Kartofla, xiyarla “işləyən” sınıqçılar- Araşdırma

kartofla-xiyarla-isleyen-siniqcilar-arasdirma
Oxunma sayı: 8468

Tez-tez əli, qolu və ya ayağı zədələnən, yerindən çıxan nadinc uşaqları olanlar yaxşı bilirlər. Çoxu belə vəziyyətdə tezbazar sınıqçı axtarışına çıxır. Elə böyüklərimiz də lazım gələndə sınıqçının yanına getməyə üstünlük verirlər. Etiraf edək ki, ən çox əziyyət çəkdiyimiz və sınıqçıya müraciət etdiyimiz aylar qış fəslinə təsadüf edir. Küçələrimizin məlum iflic vəziyyəti, sürüşmələr, yıxılmalar, büdrəmələr kimi tərsliklər ucbatından sınıqçıların yanına qaçırıq. Sınıqçının sözü çoxu üçün rentgen müayinəsindən də üstündür. Bəs niyə həkim-travmatoloq, ortopedlərə yox, ara həkimlərə güvənimiz çoxdur? Axı ali təhsili olmayan, sümüklərin adlarını belə bilməyən bu insanlardan kömək ummaq canımızdan olmağa da səbəb ola bilər?

Sınıqçılar ta qədimdən elmin heç inkişaf etmədiyi zamanlarda meydana gəliblər. Bu xüsusi qabiliyyətli insanlar zədə almış insanlara heç nə qarşılığında yardım göstərmiş və təbii müalicələrlə onları sağaltmışlar. Təəssüf ki, bu gün həqiqətən də bacarıqlı, əli şəfalı sınıqçılarla yanaşı pul üçün özünü vergili elan edib bu işlə məşğul olan fırıldaqçılar da çoxluq təşkil edir.

Cəmiyyətdə sınıqçıların fəaliyyəti birmənalı qarşılanmır. Xüsusilə, tibb mütəxəssislərinin çoxu bu fəaliyyətə qarşı çıxır, bacarıqlı, işə yarayan sınıqçıların mövcudluğunu inkar edirlər.

Travmatoloq Fuad həkim ara həkimlərinə üstünlük verən insanları başa düşmədiyini deyir. Xüsusən, uşaqlarını sınıqçıların ixtiyarına verən valideynləri qınayır. “Böyüklərdən fərqli olaraq, uşaqlarda yumşaq toxuma üstünlük təşkil etdiyindən travma almış uşağa peşəkar həkim belə əllə baxmaqla dəqiq diaqnoz qoya bilməz. İlkin diaqnoz, şikayətləri dinlədikdən sonra pasiyent mütləq rentgen müayinəsinə göndərilməlidir. Sınıqçılar isə rentgensiz keçinirlər. Çıxıq və sınıq hallarında özlərinin icad etdiyi metod və müalicəyə əsaslanırlar. Valideynlər bir müddət sonra uşaqlarının yaxşı olduğunu güman edib sınıqçıdan razılıq edirlər. Halbuki, gizli zədələnmiş toxuma ola bilər ki, irəliləyən yaşlarda uşaqda yeni fəsadlar əmələ gətirər və bu əlilliyə qədər gətirib çıxarar.”

Nevropatoloq və refleksoterapist Ələkbər Zeynili isə sınıqçılar arasında qabiliyyətli olanların mövcudluğunu təsdiqləyir. “ Sınıqçılar və ya “bel çəkənlər” adlandırdığımız insanların uğurlu müalicələrinin şahidi olmuşam. Osteoxondrozun(el arasında “duzlama”)yırtıq və sonrakı ağırlaşmalarında müalicə z amanı sınıqçıların rolu olur. Bəzən həkimlərin ürək etmədiyi metodlarla onlar xəstələri müalicə edə bilirlər. Yeri gəlmişkən qeyd edim ki, bel ağrılarında düzgün oturmamaq, yeriməmək, düzgün ağırlıq qaldırmamaq kimi səbəblər də rol oynayır. Türkiyədə xüsusi “bel okulu” deyilən kurslarda gələcəkdə sümük proplemi yaşanmasın deyə, uşaqlara düzgün oturmaqdan yatmağa qədər dərslər verilir. Doğru hərəkət etməmək də sınıq, çıxıqların yaranmasına gətirib çıxarır.”

