədiyim odur ki, sən Azərbaycan vətəndaşısansa, hakimiyyətdən narazı ola bilərsən, ölkə kimi yaşamaqdan sıxıntı da çəkə bilərsən, amma bütün hallarda bu sənə mənəvi haqq vermir ki, ağanı başqa ölkənin liderində axtarasan. Həm də o ölkənin ki, məsələn Putində axtarırsansa, o Ermənistana dəstək verir, İran ana-bacını təhqir edən Ermənistana dəstək verir. Sən bunun izahını mənə verə bilərsənmi? Sən yalandan izi itirmək üçün bunu məzhəb davası kimi yozursan. Sənin məzhəbinə kim nə deyir ki? Mənim üçün bütün inanc daşıyıcıları doğru-yanlış bir kültür daşıyıcılarıdır. Türkiyədə də cəfərilər, ələvilər, xristianlar, yəhudilər istədikləri şəkildə öz ibadətlərini yerinə yetirirlər. Buna kim qarışa bilər ki? Bu ən azı demokratiyaya zidd bir yanaşma olardı.

- Son illər bu tip qalmaqallar sosial şəbəkələrdə daha çox baş tutur. Siz də bu şəbəkədə aktiv siyasətçisiniz. Qalmaqal yaşadığınız insanlarla facebookdan kənar görüşüb müzakirələr aparırsınızmı?

- Əlbəttə, facebookdan kənar müzakirələrimiz olur. Mən mütərəqqi hansı ideyalar, insanlar olursa olsun, cəmiyyətin bu günki tarixinə, din şüuruna uyğun gəlməyən tezislər olsun, doğruluğuna əmin oldumsa, mütləq onu müdafiə etməyi özümə borc bilirəm. Çünki Azərbaycan xalqının faciələrinin, Qarabağ savaşında uduzmağının səbəblərini vaxtında bu doğruları təyin edə bilməməyimizdə görürük. Və bu gedişat bizi heç bir qələbəyə aparmır, biz bu məsələləri çözməsək ancaq məğlubiyyətə indeksli bir xalq olaraq qalacağıq. Mühakimə tərzimizi dəyişməsək, cəmiyyət yenə də geriləməyə doğru gedəcək. Bu gün də savadsızlıq ucbatından Azərbaycanın bir hissəsi İslam kimi gözəl bir əxlaq dinini biabırçı vasitəyə çevirib. İslamdan anlayışı olmayan kənardan bu dini görəndə mütləq qorxmalıdır. Kim ki, islamı qorxu dini kimi qəbul edirsə, bu bilərəkdən Azərbaycan cəmiyyətinə zərbə vurmaqdır. Azərbaycan cəmiyyətin cəhalət təbliğ olunub. Bəziləri deyir ki, bu babaları dinidir, onu bu şəkildə davam etdirmək lazımdır. Babaların dini elə bir qürur məsələsiydisə, o zaman Hz.Peyğəmbər elə özü bunu davam etdirərdi də.

- Facebookda bir qeydinizi oxudum. Orada əks düşünən birinə qarşı gerizəkalı deyə səslənirsiniz. Bu sizin dözümsüzlüyünüzdən irəli gəlir? 

