Gülməli müharibə

gulmeli-muharibe-
Oxunma sayı: 664

Yadınızda qalsın, gülməli hadisələr faciənin fonunda daha da şiddətlənir!
Bu mənada Azərbaycanın məcburən cəlb olunduğu yuxarı Qarabağ müharibəsi də istisna deyil. Məsələn, Laçın tərəfdə hadisələr od-alova doğru vahiməylə sürünən ərəfələrdə kənd ağsaqqallarına, orta əsrdən qalan buxara papaqlı patriarxlara az qala Allah qədər güvənən arvadlar bulağın başında danışırmışlar: “Görən, niyə yığışıb bu işi yoluna qoymullar?!”
Hər dəfə Qubadlını topa tutan ermənilər bir də əməliyyata başlayanda həyətdə, açıq havada yuxa bişirən arvadlardan biri yenicə yaydığı lavaşı sacın üstündə rahlayaraq üz-gözünü qırışdırır: “Mirət yenə başdadı!”
Dəb xatirinə Qarabağ savaşına könüllü yollanan yaşlı kişilərdən biri səngərdən qorxa-qorxa başını qaldıran vaxt ətrafa güllələr səpələnir. Kişi cəld aşağı əyilir: “Köpəyuşağı demir ki, adamın gözünə dəyər!”.
Bu əhvalatı isə mərhum şairimiz Akif Səməddən eşitmişəm. Tərəfindən ərz eləyim, xoşbəxt olun.
Qazağın İncə dərəsində könüllü səfərbərlik olur. İt ilində rus ordusundan tərxis olunan hərbçilərin siyahısını tuturlar. Cəmi iki-üç adam düzəlir. Biri də Balakişi adlı bir topçu… Qalanı “stroybat” qəhrəmanları imiş… Balakişi qurutdu xəngəldən bala-bala yeyir, tut arağından vurur, keçir topun arxasına… Koordinatları təyin etməyə…
“Bududummmm…”
“Aramisin evi getdi, ölööm!” – Balakişi deyir. Qonşu erməni kəndini yaxşı tanıyır axı.
Səhər bir də. “Tutovka”, xəngəl, top, koordinat, bududum… Və yenə:
“Aramisin evi getdi!”
Və nəhayət, üçüncü gün. Eyni menyu və eyni döyüş taktikası və eyni qənaət: “Aramisin evi getdi, bu ölsün!”
Nəhayət, kimsə cavab verir:
“Əəə… bu Aramis köpəyoğlunun nəxərtə pulu var. Sən ha dağıdersən, gecəynən təzədən tikeer öyünü. O pulnan gedif Yerevanda hancarı bir öy almeeer özünə…”