“Mən Rəsul Quliyevin açıqlamalarına şərh verməli deyiləm ki” – Müsahibə

men-resul-quliyevin-aciqlamalarina-serh-vermeli-deyilem-ki-musahibe
Oxunma sayı: 677

İki gün öncə KXCP sədri Mirmahmud Mirəlioğlu, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Vaqif Mahmudov və Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin iştirakı ilə Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı təsis olundu. Hazırda ABŞ-da mühacir həyatı yaşayan eks-spiker, hərəkata daxil olan ACP-nin lideri Rəsul Quliyev də internet bağlantısı ilə konfransa qatılıb və çıxış edib.

Qeyd edək ki, Müqavimət Hərəkatının təsis edilməsində əsas məqsədin Azərbaycanda demokratik seçki mühitinin yaradılması, demokratiyanın bərqərar olması istiqamətində mübarizə aparmaqdır. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu ilə də söhbətə elə hərəkatın yaradılmasından başladıq.


- Hərəkatın yaradılması, onun əsas fəaliyyət istiqamətləri barədə kifayət qədər məlumat verilib. Ona görə də bu barədə geniş daşımaq istəmirəm. Onu deyə bilərəm ki, uzun zaman idi ki, bu istiqamətdə söhbətlər gedirdi. Ayrı-ayrı təşkilatlarla bu istiqamətdə danışıqlar aparmışdıq. Son nəticədə bir yerdə dayanmışdıq, artıq ondan irəli getmək mümkün deyildi. Hazırda bir yerdə olduğumuz təşkilatlarla məsləhətləşdik, müzakirə elədik və nəticəni dünən əldə elədik. Bu hərəkatın yaradılması sırf zərurətdən irəli gəlirdi və aparılan danışıqların nəticəsi idi ki, ona son nöqtəni qoyduq.

- Son dövrlər gündəmdə, elə Sizin də fikirlərinizin ana xəttində müxalifətin daha geniş spektrli birliyinin yaradılması idi. Amma Sizin bu hərəkat müxalifətin daha geniş birliyi sayılmır, bəlkə olacaq...

- Yox, mən elə deməzdim ki, müxalifətin daha geniş birliyi olmadı. Ən azından indiyə qədər olan birliklərin, bu gün səhnədə olan müxalifət birliklərinin ən genişi bizim Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatıdır.

- Siz partiyaların sayını nəzərdə tutursunuz?

- Təkcə partiyaların sayını yox, bütövlükdə bu məsələdə iştirakçı olan fərdlərin də önəmi var. Hər şey ortadadır. Biz müxalifətin hazırda ən geniş birliyinin yaradılmasına nail ola bildik. Hesab edirəm ki, bu birlik daha da genişlənəcək.

- Ancaq İctimai Palata nümayəndələri Sizdən fərqli olaraq, özlərini hakimiyyətə ən real alternativ və böyük güc mərkəzi hesab edirlər.

- Ola bilər. Kim haranı əsas qüvvə hesab edirsə, orda təmsil olunur. Bu barədə hər kəsin subyektiv fikri olar bilər. Hər kəsin haqqı var ki, təmsil olunduğu qurumun daha güclü olduğunu iddia eləsin, biz buna bir söz demirik. Orda iki partiya, namizədlər və s. var. Bizim hərəkatda da kimlərin və hansı qüvvələrin olduğu ortadadır.

- Bu gün ötəri baxdığınız İctimai Palatanın beynəlxalq əlaqələri, rayonlarda dayaqları var. Bu barədə Siz nə düşünürsünüz?

- Bu yöndə bizim də fəaliyyətimizi görəcəksiniz və mən hesab edirəm ki, burda kimisə qarşılaşdırmaq, müqayisə aparmaq doğru deyil. Heç kəs də narahat olmasın! Alternativ görməyə də əsas yoxdur. Biz indiyə qədər olan müxalif qurumlara, bloklara qarşı alternativ deyilik. Öz işimizi də özümüz quracağıq.

- Ancaq müxalifətdən kənar mübarizə aparmaq da parçalanma mühiti yaradır...

