Azərbaycandakı fransız şirkətləri nə olsun? - Təklif

azerbaycandaki-fransiz-sirketleri-ne-olsun-teklif
Oxunma sayı: 1146

“Qafqazinfo” xəbər verir ki, bBu sözləri Modern.az saytına Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. O, Fransa Senatında soyqırımı tanımayanların cəzalandırılması məsələsinin gündəmə gətirilməsini və mürtəce qanunun dəstəklənməsini beynəlxalq hüquqa qarşı təhqir adlandırıb. Millət vəkili bu təhqiri beynəlxalq hüquq, insan haqları, dünya və bəşəri dəyərlər haqqında ağız dolusu danışan Fransa prezidentinin və onu dəstəkləyən siyasətçilərin etdiklərini deyib: “Əvvəlcədən Fransa Senatının Konstitusiya Komissiyası qərar vermişdi ki, aşağı palatada qəbul edilən bu qərar Fransa Konstitusiyanın 34-cü maddəsinə ziddir. Lakin ölkənin ermənipərəst prezidenti Sarkozi və onun komandası, xüsusilə kommunistlər və sosialistlər, solçular utanmadan, heç bir beynəlxalq hüquqa, demokratik dəyərlərə məhəl qoymadan, “biz güclüyük, biz dediyimiz kimi də olacaqdır” prinsipi ilə kökü saxta olan, tarixdən qaynaqlanmayan məsələni qanuniləşdirməyə çalışırlar”.

Qanun layihəsi Senatda qəbul olunacağı təqdirdə Türkiyənin hansı addımları atacağı barədə bu ölkə prezidentinin, baş nazirin, xarici işlər nazirinin verdiyi bəyanatlara diqqət çəkən millət vəkili qeyd edib ki, bundan sonra məsələyə uyğun adekvat cavablar sərgilənəcəkdir.

M. İbrahimqızı qanun layihəsinin qəbulunu təkcə Türkiyəyə deyil, həm də Azərbaycana qarşı atılmış addım hesab edir: “Düşünürəm ki, Sarkozinin və onu dəstəkləyənlərin məqsədi təkcə Türkiyəyə qarşı ermənilərin könlünü xoş etmək, seçki zamanı onların səsini qazanmaq deyildi. Məqsəd həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi Qarabağ probleminin həll olunmaması, birdəfəlik bu problemin həllinin qarşısına daş qoymaq yox, “gəlin əvvəlcə bizim parlamentin qəbul etdiyi qanuna uyğun, 1915-c il hadisələri ilə əlaqədar ermənilərin haqlarını verək, ardınca 90-100 ildən sonrakı məsələlərin həllinə gələrik” deməkdir.

Deputatın sözlərinə görə, bu, tamamilə rüsvayçılıq, bəşəriyyəti təhqir etmək deməkdir. Bunu Azərbaycan xalqına, bir milyon qaçqına, Xocalı soyqırımında qurban olan insanların ruhuna qarşı bir təhqir hesab edən Məlahət İbrahimqızının fikrincə, Azərbaycan Xocalı məsələsini ciddi olaraq gündəmə gətirməlidir: “Necə illərdir dünyada təbliğat aparırıq, ayrı-ayrı ölkələrin parlamentində, beynəlxalq təşkilatlarda Xocalıda baş verənlərlə bağlı soyqırımı, qətliam kimi hüquqi sənədin qəbul olunmasına çalışırıq və bu istiqamətdə müəyyən nailiyyətlər də əldə olunubdur.

Ona görə hesab edirəm ki, biz də məsələni belə qoymalıyıq. Azərbaycanda çoxlu fransız şirkətləri fəaliyyət göstərir, neft müqaviləsində də fransız şirkətlərin çoxlu payı var. Biz də burada onlardan ciddi tələb etməliyik ki, Xocalı soyqırımını kim tanımasa, bu da cinayətdir, buna görə də böyük məbləğdə cərimə düşür, yaxud Cinayət Məcəlləsinə uyğun olaraq cəza tədbirləri görülür”.

Deputat bildirib ki, artıq Fransa əməli, hüquqi olaraq tərəfli olduğunu göstərdi: “Fransanı Minsk qrupunun həmsədrliyindən uzalqşadırmaq, əlbəttə, ekspertlərin, beynəlxalq hüquqla məşğul olanların işidir və çox ciddi məsələdir. Amma fikrimcə, biz bu məsələni mütləq gündəmə gətirməliyik ki, Fransa heç vaxt Qarabağ probleminin həllində Minsk qrupunun həmsdəri ola bilməz, çünki həmsədr olmaq bitərəf olmaq deməkdir”.

Sonda Məlahət İbrahimqızı bununla bağlı istər parlament səviyyəsində, istərsə də digər sahələrdə adekvat addımların atılmasının zamanı çatdlığını vurğulayıb.