İcazəli siyasət

icazeli-siyaset
Oxunma sayı: 688

Amma olmadı. Çünki mitinqlər başladı. Öncə Böyük Xalq Hərəktaının təşkil etdiyi mitinq oldu. Gənclərdən ibarət ilk aksiya çox gözəl keçdi. Prosesləri tələsdirmədən, Rusiyadakı kimi, o tempdə iki aydan bir mitinq təyin olunsaydı bəlkə də sonuc daha effektli ola bilərdi. Xalq arasında deyildiyi kimi, “dəmini tuta-tuta”, ya da “qazını buraxmadan”... Nə isə. Amma İctimai Palata “hamı hakimiyyətə gəldi biz qaldıq” prinsipi ilə ard-arda özünü doğrultmayan mitinqlər təşkil etdi. Nəticədə insanlar həbs olundu. Dağıdılan mitinq görüntüləri televizyada göstərilən kimi olan qalan 5-10 adam da qeybə çəkildi. Bu arada bir nüansı da qeyd etmək istəyirəm. Mitinqlərdə şəxsən iştirak edən adam kimi deyə bilərəm ki, mən evə döndükdən sonra var qüvvəsi ilə, bas-bas bağırıb insanları küçələrə dəvət edən online qəhrəmanların həmin saatalarda Facebook da status paylaşdıqlarının şahidi olurdum. Özü də telefonla yox. Ən azı bunu fərq edəcək qədər texnologiyadan başımız çıxır. Buraxılan səhvlər həmişəki kimi yenə də xalqın başında partladı. O yenə də bu rejimin qəddarcasına apardığı siyasətlə üz-üzə meydanda tək qaldı. Dilənçi payı hesab ediləcək qədər az – 10 manatlıq artımlar, tragi-komediyanı xatırladan rüşvətxorluqla mübarizə şouları və sair.

Bəs necə ola bilərdi? O vaxtı mənim də köşə yazılarımdan birində qeyd etdiyim kimi İctimai Palata heç olmasa hakimiyyətin təklif etdiyi yerlərdə icazəli mitinqlərə gedə bilərdi. İnsanlar mitinqlərin təhlükəsiz, həbssiz olduğunu gördükcə, eyn zamanda Ərəb ölkələrindəki hadislərəin də coşqusu ilə daha rahat gələcəkdilər kütləvi aksiyalara, bir gün isə razılaşdırılmış yerdə izdihamlı aksiyaların birində liderlər Prezident Apparatanın qapısını göstərəckdi insanlara.. Bax o zaman o on minlərin qarşısında duran tapılmayacaqdı.. Olmadı, düzgün taktika seçilmədi, bütün proses fiaskoya uğradı.

Və dünən bir xəbər oxudum. “İctimai Palatanın (İP) Koordinasiya Şurası mövcud ictimai-siyasi şəraitdə hakimiyyətlə razılaşdırılmış aksiyalar keçirilməsini məqsədəuyğun hesab edib. Bu qərar KŞ-nin dünənki iclasında 5 saatlıq müzakirələrdən sonra qəbul olunub. Bu barədə Turana qurumun üzvü Ədalət Usubov bildirib. Bununla əlaqədar olaraq, Bakı Meriyası ilə danışıqlar aparılması qərara alınıb. Xatırladaq ki, İP-nin icazəsiz aksiyalar keçirmək cəhdləri 15-dən çox müxalifət fəalının cinayət ittihamları ilə həbsinə gətirib çıxarıb”.
Başqa bir xəbər daha.. Çünki mən bu xəbərləri birlikdə dəyərləndirmək istəyirəm.. Böyük xalq hərəkatnın səhifəsində 11 Mart - Böyük Xalq Gününə qədər, ən gec Novruz bayramı ərəfəsində 17 siyasi məhbusu azad edəcək”.
Mən də düşünürəm ki, hakimiyyət siyasi məhbusları azad edəcək. Amma Böyük Xalq Günündən qorxduğu üçün yox, Eurovision öncəsi Avropanın gözündə özünə normal imic qazanmaq üçün.. Mənfur rejim Eurovision öncəsi nə qədər tolerant, nə qədər demokratik bir hakimiyyət olduğunu göstərmək üçün Avropaya azad olunmuş 16+1 siyasi məhbusun siyahısını verəcək, üstündə də.

