“… mən sizin babanızam…”

-men-sizin-babanizam
Oxunma sayı: 1193

Övlad da aldığı tərbiyəyə görə həyatda mövqe tutur, insanlarla münasibətlərini tənzimləyir. Bəzən də ya tərbiyə verməli və ya almalı olan özü qüsurlu olur. Belə hallara da rast gəlirik.
Amma genəldə Azərbaycanda valideyn-övlad münasibətləri cəmiyyəti o qədər də narahat etmir, əksinə, biz az da olsa bu ilişgilərdən qürur duyuruq. Biz yaxşı oğul, yaxşı ata, yaxşı qız, yaxşı ana, yaxşı qardaş və yaxşı bacıyıq. Biz fərdi tərbiyə gördüyümüz üçün fərdi maraqları da qorumağı bacarırıq.

Fərdi qaydada maraqlarımızın kimsə tərəfindən tapdanmasına heç cür izn vermir, buna qarşı dərhal etiraz edirik.
Qrup tərbiyəsi fərdi tərbiyənin nəticəsi olaraq formalaşır. Qohum, tayfa, el, mahal təəssübkeşliyi elə bu tərbiyənin məhsuludur. Fərdi tərbiyə kimi qrup tərbiyəsi də Azərbaycanda əsrlər boyu ənənə və adət şəkilini almış, övladlar qohum tayfa, nəsil, el-oba yançısı olmuşlar. Təbii olaraq dövr, zaman qrup tərbiyəsinin yeni formasını – partiya, şirkət, cəmiyyət və sair formalarını üzə çıxarsa da, əski qrup tərbiyəsi öz əhəmiyyətini saxlamışdır.
Biz yaxşı qohumuq: yaxşı əmioğlu, dayıoğlu, baba, nənə, əminəvəsi də…

Biz əksər zamanlarda yaxşı partiyadaş da ola bilirik. Yavaş-yavaş bu qrup tərbiyəsini və maraqlarını da əxz edə bilirik. Qrup və fərdi maraqlar bizdə tərbiyədən gələn sistemli yaşam tərzinə çevrilib. Biz qrup və fərdi maraqlarımızı da sonsuza qədər müdafiə edə bilirik. Səbəb bizim aldığımız fərdi və qrup tərbiyəsinin əsaslı və ənənəli olmasıdır.

Bir də var, dövlət tərbiyəsi və dövlət marağı.
Əsrlər boyu dövlətimiz olmadığı üçün biz vətəndaş tərbiyəsi görməmişik. Ərazimizdə müxtəlif dövrlərdə dövlətlər qurulsa da, ya idealoji cəhətdən bizə yad olmuş, ya da çox qısa zaman kəsiyində öz mövcudluğunu qoruyub saxlaya bilmişdir ki, bu da insanları vətəndaş kimi tərbiyə etməyə yetərli olmamışdır.
Dövlət vətəndaşı necə tərbiyə edir, özünü ona necə sevdirir, dövlət tərbiyəsi və marağı necə yaranır?
İlk növbədə valideyn, qohum-əqraba, öz övladına, yaxınına, sahib çıxdığı kimi dövlət də vətəndaşına sahib çıxmağı bacarmalıdır. Dünyaya gəldiyimiz ilk gündən bizi böyüdən, hər bir pisliklərdən qoruyan, təhsil verən valideyn kimi dövlət də hər bir vətəndaşını qanunsuzluqdan savunmağı bacarmalıdır. Dövlətin iki strukturu öz vətəndaşını qoruyur: ordusu və məhkəməsi. Ordu vətəndaşı xarici müdaxilələrdən, məhkəmə isə onu daxildə olan haqsızlıqlardan qoruyur. Beləcə, dövlət vətəndaşa, atalıq, babalıq edir. İki sevgi təmənnasız olur – valideyn və dövlət sevgisi. Başqa bütün sevgilərdə insanlar həmişə təmənna umurlar.
Dövlətimiz olmadığı üçün biz dövlət tərbiyəsi və marağının da nə olduğunu mənimsəyə, yaşam tərzinə çevirə bilməmişik. Tam 20 ildir biz dövlətçiliyimizi də formalaşdıra bilməmişik. Çünki ordumuz bizi xarici müdaxilədən, məhkəməmiz isə bizi haqsızlıqlardan qoruya bilməyib. Ona görə də “biz millət deyilik” deyənləri haqlı saymıram. Sadəcə, dövlət millətə babalıq edə bilmədiyi üçün kimsə fərdi və qrup maraqlarından uzağa getməyərək, yalnız özünü və çevrəsini, qohumlarını və dostlarını, faydasını və çıxarlarını düşünür.
Bir gün dövlət babalıq edə biləcəksə, onda biz də vətəndaş ola biləcəyik - bayrağını sevən, haqqının kimsə tərəfindən tapdalanmasına izn verməyən, “canım sənə fəda, Vətən deyə bilən” vətəndaş…

…Üç gün öncə Liviya prezidenti Müəmmar Qəddafinin həbs və ölüm səhnələrini, vətəndaşların onunla necə davranmasını bütün dünya izlədi. Bizim yerli mətbuatda da bununla bağlı xeyli yazılar dərc olundu, sosial şəbəkələrdə çeşidli rəylər bildirilirdi. Əksəriyyət bu ölümə və cəsədin təhqirinə qarşı çıxdı. Doğurdan da insanlıq adına utanc gətirən bir hadisə idi. Ən qəddar qatillə belə bu cür davranmaq heç bir çərçivəyə sığmaz. Caninin belə özünü müdafiə haqqı var. Ərəblər Qəddafiyə bu haqqı da tanımadılar. Niyə, nədən suallarını vermək istəmirəm.

Qəddafi üsyançılar tərəfindən tutularkən “mən sizin babanızam” dedi. 42 il bir ölkəyə rəhbərlik edən bir şəxs doğurdan da babadır. Sadəcə olaraq Qəddafini öldürən oğul və nəvələrinin göstərdikləri tərbiyə bu idi. Qəddafi onlara bu cür tərbiyə vermişdi. Belə övladlarının olmasını istəmirsənsə, düzgün tərbiyə verəcəksən ki, sonunda oğul-uşaq, nəvə-nəticə üzünə ağ olmasınlar, səni ayaqlarının altına atmasınlar, başlarının üstündə gəzdirsinlər. “Mən sənin babanam” demək üçün babalıq şərtdir.
Qəddafi üçün ağlamayın…