- Quran-i Kərimdə Əl-Kafirun surəsində bir ayə var: Sizin dininiz sizə, mənim dinim də mənədir. Elə insanlar var ki, ona nəyisə anlatmaq mümkünsüz hala gəlir. "Necə qanmayım ki, dədən yansın" ifadəsində olduğu kimi. Adam mətni oxumur, onu müzakirə etmir, beynində qurulub ki, sən nə dedinsə, doğru deyə bilməzsən. Bir də səni xəyallarında qurduqları bir qəlibə salıb təhqir edirlər. Mən bunu o adamlara yazıram ki, onlar təhqirlə məşğuldurlar. Xarici ölkələrinin kəşfiyyat pulları ilə facebook arxasında oturublar. O ölkələrin maraqlarına zidd nə olursa, düymə basılır və bunlar fəaliyyətə başlayırlar. Belə saytlar da az deyil. Bunlar elə-belə məsələ deyil. Bunların xaricdən pulu ödənilir, dəstək verilir. Ciddi şəkildə qorunurlar. Bəzi natamam insanlar da bu səhifələrə öyrənmək, tənqid etmək üçün yox, konkret təhqir etmək üçün girirlər. Baxırsan ki, əksəriyyəti qorxaq və Vətənini sevməyən bir kimliklərdir. Gerizəkalı əslində pis söz deyil ki, burada həm də ümid veririk ki, oxusan, öyrənsən cahillikdən uzaqlaşarsan, zəkalı olarsan. Mən yaxşı, faydalı nə varsa, onları da təqdir edirəm axı. Məsələn, deyirəm ki, mühakimən zəifdirsə, bilgin yoxdursa, sosial şəbəkədə yaxşı olar ki, səssiz müşahidəçi ol. Belələrinə izah edəndən sonra, bir qismi razılaşaraq irəli getmir. Çıxmayanlar isə təkrarən başqa adlarla ürək bulandırmağa davam edirlər. Baxın, öz adı ilə yazmayan birisi məni səmimiyyətsizlikdə ittiham edir. Adam anlamır ki, öz həqiqi adınla yazmırsansa, demək səmimiyyət mövzusunda dərinə getməməlisən. Hansı siyasətçi bu qədər debata girir, yazı yazır. Mən Azərbaycan jurnalistlərinin əksəriyyətindən bəlkə də çox yazı yazıram. Bunu mən keyfimdən yazmıram, heç yazmağa vaxtım da yoxdur. Bunu yazıram ki, cəmiyyətdə olan boşluqları heç olmazsa maariflənmə yolu ilə dolduraq.

 - Qeyd edirsiniz ki, din xadimi deyilsiniz. Amma hiss olunur ki , Azərbaycanda bir siyasətçi dindara çevrilir...

- O gün biri mənə yazıb ki, Türkiyədən gələnlərin məktəblərində din təbliğ olunur. Bunu niyə demirsiz? Bu suala cavabım bilirsiniz nə oldu? Yazdım ki, onlardan xahiş edərəm ki, araq içməyi, topazda qumar oynamağı, avaralanmağı, dələduzluğu təbliğ etsinlər. Din təbliğ olunursa, bunun nəyi pisdir ki? Doğru din təbliğ olunmalıdır. Mən 15- 20 ildir ki, araşdırıram. Azərbaycan cəmiyyətinin ən böyük problemi imanla bağlıdır. Bu cəmiyyət dualist dünyagörüşündədir, Allaha münasibətində ikili xarakterə sahibdir. Xaraktersiz bir cəmiyyət formalaşıb. Xarakterin formalaşması üçün birinci amil dindir, imanın doğruluğudur. Azərbaycan cəmiyyəti qədər falçıya gedən, pirə, daşa, əski parçasına başını sürtən, bundan imdad diləyən ikinci bir cəmiyyət tapa bilməzsiniz. Bu cəmiyyəti mütləq bu nöqtədən dəyişmək lazımdır. Böyük əksəriyyət ziyalılar düşünür ki, demokratiya gətirməklə bu məsələ həllini tapacaq. Əgər qaragüruh varsa, bu demokratiya burada necə işləyəcək? Qadını bu qədər alçaldan ikinci bir cəmiyyət yoxdur. Bunu dəyişmək üçün tabuları aradan qaldırmalıyıq. Bunun qarşısında dinin əngəl olmadığını, sadəcə din adıyla təqdim olunana cəhalətin əngəl olduğunu göstərməliyik. Bunlar da vaxt aparan, əsəb pozan məsələlərdir.

