Eynulla Fətullayev Tunisdə məhbəs həyatından danışdı

eynulla-fetullayev-tunisde-mehbes-heyatindan-danisdi
Oxunma sayı: 658

Jurnalist və hüquq müdafiəçisi Eynulla Fətullayev bu il YUNESKO-nun ali “Beynəlxalq söz azadlığı” mükafatına layiq görülüb. “Qafqazinfo” xəbər verir ki, bu yüksək mükafatın azərbaycanlı jurnalistə təqdim edilməsi mərasimi bu gün - 3 May Beynəlxalq Mətbuat Azadlığı günündə Tunisdə bu ölkənin Prezident sarayında keçirilib. Ali mükafatı E.Fətullayevə YUNESKO-nun baş direktoru İrina Bokova təqdim edib.

YUNESKO-ya üzv dövlətlərin rəsmi şəxslərinin qatıldığı mərasimdə ATƏT-in söz azadlığı üzrə müvəkkili Dunya Miyatoviç, 2011-ci ildə Nobel mükafatı almış Tavakkoi Karman, BMT-nin söz azadlığı üzrə xüsusi nümayəndəsi Frank La Ru və digər tanınmış simalar da iştirak edib. ABŞ dövlət katibi Hillari Klinton da tədbirə canlı videobağlantı ilə qoşulub. O, mərasim iştirakçılarını və mükafata layiq görülən jurnalistləri Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə təbrik edib və insan haqlarının qorunmasının zərurətindən danışıb.

Mərasimin gündəliyinə əsasən E.Fətullayev, ardınca İ.Bokova və Tunis prezidenti Mobsef Marzuki çıxış ediblər. E.Fətullayevin çıxışının mətnini təqdim edirik:

***

“Hörmətli xanımlar və cənablar! Öncə mənə göstərdiyiniz bu etimada - məni kolumbiyalı jurnalist Gilyermo Kanonun adına təsis edilmiş bu çox şərəfli mükafata layiq gördüyünüzə görə sizə səmimi qəlbdən minnətdarlığımı bildirirəm. Mənim namizədliyim üzərində dayanan münsiflər heyətinin üzvlərinə də təşəkkür edirəm. Mənə verilən bu mükafat insan azadlıqlarının təməl daşlarından sayılan söz azadlığının müdafiəsi uğrunda mübarizədə son illər xeyli qurbanlar vermiş bütün Azərbaycan jurnalistlərinin xidmətinə verilən yüksək qiymətdir.

Lakin mən bu gün münsiflər heyəti üzvlərindən birinin rolunu və xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Mən bəlkə də məhz bu insanın sayəsində hazırda həyatdayam və insan haqları və azadlıqları kimi dəyişməz və qiymətli dəyərlər uğrunda mübarizə aparmaqda davam edirəm. Bu şəxs ATƏT-in söz və mətbuat azadlığı məsələləri üzrə keçmiş xüsusi səlahiyyətli nümayəndəsi, macar dissidenti və yazıçısı Mikloş Haraştidir.

Feodal qaydalarının hakim olduğu qəddar Asiya məhbəsində mənim məhbus həyatımın ikinci ili idi. Orada öz ləyaqətimi qorumaq uğrunda mübarizəmi davam etdirirdim. Qeyri-qanuni həbsimə etiraz əlaməti olaraq müddətsiz aclıq aksiyasına başlamışdım. Qidadan imtina etməyimin 17-ci günü idi. Və cənab Haraşti bir gün heç gözləmədiyim şəkildə mənə baş çəkdi. Yalnız onun xahişindən sonra aclığı dayandırdım. Amma cənab Haraşti özünün sonrakı fəaliyyəti boyunca da mənim həbsdən azad olunmağım üçün böyük dəyanət və mətanətlə çalışdı, öz gücü və imkanları daxilində əlindən gələn hər şeyi etdi. Burada cənab Haraştini bu missiyada əvəz edən xanım Dunya Miyatoviçin də xidmətlərini qeyd etməyi özümə borc bilirəm. Xanım Miyatoviç mənim tezliklə həbsdən çıxmağım üçün cənab Haraştinin başladığı ağır işi davam etdirdi.

Mən dəmir barmaqlıqlar arasında 4 ildən çox qaldım. Bunun 2 ildən çoxunu təkadamlıq kamerada keçirmişəm. Bu müddətdə bütün beynəlxalq ictimaiyyət mənim qeyd-şərtsiz azad olunmağımı tələb etdi. Hətta Avropa İnsan Haqları Məhkəməsi də mənim dərhal azad olunmağım barədə qərar çıxardı. Lakin qərar yerinə yetirilmədi. Çünki Azərbaycan hökumətində çoxu mənim azad olunmağıma qarşı idi. Axı üst-üstə 16 il həbsə məhkum olunmuşdum, mənə qarşı bütün mümkün uydurma ittihamlar irəli sürülmüşdü. Nəhayət, ötən il Azərbaycan prezidenti İlham Əliyev daxildəki xeyli nüfuzlu dairələrin istəyinin əleyhinə çıxaraq siyasi iradə göstərdi və mənim həbsdən azad olunmağıma qərar verdi. Fürsətdən istifadə edib YUNESKO-ya və onun baş direktoru, həbsdən azad olunmağım üçün bizim ölkənin rəhbərliyinə müraciət edən xanım İrina Bokovaya təşəkkür edirəm.

Mən bir vaxtlar öz ölkəmdə böyük populyarlığa malik qəzetlərə rəhbərlik etmişəm. İnsanlar o qəzetləri acgözlüklə oxuyurdu, çünki biz xalqa həqiqəti deyirdik. Həbsdən çıxandan sonra çox adam məni dilə tuturdu ki, ölkəni tərk edim, özümə yeni həyat qurum. Azadlığa çıxandan az sonra Avropa Şurasının dəvəti ilə Fransaya getmişdim. Parisdə bir vaxtlar ölkəsində narkobaronlarla qeyri-bərabər və qorxulu mübarizə aparmış bir kolumbiyalı jurnalistlə tanış oldum. Onun həyatını yalnız ölkəsindən qaçmaq xilas etmişdi. Əks halda onu da Kanonun taleyi gözləyəcəkdi. Amma o, Parisdə artıq jurnalistika ilə məşğul deyil, çünki sən dəhşətli reallıqdan uzaqlaşmısansa, jurnalist təhqiqatı ilə məşğul olmağın çətinləşir. Vətənini və jurnalistikanı itirən bu adamın kədərli baxışları mənə pis təsir etdi. Anladım ki, o, daha yaşamır, sadəcə mövcuddur. Söz yox, mənim indiki vəziyyətimdə geriyə baxmaq ağılsızlıq, irəli baxmaq isə bəlkə də bədbəxtlikdir. Amma mən həmin gün özümə söz verdim ki, bu kolumbiyalı jurnalist kimi yaşamayacağam. Çünki özünü taleyin hökmünə buraxmaq və möcüzəyə inanmaq təhqirlə və peşmançılıqla barışmaqdan daha yaxşıdır.

Hörmətli xanımlar və cənablar! Sizin bu qərarınız mənim üçün böyük şərəfdir. Bu mükafat mənim bu qərarımı bir daha təsdiqlədi ki, bu həyatı Gilyermo Kano kimi yaşamaq lazımdır”.