- Qətiyyən. Biz müxalifəti parçalamaq məqsədi güdmürük. Gələcəkdə işlərimizi mövcud olan müxalifət birlikləri ilə də uzlaşdıracağıq. Hələlik başlanğıcdır, hesab edirəm ki, son nəticə də istədiyimiz kimi olacaq.

- Qulamhüseyn Əlibəyli bildirir ki, bu hərəkat seçkiyə hesablanıb, amma Siz bildirirdiniz ki, əsas hədəf seçki deyil. Kim haqlıdır?

- Burada hər hansı fikir ayrılığı yoxdur. Qulamhüseyn bəy də, mən də öz mövqeyimdə haqlıyam. Bizim nəzərdə tutduğumuz, hazırda qəbul elədiyimiz əsasnamənin bir hissəsini mən demişdimsə, bir hissəsini də hörmətli Qulamhüseyn bəy deyib.

- Müttəfiqiniz prinsipcə İctimai Palataya qoşulmağın mümkün olduğuna da deyib.

- Qulamhüseyn bəy elə ifadə işlətməz, əməkdaşlıq deyə bilər. Amma belə bir şey varsa da, mən tanış deyiləm. Ona görə də bu barədə bir söz demək istəmirəm.

- Mirmahmud bəy, o fikirlər də səslənir ki, bu hərəkat Rəsul Quliyevin istəyi və planı ilə yaradılıb. Belə bir şey varmı?

- Görürsünüz ki, bir neçə gün əvvəl başqa fikirlər deyilirdi, ondan qabaq da başqa söz söylənilirdi. Normal haldır, hər kəs bir söz deyir. Amma hər halda hərəkat yeni təsis olunub. Təsis konfransında isə Rəsul Quliyev də iştirak edib. Bunlar istər-istəməz təhlil istəyən məsələlərdir, amma reallığa söykənməyən söhbətlərdir. Burda Rəsul Quliyevin də, bizim də, digərlərinin də istəyi var. Yəni, bu hərəkat istəklərin birləşməsi nəticəsində yaradılıb.

- Amma Müqavimət Hərəkatının yaradılması Rəsul Quliyevin ideyası idi...

- Siz yəqin, Rəsul bəyi ardıcıl izləməmisiniz. O bəyan da eləmişdi, nə yaradacağını da demişdi. Bunlar başqa-başqa məsələlərdir. Belə şeylər olub. Amma hazırda söhbət etdiyimiz hərəkat dünən təsis olunub və təsisçilər də ortadadır. Proses davam edəcək, hətta bu gün müraciət edənlər də olub. Yəqin ki, bunun davamı da olacaq.

- Eks-spiker 2013-lə bağlı iddialı bəyanat vermişdi. Bu bəyanatı nəzərə alsaq, deyə bilərik ki, Rəsul Quliyev qarşıdan gələn prezident seçkilərində namizəd olacaq. Belə olan təqdirdə hərəkatınız onun vahid namizədliyi ilə seçkiyə gedəcək?

- Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının tərkibində olan partiyaların, burda təmsil olunan şəxslərin sırasından kifayət qədər namizəd də ola bilər, olmaya da bilər. Hazırda bu məsələ müzakirə mövzusu deyil. Yaxşı olar ki, siz də əsasnaməmizi, qəbul edilən qərarımızı əsas götürün və ona uyğun suallar tərtib edin. Mən etiraz eləmirəm, sualınızı formalaşdırmaq da istəmirəm, amma bu, sual deyil.

- Mən soruşdum ki, Rəsul Quliyevin vahid namizədliyini qəbul edərsinizmi?

- Zamanı gəlməmiş niyə belə şeylər danışırıq ki? Mən hesab edirəm ki, sizin sualınıza cavab verdim. Dedim ki, burda bir neçə namizəd də ola bilər. Mümkündür ki, vahid namizəd başqa yerdən də olsun. Hətta o da baş verə bilər ki, hazırda adıçəkilən insanlardan yox, tamam başqa birisi, yeni bir gənc ortalığa çıxar və olar hər kəsin namizədi. Yəni, zamanı gələr, danışarıq.

- Müttəfiqiniz çox iddialı danışır və özü namizəd olacağını deyib. Bu mənada soruşdum?

