Hidayət Orucov etiraz etdi

hidayet-orucov-etiraz-etdi
Oxunma sayı: 858

“Qafqazinfo”nun məlumatına görə, açıqlamada irqçiliyə və dözümsüzlüyə qarşı Avropa Komissiyasının (ECRİ) Azərbaycan üzrə hesabatının “Dini qruplar” bölməsinə münasibət bildirilir: “İcmalda göstərilir ki, guya bəzi dini qurumlara qarşı ayrı-seçkilik edilir, hüquq mühafizə orqanları tərəfindən təzyiqlər olunur. Birmənalı şəkildə bildiririk ki, ölkəmizdə din sahəsində heç bir ayrı-seçkiliyə yol verilmir. Dövlətin din sahəsindəki siyasəti beynəlxalq hüququn prinsiplərinə və normalarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ-hüquqi aktlara əsaslanır.

Hesabatda iddia olunur ki, guya hökumət arzuolunmaz dini qurumlara qarşı qeydiyyatdan keçmə prosesindən istifadə edir. Halbuki “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş əlavə və dəyişikliklərdən sonra qeydiyyat qaydaları daha da sadələşdirilib. Qeydiyyat üçün vətəndaşdan qanunla müəyyən edilmiş minimal sayda və toplanması asan olan sənədlər tələb olunur. Dini qurumların qeydiyyatdan keçmə prosesində heç bir süründürməçiliyə yol verilmir.

Qanunvericiliyin tələblərinə uyğun olaraq indiyədək 30 dini qurumun dövlət qeydiyyatına alınmasından imtina edilib. Dövlət qeydiyyatına alınmasından imtina barədə dini quruma imtinaya əsas olmuş qanunvericiliyin müddəaları göstərilməklə məlumat verilir. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə dini qurumun dövlət qeydiyyatına alınmasından imtinaya yol verilmir.

İcmalda qeyd edilmiş digər iradlarla (polisin dini mərasimə müdaxiləsi, dindarların tutulub saxlanılması) əlaqədar bildiririk ki, belə hallar yalnız hüquq pozuntuları aşkar edildikdə baş verir və bunu dini etiqad azadlığının pozulması, yaxud dini ayrı-seçkiliyə yol verilməsi kimi qələmə vermək düzgün deyil.

Ümumiyyətlə, hesabatın təhlili təəssüf hissi ilə deməyə əsas verir ki, bəzi informasiyalar etibarlı olmayan mənbələrdən alınıb, dəqiqləşdirilməyib və dərindən yoxlanılmadan sənədə daxil edilib. İcmalın bəzi hissələrində Azərbaycanda dini durumun obyektiv, real təhlili, konkret faktlar əvəzinə yalnız ümumi sözlər və qiymətləndirmələr yer alıb. Bir sözlə, hesabat ölkədəki real vəziyyəti əks etdirmir və səthi xarakter daşıyır”.