- Əfv olunduğunu haradan eşitdin?
- Axşam saat səkkizin yarısı olardı. Məhbus yoldaşlarım gəlib əfv sərəncamının imzalandığını söylədilər. Həbsxanada klub var, hamı ora toplaşdı, televiziyada xəbərləri izlədik. Amma xəbərlərdə kimlərin əfvə düşdüyünü demədilər. Aparıcı sadəcə bildirdi ki, əfv sərəncamı imzalanıb və siyahı mətbuatda dərc olunacaq.
Sonra həbsxananın rəisi məni çağırdı, əfvə düşdüyümü dedi və təbrik etdi. Saxlanıldığım 10 saylı Cəzaçəkmə Müəssisəsində olan məhbuslardan daha iki nəfər əfvə düşmüşdü. Gecə saat 10-da məni cəzaçəkmə müəssisəsindən çıxardılar. Dedilər ki, əfvə düşmüsən, çantanı, əşyalarını götür çıx. Adətən əfvə düşənləri səhəri gün buraxırlar. Amma məni dərhal buraxdılar. Bunu ona görə etdilər ki, mətbuat, ailə üzvlərim, dostlarım xəbər tutub həbsxananın qarşısına toplaşmasınlar. Gecə saat 12-də evdə ailəmin yanında idim.
- Əfv olunmaq üçün ərizə yazmışdınmı?
- Həbsdə olan bütün siyasi məhbuslara əfv olunmaq üçün ərizə yazmaq təklif edilir. Sentyabrda mənə də əfv ərizəsi yazmaq təklif olunmuşdu. Amma bundan imtina etdim. Mətbuatda mənim əfv ərizəsi yazmağım haqda məlumat yayılmışdı. Bu məlumatları kimlərin yaydığını dəqiq bilmirəm, lakin belə bir ərizə yazmamışam. Eşitdiyimə görə, əfv ərizəsi yazmağım haqda məlumatları Prezident Administrasiyası yayıb. Bunu mənə ailəm və Azərbaycan Xalq Cəbhəsi Partiyasında olan dostlarım deyib.
Hamı belə düşünürdü ki, Cabbar haqda bu şayiələri yayanlar sonda onu əfv edəcəklər. Bununla da Cabbar Savalanlının əfv ərizəsi yazdığını təsdiqləmək istəyəcəklər. Yəni Cabbar əfv ərizəsi yazıb, biz də onu azadlığa buraxırıq. Bununla siyasi məhbuslar, bizi müdafiə edən siyasi partiyalar, QHT-lər, hüquq müdafiəçiləri arasında fikir ayrılığı yaratmaq istəyirdilər.
Hesab edirəm ki, hakimiyyət məni azadlığa buraxmağa məcbur idi. Çünki yerli hüquq müdafiəçiləri bunun üçün çalışırdılar, beynəlxalq təşkilatlar hakimiyyətə təzyiq göstərirdilər. Bundan başqa, aldığım cəzanın üçdə birini çəkmişdim. Ona görə də əksəriyyətdə belə bir əminlik vardı ki, məni və Bəxtiyar Hacıyevi azadlığa buraxacaqlar. Təəssüflər olsun ki, digər siyasi məhbusları buraxmadılar. Məni tanıyanlar, dostlarım, sağlam fikirli insanlar əfv ərizəsi yazmağım haqda şayiələrə inanmayacaqlar.
- Əfv ərizəsi yazmağı həbsxana rəhbərliyi təklif edirdi, yoxsa yanına kimlərsə gəlmişdi?
- Hökumətdən rəsmi məktub gəlmişdi. Məktubda mənə təklif olunurdu ki, əfvə düşməyim üçün ərizə yazım. Ərizə yazmaqdan imtina etdiyim üçün bir daha nə məktub gəldi, nə də şifahi təklif etdilər.
- On bir ay sürən həbsxana həyatı necə keçdi? Cəzaçəkmə müəssisəsində sənə münasibət necə idi? Hansısa təzyiqlər olurdumu?
- Həbsdə olduğum müddətdə böyük çətinliklərlə üzləşmədim. Sadəcə olaraq ailəmin çətinliklə üzləşməsi, mənə görə əziyyət çəkmələri, həbsxanaya gəlib-getmələri pis təsir edirdi, bundan əzab çəkirdim. Amma özüm üçün elə bir çətinlik yox idi. Bizim üçün həbsxanada və ya azadlıqda olmağın elə bir fərqi yoxdur. Çünki bizim ruhumuz, düşüncəmiz azaddır, cismani azadlıq o qədər də əhəmiyyətli deyil. Həmişə olduğu kimi həbsxanada da fikrim, düşüncəm azad idi, özümü rahat, azad hiss edirdim.