- Qardaşım, indi mən Rəsul Quliyevin bütün açıqlamalarına şərh verməli, siz də bütün sualları bu yöndə verməli deyilsiniz ki? Yaxud da sizin qoyduğunuz suallara sizin istədiyiniz kimi cavab verməli deyiləm.

- Aydındır, onda mövzunu dəyişək. 2011-ci il müəyyən qədər aktiv il kimi yadda qaldı, 2012-də Siz nə gözləyirsiniz?

- Hər halda bu ilin başlanğıcında ortaq məxrəcə gəlmək, müxalifətin ineqrasiyası yönündə təşəbbüslər reallaşmaqdadır. İlk siyasi addımı da budur. Hesab edirəm ki, uğurlu addımdır və beynəlxalq aləmin də diqqətindədir. Hətta bizim hərəkatın təsis konfransında - bir gün əvvəl ABŞ səfirliyinin siyasi müşaviri də iştirak edirdi. Bütün bunlar göstərir ki, prosesə kənardan da xeyli diqqət var.

- Müxalifətin 2012-ci il fəaliyyəti birləşmə, inteqrasiya ilə məhdudlaşacaq, yoxsa hərəkətə keçəcəksiniz?

- Mütləq ümumi hərəkət olacaq. Bu, yalnız bizim nəzərdə tutduğumuz tədbirlə olmayacaq. Təbii ki, reallığa uyğun addımlar atılacaq. Bizim qəbul elədiyimiz sənəddə də bunlar öz əksini tapıb.

- Rəsul Quliyev mart-aprel aylarında 100 min nəfərin iştirak edəcəyi mitinqlərdən danışırdı. Bu istiqamətdə hazırlıqlara başlamısınız?

- Sənədimizdə lazım gəldikdə kütləvi aksiyaların, mitinqlərin keçirilməsi də nəzərdə tutulur. Amma bu məsələlər müzakirə tələb edir. Təsis olunan təşkilat dünən yaranıb. Bu istiqamətdə müzakirələr aparılıb, bundan sonra da aparılacaq. Təbii ki, reallıq nəyi tələb edəcəksə, nəyi etmək imkanımız varsa, o tədbirləri də keçirəcəyik. Amma nə zaman, harda, onu situasiya diktə edəcək.

- Əksər həmkarlarınız bu ili dəyişikliklərin başlanğıcı kimi qiymətləndirir. Siz hansısa dəyişikliklər gözləyirsiniz?

- Siz gördünüz ki, biz nəinki dəyşiklikləri proqnozlaşdırırıq, artıq onu reallaşdırırıq.

- Hələlik ortada ciddi işi yoxdur?

- Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatını yaratmışıq. Hesab edirəm ki, hər şey birləşməkdən və hərəkatdan başlayır.

- Mirmahmud bəy, əsas opponentiniz olan hakimiyyətin durumunu necə qiymətləndirirsiniz?

- Biz hakimiyyətin siyasəti ilə razılaşmadığımıza, ona etiraz elədiyimizə görə bir aradayıq. Hesab edirik ki, hakimiyyətin yürütdüyü siyasət yolverilməzdir. Ona görə də ya hakimiyyətin bu siyasətini, ya da onun daşıyıcılarını dəyişmək lazımdır. Azərbaycan cəmiyyətində ölkədə köklü dəyişikliklər imkanı var, bu güc həm siyasilərdə, həm də onları dəstəkləyən ictimaiyyətin əlindədir. Bu həm yeni yaranan, həm də mövcud olan birliklərin istək və arzularına uyğun olaraq gerçəkləşə bilən məsələdir.

- Bəs, bu dəyişiklik nə zaman reallaşa bilər?

- Hər halda bütün bu proseslər dünyada baş verənlərdən və Azərbaycanda baş verəcək adekvat addımlardan daha çox asılıdır. Biz isə öz missiyamızı yerinə yetirəcəyik.
Onu da nəzərə çatdırım ki, Azərbaycan cəmiyyəti dəyişiklik etmək gücündədir və bu məsələlər də bizdən irəlilədir. Hesab edirəm ki, bu prosesin başlanması uzun çəkməyəcək. Cəmiyyət də, siyasi güclər də qüvvələrini birləşdirib ölkədə ciddi dəyişikliklərin reallaşmasına nail olaq.

Mia.az