 - Xalqımız müsəlman olsa da, İslam dəyərləri neçə illərdir ki, ölkəmizdə tam oturuşmayıb. Siz də qeyd edirsiniz ki, maarifləndirmə yolunu seçmisiniz. Bəziləri anlaya bilər ki, bu yollarla ölkədə islam dövləti yaratmağa cəhd edilir. Bunu necə dəyərləndirirsiniz?

- Qətiyyən. Azərbaycanda islam dövləti potensialı yoxdur. Azərbaycanda hələ islam yoxdur ki, potensialı da olsun. Cəmiyyətimiz təqlidçidir. Din anlayışımız İranın dini məktəblərindən köçürmə bir anlayışdır. Digərləri isə Ərəbistandan, Türkiyədən bəlli bir görüşlərin təsiri ilə formalaşıb. Tədricən bunun ortaq modelini tapmaq lazımdır. Aşırı radikal olmayan, dövlətlə sağlam bir məsafə saxlamağı bacaran bir din anlayışı Azərbaycan cəmiyyətində oturuşmalıdır. Dinin siyasətə qarışmasından təhlükəli bir şey yoxdur. İbadət fərdidir. Dövlət ibadətə yox, cəhalətə müdaxilə etməlidir. Cəmiyyətin xeyli hissəsi içkiyə, narkomaniyaya qurşanıb, qumar oynayır, ailələr dağılır, orta məktəb uşaqlarının əksəriyyəti siqaretə aludə olub, uşaq, qadın alveri Azərbaycanı bürüyüb. Bunları təmizləmək üçn təkcə hüquq yox, həm də din bir vasitədir. Amerika dindar dövlət deyil ki. Amma hər bir amerikanlının İncilə inancı, sayğısısı var.

- Cəmiyyət din mövzusuna həssasdır. Kim ki, bu mövzuda daha çox çıxış edirsə, aqibəti yaxşı nəticələnmir. Bu baxımdan şəxsinizə qarşı hansısa təhükələr varmı?

- Şeyx Şamlin bir sözü var, deyir ki, aqibət haqqında düşünənlərdən qəhrəman olmur. Bu gün Amerikanın, Rusiyanın, İranın da mənafeyinə zidd mövqe ortaya qoya bilərsən. Onsuzda siyasətçi kimi həyatına təhlükələr var. Biz Azərbaycan cəmiyyətinin öndə gedən beş-on adamından biriyiksə, bunu zamana ertələyə bilmərik. Elə şeylər var ki, cəmiyyətin gözünü açmaq üçün bunların deyilməsi vacibdir. Mən siyasətdə çox siyasi böhtanlara məruz qalmışam. Keçmiş cəbhəçi sfrerasında olan təbii ki səviyyəli insanlardan başqa, cahil insanların da səviyyəsiz münasibətləri, hücumları ilə də qarşılaşmışam. Adamlar hamısı özlərinin qaldığı nöqtədə səni görmək istəyirlər. Sual verirlər ki, 10 il qabaqkı düşüncənizi dəyişməkdə peşman deyilsiniz ki? Sualdan başdan-ayağa axmaqlıq yağır, deyilmi? 10 ildə mən yüzlərlə ədəbiyyat oxumuşam. 30 il qabaq kompyuter, facebook var idi? İndi sən oturub poçtla məktub yazsan, cavabını bir aya alacaqsan. İndi mən oturub poçtla məktub yazım ki, ənənəyə sadiqəm? Yəni bu gerizəkalı düşüncə tərzinə qarşı biz mütləq doğru olan modeli göstərməliyik. Çoxları bəzən deyir ki, hər şey hakimiyyətin dəyişməsindən asılıdır, hakimiyyət məsələsi həll olsa, Azərbaycan cəmiyyətini irəli aparmaq olar. Anlamaq istəmirlər ki, bunun üçün ilk öncə sağlam mühakiməyə sahib olan cəmiyyət formalaşdırmaq lazımdır. Bəziləri düşünür ki, imanlı, təhsilli, xaricdə təhsil alıb gələnlərin sayı çox olsa, Azərbaycan düzələr. Amma bu təfəkkür tərzi dəyişməyibsə, harada oxuyursan oxu, nə fərqi var. Yanlış din anlayışı nə qədər artıq ibadət etsən də, adamı xəstələndirə bilir. Acınacaqlıdır ki, İslam arealında xəstələnənlərin sayı sağalanların sayından çox-çox artıqdır. 

