“Eurovision”un biletləri məcburi satılır

eurovisionun-biletleri-mecburi-satilir-
Oxunma sayı: 1105

Məlum olub ki, yarımfinala və məşqlərə olan biletlərin əksəriyyəti satılmayıb. Ona görə də təcili olaraq dövlət strukturları, bələdiyyələr, təhsil, səhiyyə müəssisələri hərəkətə gətirilib.

Nəsimi rayon Bələdiyyəsindəki mənbədən aldığımız məlumata görə bütün bələdiyyələr biletlərin satılması ilə bağlı göstəriş verilib. Bakı bələdiyyələrinin hər birinə “Eurovision”nun seçim turlarında və məşqlərində iştirak etmək üçün 200 bilet verilib. Biletlərin də qiyməti 50 manatdan 160 manata qədər dəyişir. Burada könüllülük prinsipi nəzərə alınmır və biletləri satıb pullarını ödəmək məcburidir. Təbii ki, hər bələdiyyədə 200 adam işləmir. Mənbənin sözlərinə görə, qurumun sədrləri biletləri zorla işçilərinə paylayıb ki, onlar qohum-əqrabalarına, qonşularına satsınlar. Yəni bələdiyyə işçiləri qapı-qapı düşüb bilet satışına məcbur edilir.

Qeyd edək ki, Avropa Yayım Birliyinin qoyduğu qaydalara görə, alınan hər bilet həmin bilet sahibinin adına olmalıdır. Bunun üçün bələdiyyə sədrlərinə tapşırılıb ki, bilet alan şəxslərin şəxsiyyət vəsiqələrini yığıb əvvəlcədən qeydiyyatdan keçirmək üçün gətirsinlər.

Redaksiyamıza zəng edən təhsil və səhiyyə işçiləri də məcburi bilet satıldığını deyiblər. Adının yazılmasını istəməyən müəllimə deyib ki, hər məktəb direktoruna 3 “Eurovision” bileti verilib. Biletlərin biri 150 manatdan satılır. Şagirdlərdən ümumilikdə 450 manat yığılmalıdır. Tibb işçilərin maaşından isə 5 manat “Eurovision” biletləri üçün çıxılır.

Qəzetimizin gələn sayında “Eurovision” biletlərinin məcburi satılması ilə bağlı reportajı təqdim edəcəyik.

Xatırladaq ki, satışa 6 şounun biletləri çıxarılıb. Bunlar mayın 22-də keçiriləcək birinci yarımfinal və birinci yarımfinalın sonuncu əsas məşqi, mayın 24-də keçiriləcək ikinci yarımfinal və onun əsas məşqi, mayın 26-dakı final və jüri finalın biletləri olacaq. Biletlərin qiymətlərinə gəlincə, əsas məşqlərə baxmaq istəyənlər 30-100 manat pulundan, canlı şouları baxmaq arzusunda olanlar isə 90- 240 manat pulundan keçməlidir.

“Bizim Yol qəzeti”