Üstündə də İctimai Palatanın icazəli mitinqindən çəkilmiş bir disk.. Yəni ki, baxın biz insanların sərbəst toplaşmaq azadlığına hörmətlə yanaşırıq. O zaman siz deyin keçən il inqilab havasını göz önünə almayıb icazəli mitinqə razılaşmayan, nəticədə Arif Hacılı da daxil olmaqla 16 nəfərin həbsinə rəvac verən qərar mərkəzi bu il heç bir prosesin olmadığı dövrdə bu addımı niyə atır? Hakimiyyəti dəstəkləmək üçünmü? Ona özü üçün görüntü yaratmağa şərait yaratmaq üçünmü? Axı bu gün İctimai Palata keçən ilin eyni dövrünə nisbətən daha passivdir. Axı xalq da keçən il Ərəb baharından təsirlənərək daha aktiv idi. O zaman “ər gərək, tez gərək” prinsipi ilə icazəli mitinqə getməyin nə əhəmiyyəti var? Bilirəm suallar çoxdur, amma təəsüf ki, cavab yoxdur. Bizim gəldiyimiz qənaət isə ürəkaçan deyil.. Və illərlə ardınca getdiyimiz adamları gözdən salmaqdan başqa bir sonuca gəlmək mümkün deyil.

Sizə keçən il Müsavat başqanı İsa Qəmbərin Azadlıq radiosuna müsahibəsindən bir parçanı misal göstərmək istəyirəm. Siz də o müsahibəni bu linkdən oxuya bilərsiz. “http://www.azadliq.org/content/article/9499967.html?s=1&page=2”

- Dinləyici: Bəlkə Bibiheybətdə aksiya keçirək?

- İsa Qəmbər: Mən istəyərdim ki, bizim jurnalist dostlarımız bir yerdə şəhərin əvvəlcə coğrafi mərkəzini müəyyənləşdirək, həmin coğrafi mərkəzdən bizə mitinq keçirmək üçün ayrılan Bibiheybətə bir yerdə gedək. Bütün yol videoya çəkilsin. Bu yol nə cür bir yoldur? Vətəndaşın ora getməsi nə qədər çəkir? Yol ora yüzlərlə adamın eyni vaxtda getməsi üçün imkan verirmi? Təklif olunan mitinq məkanı nə qədər yararlıdır?”
O, zaman mən sual verirəm: İndi necə? Bibiheybətin yollarımı dəyişib, şərtlərmi?

Mən sizi əmin edirəm ki, dəyişən sadəcə hakimiyyətin maraqlarıdır. Hakimiyyət bu görüntünü yaratmaq üçün bir dəfə, sadəcə bir dəfə İctimai Palataya icazəli mitinq üçün yer verəcək. İkinci dəfə isə “ölkədə beynəlxalq əhəmiyyətli tədbir keçirildiyi üçün kütləvi aksiyalara icazə verilmir” deyiləcək. Çünki onlara görüntü üçün sadəcə bir mitinq də bəs edir. O zaman biz niyə onların təyin etdiyi müstəvidə oynayırıq? Bu bizə, və yaxud da müxalifətdən kimlərəsə nə verir?

Tam əksinə nə qədər evləri sökülən insanlar var, narazı elektorat son dövrlər ayağa qalxıb. Taksi sürücüləri, əyalətdə etiraz edən və küçələrə çıxan insanlar var.. İcazəsiz mitnqlərə gedib, Eurovision öncəsi insanların haqlarını tələb eləmək, Avropaya Azərbaycan hakimiyyətinin mahiyyətinin nə olduğunu bir daha göstərmək daha məqsədəuyğun olmazmı? Qoy döyülək, daha 16, 20, 50 də nəfərimiz də həbs olunsun.. Amma bunların iç üzü açılsın.. Onsuz da bu cür avtoritar rejimlərdə siyasilərin yolu həmişə həbsxanalardan keçir. Mən buna razıyam və hazıram. Bəs siz necə cənablar? Keçən il icazəsiz mitinqlərdə 16 nəfəri, o cümlədən də Arif Hacılının həbsinə səbəb olub, indi icazəli mitinqə gedən cənablar.

Mən bu bir ildə baş verən prosesləri nəzərdən keçirəndə bir daha əmin oldum ki, Azərbaycanda 18 ildir bu hakimiyyəti ayaqda saxlayan müxalifətdir. Hakimiyyətin xisləti məlumdur. Rüşvətxordur, oğrudur, ədalətsizdir və sair və ilaxır.. Getməlidir vəssalam.. Bəs müxalifətin xisləti nədir? Niyə həmişə ən kritik məqamlarda müxalifətin başında duran liderlər hakimiyyətin əlinə oynayan gedişlər edir? Bu nədir? Səriştəsizlikmi, iş birliyimi?