- Deyilənlərə görə, son günlər ölkədə dini qrupların fəaliyyətində bir canlanma var . Məsələn, Sumqayıtda vəhhabilərin atışmasını buna misal göstərmək olar. Bu cür hadisələr nədən xəbər verir ?

- Azərbaycanı sevən hər hansı bir qüvvə bu gün Qarabağın işğalını görüb başqa ölkələrdə nəyisə dəyişməyə can atmamalıdır. Məsələn, get Qarabağda o addımı at. Keç gizli yolla, Mübariz İbrahimov kimi addım at. Kim Suriyada cihad elan edib? Bunu hələ əsaslandıra bilmirlər. Şiə sferasında da o qədər sağlam insanlar var ki, qətiyyən Azərbaycanın marağını başqa ölkəyə satmazlar. Nədən xoşları gəlmir? Məsələn, mən deyirəm ki, Azərbaycan şiəliyi ilə İran şiəliyi fərqlidir. Azərbaycan şiəsi vətəninə bağlı insandır. Məsələn, mən siğənin, baş yarmanın əleyhinə danışıram. Bunlar bunu deyə bilmir axı ki, biz də cahilik, baş yarmanı dəstəkləyirik. O zaman başlayırlar ki, sənin bizim məzhəblə nə işin var? Mənim sizin məzhəblə nə işim var. Mənim anam da, yaxınlarımın əksəriyyəti də şiədir. Nəsil, tayfamın hamısı o cür namaz qılır. Mən eləyəmsə, onun qarşısını alaram da! Mən kiminsə namazına, ibadətinə qarışan insan deyiləm ki. Sumqayıtda baş verənlər də mütləq xarici ölkədən yönləndirmələrin nəticəsidir. Əsl müsəlman nəinki bir-birinə, hətta ciddi əsas olmadıqda başqa insan övladına bıçaq vurmaz, atəş açmaz.

- Sizə çox vaxt nurçu deyirlər. Hər dəfə də nurçu olmadığınızı bildirirsiniz. Amma söyləntilər davam etməkdədir. Buna səbəb nədir?