Nəzərə almaq lazımdır ki, sınıqçıların işi müasir tibbdə manul terapiya adlı sahə ilə eyniləşir. Manual sözü latıncadan “əl” deməkdir. Başqa sözlə, manual terapistlər əlləri ilə sümük, onurğa problemlərini aradan qaldırmağa yardım göstərirlər. Manual terapiyaya əllə masaj, alternativ Çin təbabətinin əsası olan akupunktura( bədənin xüsusi nöqtələrinə toxunmaqla, iynələməklə müalicə metodu), akkupressura və diğər müalicə üsulları da daxildir. Sınıqçı dediyimiz insanlar ABŞ-da “osteopat”, İngiltərədə “siropaktor” adını alıb. Rusiyada isə “kostoprav” adı ilə nüfuzlu sınıqçılar var. Yaxud Türkiyədə futbolçuların çoxu məşhur sınıqçı Osman Aydın adlı sınıqçının yanına müalicəyə gedirlər. Təkcə əl-ayaq problemlərində deyil eləcə də, beldə olan ağrılar, hərəkətdə məhdudlaşma zamanı sınıqçıya baş çəkirlər. Deyilənə görə, türk həkimləri özləri pasiyentlərinə bu sınıqçını məsləhət görürülər. Hətta türk sınıqçısına “türk futbolunun onurğası” adı da verilib. Bizim də şəhər, rayona görə tanınmış sınıqçılarımız var.

Sınıqçıya müraciət etdikdə ən əvvəl o zərərçəkmişin zədəli yerinə əllə toxunur. Təcrübəli sınıqçı dərhal çıxıq və sınıq vəziyyətini ayırd edir. Çıxıqlar zamanı az ağrılar olur, bəzən günlərlə xəstə bunu hiss etməyə bilər. Sümükdə qırıqlar, sınıqlar olduqda isə bu zaman şiş, dəridə göyərti, küt ağrılar olur. Sınıqçı çıxıq vəziyyətində sümüyün yerinə salınmasına yardım göstərir. O, bunu özünün bildiyi metodlar ilə həyata keçirir. Bundan sonra sınıqçıların bir neçə tövsiyyələri var. Ayaqda zədə baş veribsə, zərərçəkmişin bir müddət dincəlməsi məsləhət görülür. Ayaqüstə çox hərəkətdə olmaması bildirilir. Qolun istənilən yerindəki çıxıq yerinə salındıqdan sonra isə boyundan bir dəsmalla müvəqqəti asılması məsləhətdir. Çıxmış və yerinə salınmış ətraf hissələrin hərəkətliliyi tədricən bərpa olunmalıdır. Sınıq vəziyyətləri isə məsuliyyətli sınıqçıların ən ehtiyyat etdiyi vəziyyətdir. Xüsusən, yuxarı və aşağı ətrafların sınıqlarında ara həkimləri məsuliyyəti öz üzərinə götürmürlər.

Əli dayı təcrübəli və nüfuzlu sınıqçılardandır. Bu zamana kimi müraciət edənlərin çoxuna şəfa verib. Özünün də dediyi ki, “başı çıxmadığı” yaralanmalarda, travmalarda zərərçəkəni həkimin yanına göndərir. “Elə insan var ki, onun sınıqlarını təbii yollarla, yaxmalarla müalicə etmək çətindir. Onun mütləq rentgen müayinəsinə, tibbi aparatlarla müalicəyə ehtiyacı olur.”

Sınıqlarda sümüklərin birləşməsini təmin edən bir çox xüsusi məlhəm-yaxmalar var. Ən geniş yayılmış yumuta ilə undan hazırlanmış xəmirdir. Bu gibs rolunu oynayan yaxma lazımı müddətdə sınmış sümüklərin birləşməsinə kömək edir. Uzun illərdir tətbiq edilən bu yaxma effekt verir. Bir çox bölgə sınıqçıları isə çiriş(çox adam çirişdən qutab da hazırlayır) deyilən bitkinin xüsusi hissəsindən məlhəm hazırlayır. Nişastası bol olan bu bitki də loğmanlar arasında geniş şöhrət tapıb. Digər yaxma isə arıçılıq məhsulu olan çiçək tozundan hazırlanır. Suyla həll edildikdə möhkəmləndirici xüsusiyyətə malik yaxma zədələnmiş toxumaların bərpasına yardım göstərir. Boyaqotu adlı bitkidən hazırlanmış məlhəm də sınıqçıların istifadə etdiyi effektiv vasitədir.

Allah belə sınıqçıdan saxlasın!


