Bakıdakı saqqallılar...

bakidaki-saqqallilar
Oxunma sayı: 1746

Dünya Sakit

Bir-iki ay əvvəl xeyli vaxtdır görmədiyim keçmiş iş yoldaşımla görüşdüm – saqqallıydı. Saqqalının forması adət etdiyimiz dəbə uyğun olmadığı üçün kimininsə vəfat etdiyi qənaətinə gəldim. Dərhal da özümü qınadım,  dedim, yəqin feysbuqda başsağlığı verənlər olub, diqqətimdən qaçıb...

Üstündən xeyli ötəndən sonra yenidən həmin iş yoldaşımı gördüm, yenə saqqallı. Hal-əhval tutanda ixtiyarsız kimininsə vəfat edib-etmədiyini soruşdum. O isə bir qədər özünü itirmiş halda “xeyr” dedi. Düzünü deyim, bu dəfə beynimə gələn ilk fikir onun vahabilərə qoşulması ehtimalı oldu – istər-istəməz nəzərlərim ayaqlarına  keçdi: şalvarın balaqları qısa deyildi. Daha sonra diqqətlə bir daha üzünə baxdıqda, saqqalının qıraq-bucağının az da olsa, səliqəyə salındığını sezə bildim. Xeyli rahatladım, amma marağımı da boğa bilməyib əlimi üzümə çəkib, saqqalına işarə etdim, “bəs bu nədir belə ” soruşdum.  Adam əməlli-başlı utandı, “elə-belə, yəni dəbə görədir” dedi...

Daha sonra evimizə qonaq gələn bacım oğlunda eyni formada saqqal gördüm. Niyə belə səliqəsiz saqqal saxladığını soruşduqda, gülərək, “xala, sən hərdən şəhərə çıx, bu, neçə aydır dəb düşüb, xəbərin yoxdur” dedi. Bu günlərdə isə gözüm maqazin xəbərlərində saqqallı türk aktyor və musiqiçilərinə sataşdı və dalğanın haradan gəldiyini anladım. 

Axırıncı dəfə kişilərin saç-saqqal düzümünə bu qədər heyrətlənməyim 6-7 il əvvəl Cənubi Azərbaycana gedəndə olub. Təbrizdə axşam saatlarında bir kafedən yeyəcək alanda arxası bizə tərəf dayanan yoğun hörüyü kəmərinə düşən sarışın bir şəxs gördük. Ağ xalat geyindiyi üçün elə bildik qadındır – təəccübləndik: İranda qadının saçını belə açıq qoyması nonsesdir axı. Az sonra həmin şəxs üzünü çevirib, bizdən nə almaq istədiyimizi soruşdu – yalnız çənəsində olan, yalan olmasın, 5-6 tükdən ibarət saqqalı da sinəsinə düşən bir gənc idi. Heyrətdən az qala ağzımız açıla qalmışdı, birtəhər istədiyimizi deyib, alacağımızı alıb bayıra çıxdıq.  Bir neçə addım uzaqlaşanadək 4 nəfərlik qrupumuzda heç kimdən səs çıxmadı – amma sonrasında hamımız eyni vaxtda necə gülüşdüksə ətrafdakıların bizə diqqət kəsildiyini xeyli sonra anladıq. 

Səhəri gün qaldığımız otelin yaxınlığındakı restoranda səhər yeməyi yeyərkən yoldaşım təxminən bizlə həmyaş olan sahibinə (bir neçə dəfə getdiyimiz üçün adamla aramızda yaxşı ünsiyyət yaranmışdı) hadisəni danışdı. Restoran sahibi İranda qeyri-adi saç-saqqal saxlayanların çox olduğunu dedi: “Hərəsi bir cür saç-saqqal saxlayır. Amma siz onları qınamayın. Bakıya baxmayın, burada azad şəkildə əylənmək, gəzmək, rahat vaxt keçirmək imkanları yox səviyyəsindədir. Məhdudiyyətlər hədsiz çox olduğu üçün gənclər içlərindəki enerjini, etirazlarını belə büruzə verirlər” dedi...

Bu gün Azərbaycanda pırtlaşıq saqqal saxlayan bütün gənclərin bu yolla kiməsə, nəyəsə etiraz bildirdiyi fikrindən uzağam: açığı, çoxunun belə nəsnələri anlayacaq qədər həssas olduğunu sanmıram. Anlayacaq qədər həssas olanların etirazını bu yolla bildirəcək düşüncədə olacağı da ağlabatan deyil. Bu, sadəcə, kor-koranə şəkildə dəb axarına düşməkdir: necə ki, qız-qadınlarımız dodaqlarını vedrə boyda etdirib, qaşlarını Zülfüqar qılıncına bənzədir, saçlarnın bir telini belinə sallayıb, birini dibindən qırxdırır, kişilərimiz-gənclərimiz də bu cür anormal formalarda saç-saqqal saxlayırlar. 

Əlbəttə, dəblə ayaqlaşmaq normal bir haldır və heç kimdən necə geyinməyi, yaxud saqqal saxlamağı tələb etmək fikrindən uzağam. Lakin bu saqqal həm də tənbəllikdən irəli gəlir – gənclər günaşırı üzlərini təraş etməkdənsə, səliqəsiz saqqal saxlamağı üstün tuturlar. Necə deyərlər, pişiyin könlü məsələsi.

“Mənə nə yaraşırsa, dəb odur” fikrini kim deyibsə, atasına min rəhmət. Bu gün kütləvi şəkildə saxlanan o saqqal formasının kiməsə yaraşdığını görməmişəm. Vallah da, billah da heç kimə yaraşmır – heç başda Tarkan olmaqla, Azərbaycanda da sevilib-seçilən türk aktyor-müğənnilərinə də yaraşmır. Əksinə, onu saxlayanları çirkli, səliqəsiz göstərir, bomja oxşadır. 

Əziz gənclər, boş verin dəbi, sizə nə yaraşır, onu edin, onu geyinin, onda daha gözəl, daha yaraşıqlı, ən əsası isə təmiz görünəcəksiz...