- Yəqin ki, bu adamlar xəbər tutub ki, Quran-i Kərimdə dönə-dönə oxuduğun surələrin başında Nur surəsi gəlir, ona görə deyirlər. Başqa məqsədlə deyənlər sadəcə böhtançılar və axmaqlardır. Mən heç bir təriqətdə deyiləm. İslamı da özüm oxuyaraq, öz anlayışımla qəbul etmişəm. Hətta dərindən dərk etmədiyim ibadəti dayandırıb ciddi oxuyub araşdırdıqdan, İslam haqqında öz düşüncəm oturuşduqdan sonra ibadətə təkrar başlamışam. Burda bəzən bilərəkdən ayrı-ayrı cərəyanların adlarını qabardırlar. Desələr ki, Türkiyə Azərbaycanda zərərli işlər görür, bilirlər ki, bunu yeridə bilməzlər, çünki biz Azərbaycanlıların Türkiyəyə qarşı xüsusi bir sevgisi var. Nuru paşa Qafqaz İslam Ordusu ilə gəlib Azərbaycanı xilas etdi. O olmasaydı Azərbaycan dövləti, xalqı bu şəkli ilə indi olmayacaqdı. Bizim nankor yanaşmamız var, Nuru paşanın haqqını verməmişik. Bəzən Nuru paşanın haqqını tanımağı müdafiə etdikdə deyirlər ki, nurçudur. Yəni Nuru adına görədir. Hamısı tamamilə gerizəkalı bir yanaşmadır. Baxın, bir qrup insanların nurçu adıyla tanıdıqları inanclı insanlar Türkiyədən gəlib Azərbaycanda məktəb açıblar. Bu məktəblər də Azərbaycan hökumətinin nəzarəti altındadır. Burda müasir təhsil verilir və əlbəttə ki, milli, dini, mənəvi dəyərlər də aşılanır. Bəs necə arzulayırsınız, övladlarımıza desinlər ki, get oğurluq et, içki iç, siqaret çək. İkincisi, məktəb açmağın gözəlliyini, vacibliyini doğrudanmı bu insanlar dərk etmir? Azərbaycan təhsil sistemində buna alternativ səviyyədə məktəblər hələ ki, yoxdur. Sabah bir azərbaycanlı iş adamı bu sistemi götürüb bu yöndə mənəvi dəyərləri və elmi aşılayan məktəblər açsın. Kim buna sevinməz ki... Türkiyədə daxili siyasətdə bu cərəyanı kimsə sevməyə bilər. Bizlər də kiminsə dini görüşlərini dəstəkləmirik ki. Sadəcə Azərbaycan üçün görülən, faydalı hesab etdiyim çalışmaları dəstəkləməyimiz vacibdir. Və bunu xalqımızın gələcəyi naminə etməliyik. Kimsə Azərbaycanda bu qəbildən olan 10-15 səviyyəli məktəbin qapadılması, təzədən cəhalət, keyfiyyətsiz təhsil burulğanın içinə salınması xəttini götürürsə bizlər bunun qarşısında da durmağa borcluyuq. Yoxsa nə təriqət? Mən ümumiyyətlə qəbul etmirəm ki , Allahla insanın arasında kimsə vasitəçi ola bilər. Mənə təkcə nurçu demirlər, vəhhabi, mason da deyənlər var. Tam əmin ola bilərsiniz ki, heç bir xarici ölkəyə, təriqətə, sektaya aid öhdəliyim yoxdur. Tamamilə Azərbaycana, öz dininə bağlı, tələbə dövründən başlayaraq bugünədək heç bir xüsusi xidmət orqanı ilə bu və ya digər formada əməkdaşlığı olmayan bir insanam. Ona görə də yalnız öz iradəmə güvənərək rahatlıqla insanların və problemlərin qarşısına çxıram. Siyasətdə də bu gün məni həzm etməyən insan var. Soruşsan niyə söyürsünüz, məntiqli cavab da verə bilməyəcəklər. Sən niyə bizlə deyilsən? Deyirsən ki, sizdən aralanmışam ki, Azərbaycan cəmiyyətinə fayda verə bilim. Sizin düşüncədə qalmaqla fayda verilməz. Ola bilsin ki, kimsə ədalətsizliyə qarşı mübarizə apardığını imitasiya edə bilər. Amma xarakteriniz və mahiyyətiniz ədalətsizdirsə, siz Azərbaycana faydalı heç bir dəyər gətirə bilməzsiniz. Mənim bu gün hansı çıxışım Azərbaycan cəmiyyətinə faydalı deyilsə, bunu təhlil və tənqid edin. təb dərsliyindən əzbərlədikləri bir-iki mövzudan uzağa getməyənlər ittiham edirlər ki, sən niyə filan qəhrəmanımıza belə deyirsən? Mən xalqımın tarixində, kökündə bizə tanıdılan dəyərlərin hansı yanlışdısa, faydasızdırsa, onu hər zaman deyəcəyəm. Qəbul eləmə. Buyur get, 2 milyon ərazidə başını qoy, gecə yuxunun içində yat ki , mənim 2 milyonluq ərazim olubdu. Səhər duranda baxaram ki, xəritədə hardadır. Cahil adam, sən Kəlbəcərin, Laçının, Qarabağın yox, sən realist duyğulardan tamamilə uzaqlaşmış, özündən müştəbehlik duyğusunun hələ də əsirinə çevrilmisən. Bu gününün sıxıntılarını çözməyə cəsarəti çatmayan cəmiyyətlər bizim kimi tarixlə platonik eşq yaşamaq xəstəliyinə tutulurlar.

