““Qarabağ”ın erməni dilində heç bir mənası yoxdur” - Prezident

qarabagin-ermeni-dilinde-hec-bir-menasi-yoxdur-prezident-
Oxunma sayı: 697

Azərbaycanın əsas sosial və siyasi problemlərindən biri Ermənistanın təcavü və işğalından əziyyət çəkən qaçqınların və məcburi köçkünlərin problemidir. Bunu Azərbaycan prezidenti İlham Əliyev Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyasının rəsmi açılış mərasimində deyib. Onun sözlərinə görə, işğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Təxminən 50 min azərbaycanlı Dağlıq Qarabağdan, 700 mindən artıq insan Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonundan qovulub. 250 min azərbaycanlı isə etnik təmizlənməyə məruz qalaraq Ermənistandan çıxarılıb: “Ümumi olaraq, bir milyon insan qaçqın və məcburi köçkündür. Bu rəqəm 1994-ci ilin göstəricisidir. Təxminən 20 il keçir və Azərbaycanda müsbət demoqrafik vəziyyəti götürsək, onlar hazırda bir milyondan çoxdur. Təbii ki, bu, böyük siyasi, iqtisadi və sosial yükdür. Bu insanların öz yurdlarına qayıtmaq hüququ var”.

İlham Əliyev məlumat verib ki, təxminən 20 ildir Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri ermənilərin işğalı altındadır: “Bu təcavüz və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. Artıq qeyd etdiyim kimi, bir milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkündür. Beynəlxalq təşkilatlar Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxsaylı qərarlar qəbul ediblər. BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Avropa Parlamenti və Avropa Şurası da bu cür qətnamələr qəbul edib. ATƏT-in zirvə görüşlərində və digər beynəlxalq təşkilatlarda oxşar qərarlar qəbul edilib. Lakin əfsuslar olsun ki, Ermənistan rəhbərliyi həmin qərarlara məhəl qoymur və bu qətnamələri yerinə yetirmir, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxlamaqda davam edir.

“Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Biz tarixi yaxşı bilirik. Bilirik ki, ermənilərin Dağlıq Qarabağa kütləvi şəkildə köçürülməsi XIX əsrdə başlayıb. Bu bölgə Azərbaycanın tarixi hissəsidir. “Qarabağ” sözü elə bizim sözdür. Erməni dilində bunun heç bir mənası yoxdur. Tarixi baxımdan tamamilə aydındır ki, bu məsələ belədir. Hüquqi baxımdan Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycan BMT-yə Dağlıq Qarabağla birgə üzv olub. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Bu isə mövqeyimizi daha da möhkəmləndirir. Tarixi və hüquqi baxımdan tamamilə aydındır ki, bu məsələ belədir. Beləliklə, biz danışıqların mahiyyətinə gəlirik. Əfsuslar olsun ki, artıq 20 ildir hətta dəqiq olsaq, iyirmi il və bir həftə öncə ATƏT-in Minsk qrupu yaradılıb. Bu təşkilat münaqişənin nizamlanması məqsədilə yaradılıb. Əfsuslar olsun ki, iyirmi il ötüb və bu münaqişə həll olunmayıb. Torpaqlarımız hələ də işğal altındadır. Dağlıq Qarabağla qonşu olan rayonlar da dağıntılara məruz qalıb. Şəhərlərimiz yerlə yeksan edilib, məscidlərimiz, əcdadlarımızın qəbiristanlıqları dağıdılıb”, - İlham Əliyev bəyan edib.

Azərbaycanın dövlət başçısının sözlərinə görə, bütün bunlar məhz ATƏT-in qiymətləndirmələrində və hesabatlarında əks olunub: “İki dəfə ATƏT öz heyətlərini göndərib. Birinci dəfə faktaraşdırıcı, ikinci dəfə isə sahədə qiymətləndirmə missiyası olub. Həmin dağıntılar hesabatda aydın şəkildə qeyd edilib. Orada Ermənistanın işğalçı qüvvələrinin yerli və dinc əhaliyə qarşı etdiyi hərəkətlər öz əksini tapıb. İyirmi il öncə biz müasir tariximizdə ən faciəli anları yaşadıq - Xocalı soyqırımı. Xocalı şəhərinin 613 dinc sakini, o cümlədən 106 qadın və 63 uşaq ermənilər tərəfindən qətlə yetirilib, 100-dən artıq vətəndaşımız itkin düşüb. Xocalı soyqırımı barbarlıq aktı və faşizm təcəssümüdür. Bu, XX əsrin sonunda baş verən ən böyük faciədir. Bu gün müxtəlif ölkələrin parlamentləri bu məsələni müzakirə edir. İki parlamentdə Xocalı faciəsi məhz soyqırımı aktı kimi qeyd edilib. Əminəm ki, bu məsələ, həmçinin digər parlamentlərin qərarlarında da öz əksini tapacaq”.

“Dağlıq Qarabağ münaqişəsinin həlli çox aydın görünür”, - deyən prezident bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü bərpa olunmalı, Ermənistanın işğalçı qüvvələri işğal olunmuş ərazilərdən çıxmalıdır. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə yerinə yetirilməlidir: “Bu gün Dağlıq Qarabağdakı insanlar və Dağlıq Qarabağdan qovulmuş şəxslər öz yerlərinə qayıtmalı, sülh, dostluq və əməkdaşlıq şəraitində yaşamalıdırlar. Azərbaycanda çoxmillətli və çoxkonfessiyalı cəmiyyət mövcuddur. Bizim tariximizdə heç vaxt milli və dini zəmində toqquşma və münaqişə olmayıb. Biz müxtəlifliyimizdən fərəhlənirik və fərəh hissi ilə qeyd edirik ki, bir çox millətlərin nümayəndələri ölkəmizdə bir ailə kimi yaşayırlar. Əslində bu, çox vacibdir və Azərbaycanın vacib dəyəridir. Bu fakt, həmçinin beynəlxalq təşkilatların hesabatlarında əksini tapıb. Dinlərarası dialoqa həsr olunmuş beynəlxalq tədbirlərin keçirildiyi yerin məhz Azərbaycan olması təsadüfi deyil. Biz multikulturalizmlə bağlı çox mühüm beynəlxalq forumlar keçirmişik. Hesab edirəm ki, bu nümunədən, həmçinin digər ölkələrdə istifadə edilə bilər. O ölkələrdə ki, orada müxtəlif millətlərin nümayəndələri yaşayır və bir araya gəlir. Bəzi ölkələrdə siyasətçilərin bəyanatlarında deyilir ki, çöxmədəniyyətlilik artıq ölüb, mövcud deyil. Bu bəyanatlar çox təhlükəlidir. Biz bundan çox narahatıq. Çünki əslində multikulturalizmin alternativi yoxdur. Multikulturalizmə alternativ özünü təcridetmə, ksenofobiya və dini, milli zəmində toqquşma deməkdir. Buna görə də Azərbaycanın və eyni vəziyyətdə olan bir çox digər ölkələrin nümunəsi əsasında sübuta yetirmək vacibdir ki, biz çoxmədəniyyətli ölkədə və dünyada yaşamalıyıq”.