Ali Evsen azadlığa buraxılıb

ali-evsen-azadliga-buraxilib
Oxunma sayı: 2597




“Haqq ədalət öz yerini tapdı. Ali Evsenin günahsızlığı sübut olunduğu üçün İspaniya hüquq mühafizə orqanları onu azadlığa buraxmağa məcbur olub”.
“Qafqazinfo”nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə bildirib.

Qeyd edək ki, A.Evsen iyunun 19-da İspaniyada həbs olunub. A.Evsen həm də QMİ sədri Hacı Allahşükür Paşazadənin qudasıdır.

İddaya görə Ali Evsen Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin ən yaxın adamı Hüseyin Salemi, Salemin oğlu Halid Salemi ilə birgə çirkli pulların yuyulmasında, rüşvət verməkdə və başqa maxinasiyalarda suçlanırdı.

İstintaq dövründə Ali Evsenin azadlığa buraxılması üçün 18 milyon avro girov tələb olunub.

Q.Salahzadənin sözlərinə görə, A.Evsen heç bir girov ödəmədən azadlığa buraxılıb.

Qeyd edək ki, Ali Evsen Azərbaycanda avtomobil, otel və ticarət mərkəzləri də daxil olmaqla, böyük sahədə fəaliyyət göstərən “Evsen Group”un sahibi və Albaniyanın “Albanian Airlines”ın də ortaqlarından biridir. Qrupa daxil olan şirkətlər arasında “Azsamand Services”, ticarət mərkəzi “Elite Complex”, “Azerbaijan Electronics” də var. Bu şirkətlərdə 3 minə yaxın insan çalışır.

Qeyd edək ki, xəbəri ilk olaraq “Yeni Müsavat” yayıb.