Əvvəl də qeyd etdiyim kimi, bu gün özünü vergili adlandırıb insanların həyatı ilə oynayan ara həkimlərimiz də var. Onlardan yalnız biri haqqında məlumat verim. Bu qadın Sabunçu rayonunda yaşayır. Nazilə adlı “sınıqçı” Xatirə adlı qadını elə bir vəziyyətə salıb ki, bu gün onun sol əli tam hərəkət edə bilmir. Xatirə xanım başına gələnlərdə daha çox özünü günahlandırır. “Oğlumgilə getmişdim. Nəvələrim doşəmədə kiçik oyuncaq maşınları ilə yarış keçirirdilər. Ehtiyyatsızlığım üzündən maşınlardan biri ayağımın altında qaldı və beliüstə yerə yıxıldım. Gəlinim məni yerdən güclə qaldırdı. Oğluma xəbər verdik. Gəlinim bazar günü olmasına baxmayaraq həkimə görünməyimi israr etdi. Oğlumsa məhəllədə sınıqçı olduğunu və onu gətirməyə getdi. Nazilə adlı qadın mənə gözucu baxdı. Kilolu olduğumdan qolumüstə düşmüşdüm və çiynim göyərmişdi. Sol qolumu çiynimdən hiss etmirdim. “Sınıqçı” iri kartofa ehtiyac olduğunu dedi. Hamımızı gülmək tutdu. Amma o ciddi idi. O, çiynimin çıxdığını bildirdi və kartofu özüylə gətirdiyi bir neçə metrlik ensiz parçaya bükdü. Onun nə hoqqa çıxardığını başa düşmədik. Həmin parçanı çiynimə doladı. Zədələnmiş qolumu bir neçə dəfə dartdı. Həmin vaxt dözülməz ağrım oldu və qışqırdım. Nazilə isə çıxığımı saldığını söylədi. Sonra krem istədi və bir müddət çiynimi, qolumu güya masaj etdi. Gəlinim və oğlum yenə rentgenə ehtiyac olduğunu dedilər. “Sınıqçı” həmin yeri bir az araqla kompres etməyimi məsləhət gördü. Həmin gecə yatmadım və qolum, çiynim o qədər şişmişdi ki. Səhərisi həkimə getdik. Həkim bizi danladı. Sən demə yıxıldığım an qolumun üstünə düşdüyümdən əlim, qolum bir neçə yerdən qırılıbmış. Çiynimüstə düşdüyümdən isə həmin əzələ, toxuma zədələnmişdi. Nazilə isə sınıqlarımı masaj edib lap pis vəziyyətə qoymuşdu. Bir ay gipslə gəzdim. Qolum gibsdən azad olunduqdan sonra isə xüsusi aparatla müalicə kursu keçdim. İndi əlimi tam işlədə bilmirəm. Bəlkə də sınıqçıdan qabaq həkimə müraciət etsəydim belə olmazdı. Qırılmış sümüklərim bir az da yaşlı olduğumdan geç birləşdi və ya tam bərpa olmadı.”

Bu arada həmin sınıqçı barədə bir neçə məlumatı da öyrəndim. O, öz işində davam edir. Nazilə adlı qadının əsas vəzifəsi isə müəllimədir. Orta məktəbdə dərs verən bu xanım ola bilsin ki, pul qazanmaq üçün bu “iş”ə baş vurub. Özü də bir maraqlı məqam var. Nazilə müəllimə “çopçü” missiyasını da boynuna götürüb. Uşaqların boğazında ilişib qalan qida qalıqlarını çıxarır. Daha doğrusu, uşağın boğazını masaj edir və boğazında qalan nə isə, onu “içəri ötürür”. Sınıqçının “iş” həyatında çoxlu xətaları olub. Bunu ona qonşu olan məhəllə sakinləri də deyirlər. Bəs onda camaat niyə hələ də ona inanmağa çalışırlar? Deyəsən, bir az da eşələsək cadugərlik “qabiliyyəti” də üzə çıxacaq. Nazilə adlı qadının “iş”ində ən maraqlı hissə kartofla iş görməsidir.

Onu da qeyd edim ki, kartofla, hətta xiyarla çıxıq salanlar varmış. Səbəbi, bu tərəvəzlərdən dayaq vasitəsi kimi istifadə olunmasıdır.

Sınıqçı adı ilə belə qeyri-peşəkar işləyən insanlar əslində qəsdən kiminsə canına xətər yetirirlər. Zərərçəkmişlərə “polisə şikayət edin” məsləhətin verəndə, çoxu beləsinin çörəyinə bais olmaq istəmədiyini bildirir. Belə insanlarınsa heç nədən qorxusu yoxdur, bir-iki yaxınının reklamı ilə “şöhrət” tapır və camaatın canı bahasına pul qazanır. Halbuki, bir az da dərinə getsək belə insanlar, şəfadan çox zərər verənlər axtarılmalı, cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

Raminə Eyvazqızı