“Bir çox ölkələrdə məhkumlar səs verə bilmir…”

bir-cox-olkelerde-mehkumlar-ses-vere-bilmir
Oxunma sayı: 2279

Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə keçirilir.

“Qafqazinfo” xəbər verir ki, müşavirədə MSK sədri Məzahir Pənahov, prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ombudsman Elmira Süleymanova, ədliyyə nazirinin müavini Azər Cəfərov, Baş prokurorun birinci müavini Rüstəm Usubov, daxili işlər nazirinin müavini Oruc Zalov, MSK üzvləri, MSK Katibliyinin rəhbərliyi və əməkdaşları, habelə dairə seçki komissiyalarının sədrləri iştirak edirlər.

Çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, seminar-müşavirə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissədə icrası ilə bağlı təşkil olunub.

***

"Azərbaycanda seçkilərinin keçirilməsi üçün ictimai-siyasi sabitlik əsas amildir və biz çox şadıq ki, Azərbaycanda seçkilər həmişə ictimai-siyasi sabitlik şəraitində keçirilir".

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar müşavirədə deyib.

MSK sədri bildirib ki, Azərbaycanda seçki komissiyaları böyük naliyyətlər əldə edib və Azərbaycanda keçirilən seçkilər digər ölkələr üçün nümunə ola bilər.

***

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qeyd edib ki, Azərbaycanda getdikcə seçki prosesi daha da müasirləşir:

"Bu gün dünyada çox mürəkkəb proseslər baş verir və bu proseslər əlbəttə ki, seçki proseslərinə də sirayət edir. Biz hər bir Azərbaycan vətəndaşı kimi bilirik ki, uzun illər bu proses stabillik şəraitində uğurla keçirilir. Hesab edirəm ki, qarşıdan gələn seçkilər də stabillik şəraitində şəffaflıqla və uğurla keçiriləcək”.

F.Abdullayev vurğulayıb ki, Azərbaycanda seçkilərdə seçicilərin öz hüquqlarından istifadə edilməsi üçün tam şərait yaradılıb: “Müqayisə aparsaq görərik ki, bu gün dünyada seçicilərin hüququndan istifadə etməsi ilə bağlı problemlər mövcuddur. Misal üçün İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında aktiv seçki hüququnun məhdudlaşdırılması, xüsusilə məhkumların hüquqlarının məhdudlaşdırılması ilə bağlı qərarlar qəbul edilib, bir sıra Avropa ölkələrində də bu məhdudiyyət var. Ancaq Azərbaycanda bu məhdudiyyət yoxdur və əlbəttə ki, bu çox mütərəqqi bir addmdır. Azərbaycanda əhalinin bütün elektoratı, o cümlədən azadlıqdan məhrum edilən şəxslər də seçkilərdə iştirak edəcək”.

***

"Azərbaycanda penitensiar müəssilərdə insanların səsvermə hüququnun təmin olunması ilə bağlı ədliyyə orqanlarının üzərinə mühüm vəzifə düşür".

Bunu ədliyyə nazirinin müavini Azər Cəfərov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar müşavirədə deyib.

A.Cəfərov bildirib ki, Azərbaycanda istintaq təcridxanalarında, həbsxanalarda saxlanılan məhkumların seçki hüquqlarını təmin olunması ilə bağlı çox mütərəqqi qanunvericilik bazası mövcuddur.

Nazir müavini qeyd edib ki, bir sıra Avropa ölkələrində məhkumların səs vermək hüquqları yoxdur, bir sıra ölkələrdə isə məhdudiyyətlərlə həyata keçirilir, bəziləridə ağır cinayət törətmişlərin bu hüququ yoxdur: “Azərbaycanda isə bütün məhkumların səs vermək hüququ var. Azərbaycanda uzun illərdir bu təcrübə var və bu prosesin azad və şəffaf şəkildə həyata keçirilmısi üçün bütün mexanizm mövcuddur”.

***

"Azərbaycanda seçkilərin təhlükəsizlik şəraitində keçirilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən Tədbirlər Planı hazırlanaraq yerlərə göndərilib". 

Bunu Daxili işlər nazirinin müavini Oruc Zalov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar müşavirədə deyib.  

O qeyd edib ki, seçkilərin sabitlik və təhlükəsiz şəraitində keçirilməsi üçün daxili işlər orqanlarının üzərində düşən vəzifələrin layiqincə yerinə yetirilməsi mühüm əhəmiyyət kəsb edir. Nazir müavini qeyd edib ki, Azərbaycanda sabitlik xalqın iqtidara olan inamınəın nəticəsidir: “Bu gün Azərbaycan dünyada ən sabit olkələrdən biridir. Seçkilərin ölkə qanunvericiliynə və təhlükəsizlik şəraitində, ictimai sabitlik şəraitində keçirilməsi üçün Tədbirlər Planı hazırlayaraq yerlərə göndərib”.

Nazir müavini vurğulayıb ki, təşviqat kampaniyası zamanı namizədlərin təhlükəsizliyi tam təmin olunacaq: “Səsvermə günü seçki məntəqələri polis nəzartində götürüləcək və təhlükəsizlik tam təmin olunacaq. Xarici nümayəndələrin təhlükəsizliyinin təmin edilməsi üçün post-patrul xidmətlərinin dislokasısında dəyişiklik nəzərdə tutulur”.  

O.Zalov əlavə edib ki, dini, irqi ayrıseçkiliyə, ədavətə çağırış edən hərəkətlərin qarşısının alınması ilə bağlı müvafiq plan mövcuddur və bu cür hərəkətlərə qətiyyən yol verilməyəcək”.

Günel Türksoy