Cəzaçəkmə müəssisəsində olduğum müddətdə mənə hər hansı təzyiq, təxribat olmayıb. Dustaqların münasibətinə gəlincə, bütün həbsxanalarda siyasi məhbuslara hörmət edirlər. Sözsüz ki, birinci insanın öz qabiliyyəti, davranışı burada rol oynayır. Eyni zamanda siyasi məhbuslara hörmətlə yanaşırlar. Həbsxanalarda da narazılıqlar mövcuddur, dustaqlar arasında ölkədəki vəziyyəti dərk edənlər var, bu durumu dəyişmək üçün mübarizə aparan insanları qiymətləndirənlər var. Məndən əvvəl də cəzaçəkmə müəssisəsində olan siyasi məhbuslar haqda dustaqlar müsbət fikirlər söyləyirdilər. Həbsxanadan çıxanda bütün “zon” məni yola saldı. Bu da cəmiyyətin, onun tərkib hissəsi olan cəzaçəkmə müəssisəsində saxlanılan dustaqların siyasi məhbuslara verdiyi qiyməti göstərir.
Həbsdə olduğum müddətdə mənə göstərilən böyük dəstəyi həmişə hiss etmişəm. Vəkillərim, hüquq müdafiəçiləri, müxalif siyasi partiyalar, müxalifət liderləri, QHT-lər, mətbuat, bir sıra beynəlxalq təşkilatlar mənə böyük dəstək verdilər. Mənə, ailəmə dəstək olan hər bir şəxsə təşəkkürümü bildirirəm. Bu dəstək məndə ruh yüksəkliyi yaradırdı, mübarizə əzmimin qırılmasına imkan vermirdi, daha azad ruhlu olmağa stimul verirdi. Təsəvvür edin, sizi haqsız yerə həbs edirlər, amma qəzetləri vərəqləyib görürsən ki, sizdən yazırlar, radionu dinləyirsən, sənin haqda gedən müzakirələrin şahidi olursan, sizin azadlığa buraxılmağınız üçün piketlər, mitinqlər keçirilir, tədbirlər düzənlənir, müraciətlər yayılır. Bütün bunlar mənə müsbət təsir edirdi, daha mübariz olmağa sövq edirdi. Ona görə də həbsdə olduğum müddətdə, demək olar, azadlıq üçün darıxmadım. Çöldəki qismən azadlıq üçün, cismani azadlıq üçün darıxmırdım. Düzdür, yaxınlarım, dostlarım üçün darıxırdım, onların da bir hissəsi yanıma gəlirdilər, görüşürdük.
- Yəqin ki, həbsxanada olduğun müddətdə özünlə bağlı baş verənləri bir daha nəzərdən keçirmisən. Sənə belə bir ittiham verilməsi nə ilə bağlı idi?
- Bu tam qondarma bir ittihamdır. Mən nəinki narkotik qəbul etməmişəm, heç siqaret də çəkməmişəm. Mən bunların hamısından tam uzaq olmuşam. Məni siyasi sifarişlə, siyasi məsələlərə görə həbs etmişdilər. Həbs olunduğum dövrdə ərəb inqilabları pik hədə çatmışdı, Misirdə inqilab gedirdi. Həmin vaxt bir qrup ictimai-siyasi fəal, müxalifət partiyalarının gəncləri ilə birlikdə Azərbaycanda “Qəzəb günü” adı altında mitinqlər keçirməyi təklif etmişdik, bunun üçün kampaniya aparırdıq, çox aktiv idik, hökuməti sərt formada tənqid edirdik. Amma hakimiyyət məni çoxdan həbs etmək istəyirdi, aksiyada fəallığım kulminasiya nöqtəsi oldu, həbsimə qərar verdilər.
- Artıq azadlıqdasan, planların nədən ibarətdir?
- Bir qədər dincəlmək istəyirəm. Həbsdə olanda səhhətimdə müəyyən problemlər yaranıb. Həbsxanada bir qədər müalicə olundum, amma tam sağalmamışam. Ona görə də müalicə olunmalıyam. Mən Sumqayıt Dövlət Universitetində təhsil alırdım, ikinci kursda oxuyurdum. Həbs olunandan sonra məni universitetdən çıxardılar. Təhsilimi davam etdirəcəm.
Təhsillə yanaşı aktiv siyasi fəaliyyətlə məşğul olacam. Bir gənc kimi həbsdən əvvəlkindən daha aktiv fəaliyyət göstərəcəm. Mübarizədən çəkilmək fikrində deyiləm. AXCP-nin üzvüyəm və partiyada fəaliyyət göstərəcəm.
Mənə xaricdə təhsil almaq təklif olunub. Amma son qərarımı verməmişəm. Xaricdə təhsil almaq istəyirəm, çox adam da deyir ki, xaricə gedib təhsil al. Amma Azərbaycandan kənara getmək, mübarizədən çəkilmək istəmirəm. Həmişə Azərbaycanda qalmaq istəyirəm. Xaricdə özümü rahat hiss etmərəm.
- Universitetə bərpa olunmaq üçün məhkəməyə müraciət edəcəksən?
- Vəkillərim bu işlə məşğul olacaq. Yəqin ki, məni universitetə bərpa edəcəklər. Çünki həbsdən azad olunmuşam. Bərpa etməsələr də, təhsilsiz qalmayacam. Gedib xaricdə oxuyacam.