Hollivud ulduzu Brüs Uillisin beyni ölümündən sonra elmi tədqiqatlar üçün bağışlanacaq.
“Qafqazinfo” xəbər verir ki, bunu aktyorun həyat yoldaşı Emma Heminq Uillis açıqlayıb.
“Die Hard” film seriyası ilə dünya miqyasında tanınan Brüs Uillisə 2022-ci ildə frontotemporal demensiya (FTD) diaqnozu qoyulub. Aktyorun səhhəti ilə bağlı qərar verən ailəsi xəstəliyin elmi baxımdan daha dərindən öyrənilməsinə töhfə vermək məqsədilə onun beyninin klinik tədqiqatlarda istifadə olunmasına razılıq verib.
Emma Heminq Uillis bildirib ki, bu qərar asan olmayıb:
“Brüsün beynini ölümündən sonra beyin tədqiqatları üçün bağışlamağa qərar verdim. Bu çətin bir seçimdir, lakin inanıram ki, frontotemporal demensiyanın daha yaxşı öyrənilməsi üçün bu cür elmi araşdırmalar vacibdir”.
Frontotemporal demensiya beyin hüceyrələrinin tədricən zədələnməsi nəticəsində yaranan və şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları, nitq və ünsiyyət problemləri ilə müşahidə olunan nevroloji xəstəlikdir.
Qeyd edək ki, “Emmy” və “Qızıl Qlobus” mükafatlarının laureatı olan aktyor hazırda 24 saat peşəkar tibbi nəzarət altındadır. Məlumatlara görə, Brüs Uillis həyat yoldaşı və qızlarından ayrı yaşayır və xəstəlik onun gündəlik həyat fəaliyyətlərini ciddi şəkildə məhdudlaşdırıb. Bildirilir ki, o, bir vaxtlar aktyor olduğunu belə xatırlamır.
Son xəbərlər
Son Xəbərlər