 - Yəni bu söyləntiləri özünüzə qarşı böhtan adlandırırsınız?

- Bunlar böhtanlardır. Mən yalnız və yalnız öz prinsiplərimi müdafiə edirəm. Sabah da belə bir məktəbi bir amerikalı və ya alman açarsa, yenə də müdafiə edəcəyəm. Məsələn, bu gün Bakıda yaşayan minlərlə müəllimi yığ, deyin ki, get Gədəbəyin hansısa dağ kəndində müəllimlik et. Onların içindən 10 nəfər fədakar ancaq çıxa-çıxmaya. Amma bu nurçu deyib yuxarıdan aşağı baxdığınız insana deyirsən ki, səni Somaliyə dərs deməyə göndəririk, orda da hər gün uşaqları öldürürlər, bu insanlar gedib o şərtlərdə dərs deyirlər və ailələri də o sıxıntıların içində yaşamağa qatlaşır. İçində iman duyğusu olmayan Somaliyə məktəbə dərs deməyə gedərmi? Ya da uzaq Yakutiyada soyuğun içində məktəbdə dərs deyib yaşamağa razılaşarmı? Bunlar özləri fədakar olmayan insanların başqalarının fədakarlığını pozmaq üçün düşündükləri bir metoddur. Mən təkcə bu məktəbləri yox, mərhum Turan Yazqanın açdığı Atatürk məktəblərini də müdafiə edirəm. Onların maddi bazası zəif oldu deyə, istədikləri masştabda işlərini davam etdirə bilmədilər. Amma gərək bizim dövlət Anadolu liseylərinə dəstək verərdi. Diyanət Vəqfinin məktəbi var. Ən yüksək səviyyəli məktəblərdən biridir. Bunun nəyi ziyandır xalqımıza? Baxın, Türkiyənin Gülbən Ərgən adlı müğənnisi var. Çıxışlarının birində qeyd edir ki, mən öz pulumla Türkiyədə 15 uşaq bağçası inşa edib dövlətə təhvil vermişəm. Gəlin bundan danışaq. Müğəninin qardrobuna girməyin ki, orda neçə paltar, ayaqqabı var. Onun həyat tərzi, yaşayışı qoy özünü maraqlandırsın. Amma bir müğənni bağça, məktəb açmağı cəmiyyətə təbliğ edirsə, demək ki, hər cür hörmətə layiqdir. Azərbaycan müğənnisi toydan qazandığının neçə faizini məktəb tikməyə sərf edə bilər? Gedib uşaq evlərində, ahılların yanında şəkil də çəkdirin, ancaq əsas işimiz insanlarımızın geriliyini, savadsızlığını ortadan qaldırmağa çalışmaq olmalıdır. Gəlsin bir dünyada yaşayan özünü şiə adlandıran iş adamı, modern məktəb açsın, səviyyəli təhsil versin. Mən onu da könüldən dəstəkləyəcəyəm. Bunları deyəndə deyirlər ki, sən millətə şərəfsiz dedin. Özlərini ümumiləşdirib millət kimi təqdim edirlər. Məktəb açanları təhqir edənlərə, övladlarımıza təhsil verənlərə, millətimizi cəhalətə sürükləyənlərə başqa hansı sözü layiq bilirsinizsə, söyləyin onu deyim. Bizlər bu millətin sözünü də deməyi bacarırıq, hamballığını da etməyi bacarırıq. Mənim millətimə xidmət edən, təhsl verən, adını uca tutan hər kəs başımızın tacıdır.

Günel Türksoy