“Azərbaycan sözdən əmələ keçməlidir”

azerbaycan-sozden-emele-kecmelidir
Oxunma sayı: 699



Qardaş Türkiyəni sarsıtmaq üçün bəzi xarici qüvvələr tərəfindən yaradılmış və hərtərəfli dəstəklənən PKK illərdir onun ərazisində törətdiyi terror nəticəsində 35 mindən çox dinc, günahsız insanı, uşağı, qadını, qocanı, əsgəri qətlə yetirmiş, əlil etmiş, qardaş ölkəyə 100 milyardlarla dollar məbləğində maddi zərər vurmuşdur.

Türkiyənin bütün sahələrdə dinamik inkişafından, onun yeritdiyi sülhsevər, ədalətli siyasətindən, bölgədə və dünyada günü-gündən artan nüfuzundan narahat olan müxtəlif qüvvələrin PKK-ya verdiyi dəstək onun qanlı fəaliyyətinə münbit şərait yaratmaqdadır.

Türkiyə hökumətinin apardığı demokratik, humanist siyasətə baxmayaraq, PKK üzvlərinin böyük əksəriyyəti terror əməllərinin davam etdirməkdədir. Bir qrup PKK-çı Türkiyənin Hakkari vilayətində növbəti mənfur terror aktını həyata keçirərək hərbi hissədə 24 türk əsgərini qətlə yetirmişlər.

Lakin, bu xəyanət qardaş türk xalqını, türk dövlətini sarsıtmamış və iqtidarlı-müxalifətli Türkiyə cəmiyyətinin mütləq əksəriyyəti PKK-ya qarşı mübarizədə qibtə ediləcək monolit mövqe nümayiş etdirmişlər. Yenilməz Türkiyə Silahlı Qüvvələri PKK-çıların layiqli cavabını verməkdədir.

Azərbaycan Liberal Partiyası PKK-nın növbəti terror aktını dərin hiddətinə pisləyir və türk xalqını, Türkiyə Cümhuriyyətini haqlı mübarizəsində dəstəkləyir. Türk xalqı, Türkiyə Cümhuriyyəti və onun rəhbərliyi bilməlidir ki, bu xain hücum həm də Azərbaycan xalqına vurulan zərbədir.

ALP hesab edir ki, Azərbaycan rəhbərliyi "bir millət iki dövlət" açıqlamasının şüar deyil, gerçək siyasi xətt olduğunu əyani nümayiş etdirməli, Türkiyənin kədərinin Azərbaycanın da kədəri olduğunu, xalqımızın, ölkəmizin ən ağır günlərində tarixən Türkiyənin ona dayaq durduğunu unutmamalıdır.

Rəsmi Azərbaycan PKK-nı pisləməkdə sözdən əmələ keçməli, PKK-nın terrorçu təşkilat olduğunu rəsmən tanımalı, Türkiyəni mütəşəkkil terrora qarşı mübarizədə tək qoymamalı və ona hərtərəfli dəstək verməlidir.

Allah şəhidlərimizə rəhmət eləsin. Onların yaxınlarına, türk xalqına, Türkiyə Cümhuriyyətinə və onun rəhbərliyinə dərin hüznlə başsağlığı verir və səbir diləyirik”.

Bəyanatı ALP lideri Lalə Şövkət imzalayıb.