İlham Əliyev daha bir açılışda iştirak etdi

ilham-eliyev-daha-bir-acilisda-istirak-etdi
Oxunma sayı: 664

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan Prezidentinə mərkəz haqqında məlumat verdi. Bildirildi ki, 2008-ci ildə Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı Koreya Respublikasının “SK C&C” şirkəti ilə razılıq əldə olunmuş, yeni sistemin layihəsi hazırlanmış və icrasına başlanmışdır. 2009-cu ilin aprelindən layihə çərçivəsində Bakıda bu mərkəzin tikintisinə başlanmışdır.

Qeyd edildi ki, şəhərdə nəqliyyatın hərəkəti beşmərtəbəli inzibati binadakı müasir server, 18 şəbəkə avadanlığı, ümumi sahəsi 120 kvadratmetr olan monitor vasitəsilə idarə ediləcəkdir.

İntellektual idarəetmə zalı ilə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, burada 600 rəqəmsal görüntünü əks etdirən çox böyük monitor quraşdırılmışdır. Monitor vasitəsilə 150 yol kəsişməsində nəqliyyatın hərəkət vəziyyəti, eləcə də 2 min avtobusun idarə edilməsi ilə bağlı məlumat əldə etmək mümkündür.

Bildirildi ki, mərkəz cinayətkarlığın qarşısının alınmasında Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Nazirliyin kameralarının qeydə aldığı görüntülərin də monitorinqi bu mərkəzdə aparılacaqdır.

Dövlətimizin başçısı mərkəzin fəaliyyəti ilə bağlı təqdimata baxdı. Qeyd edildi ki, mərkəzin əsas funksiyası məlumatların toplanması və məlumat bazasının formalaşdırılması, mövcud vəziyyətin təhlili və optimallaşdırılması, məlumatların istifadəçilərə ötürülməsi, avtomatik rejimdə göstərişlərin verilməsi və yerinə yetirilməsinin müşahidəsindən ibarətdir.

Nəqliyyatı intellektual idarəetmə sistemində istifadə olunan avadanlıqla tanışlıq zamanı bildirildi ki, dayanacaqlarda quraşdırılan informasiya terminalı vasitəsilə avtobusların hərəkət cədvəli, dayanacağa çatma müddəti barədə məlumat almaq mümkündür. Nəqliyyatda tətbiq olunacaq vahid ödəniş sistemi isə sərnişinlərin rahatlığını artıracaqdır.

Prezident İlham Əliyev mərasimdə çıxış etdi.

Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.

AzərTAc