“Divarlarda Səddam Hüseyn öz şeirlərini yazmışdı” – Müsahibə

divarlarda-seddam-huseyn-oz-seirlerini-yazmisdi-musahibe-
Oxunma sayı: 711

- İraqdan səfərdən qayıtmısınız. Nə məqsədlə getmişdiniz?
- Biz Ramazan ayında İraqda səfərdə olduq. Bu səfəri təşkil edən Türkiyədəki Şeyx Səlahəddinin rəhbərlik etdiyi “Zeynəbiyyə” cəmiyyəti idi. Türk Hava yollarının yeni İstanbul-Nəcəf reysinin açılması münasibəti ilə səfər təşkil edilmişdi.
Əsas məqsəd isə ayrı-ayrı müsəlman və qeyri-müsəlman ölkələrində yaşayan müsəlmanlar üçün reklam xarakterli aksiya idi. Müxtəlif ölkələrdən nümayəndə heyətləri dəvət olunmuşdu. Nümayəndə heyətləri öz ölkələrinə qayıdanda bu cür rahat bir reysin açılması barədə məlumat verməli idi. Əvvəllər Kərbəla ziyarətinə getmək üçün ən az 15 gün vaxt lazım olurdu. Amma indi belə bir rahat reys açılıb. Hətta vaxtlar da uyğun gəlir. Bakı-İstanbul və 1-2 saatdan sonra Nəcəf reysi gedir. Beləcə bir neçə saata Nəcəfə getmək mümkündür. Həmçinin bu təhlükəsizlik baxımından bu əhəmiyyətlidir. Çünki, avtobusla gedəndə elə yerlərdən keçirik ki, bəzi təhlükələr var. Amma təyyarə ilə bu daha təhlükəsizdir.

- Səfər necə keçdi?

- Biz ilk olaraq İstanbula getdik. Orada səfərin təşkilatçıları ilə görüşdük. Almaniya, Hollandiya, Makedoniya, Rusiya, Azərbaycan və Türkiyədən olan nümayəndə heyəti var idi. Biz birbaşa reyslə Nəcəf ə yola düşdük. Təqribən 3 saata yaxın yoldur. Bu səfər dövlət səviyyəli rəsmi səfər olduğundan bizi İraqın Həkimi ailəsi qarşıladı. İlk olaraq Nəcəfdə Hz. Əli (ə) ziyarətgahında olduq. Təhlükəsizlik tədbirləri İraq hökuməti tərəfindən yüksək səviyyədə təşkil edilmişdi. Bizə əsgərlərdən ibarət iki silahlı maşın ayrılmışdı. Oradan biz Kərbəla şəhərinə getdik. Orada yerləşən İmam Hüseyn (ə) ziyarətgahını ziyarət etdik.

- Hansı rəsmilərlə görüşdünüz?

- Bir sıra rəsmi görüşlər keçirdik. Əsas görüşlərimiz Nəcəfdə və Bağdadda oldu. Bütün şəhərlərdə merlərlə görüşümüz oldu. Bizim İraqın eks-neft naziri ilə görüşümüz oldu. Bir sıra müctəhidlər, alimlərlə görüşdük. İraqın xarici işlər naziri ilə görüşümüz oldu. Hətta bizim prezidentlə görüşümüz nəzərdə tutulmuşdu. Lakin bu alınmadı. Hazırda İraqda siyasi liderlərdən biri olan Həkimi ailəsində olduq. Həmçinin İraqla Azərbaycanın idman sahəsində əlaqələri üçün bir sıra görüşlər də keçirdik.

-İraqda olan hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?

- Nəcəf ziyarətgahının rəhbəri ilə görüşümüz oldu. Hazırda Nəcəfdə quruculuq işləri görülür. Biz şəhəri gəzəndə tikinti işlərinin şahidi olduq. Orda qeyd edildi ki, ilin sonuna qədər bütün Amerika əsgərləri İraqdan çıxacaq. Kərbəla və Nəcəfdə biz amerikan əsgərlərini görmədik. Bütün maşınlarda İraq əsgərləri idi. Çox sakitlikdir. Nəcəf və Kərbəlada sakitlikdir. Kərbəladan qayıdandan sonra yenə Nəcəfdə qaldıq. Sonra Bağdada getdik.

-Hansı tarixi yerlərdə oldunuz?

- Bağdada gedəndə yolda qədim Babildə olduq. Bura hələ turistlər üçün açılmasa da bizi rəsmi qonaq kimi ora apardılar. Daha sonra Kufə və Səhlə məscidində, Hz. Əli (ə) nin evini ziyarət etdim. Babil çox maraqlı yer idi. Bilirsiniz ki. Dünyanın 7 möcüzəsindən biri də “Asma bağlar” orda yerləşir. Ən maraqlısı isə İraqın keçmiş diktatoru Səddam Hüseynin Babildəki sarayı oldu. Biz orda olanda Səddam Hüseynin necə bir xarakterə malik olduğunu gördük. Təsəvvür edin ki, yuxarıdan asılan çilçırağın ətrafında adlar yazılmışdı. Biz elə düşündük ki, bu Allahın adlarındandır. Lakin bizə dedilər ki, bu Səddam Hüseynin özünə verdiyi təxəllüslərdir. Bütün zal boyu divarlarda Səddam Hüseyn öz şeyirlərini yazmışdı.