Qoca gürcü məni necə pərt etdi...

qoca-gurcu-meni-nece-pert-etdi
Oxunma sayı: 649

Tanışlıq mərhələsindən sonra başlayan söz-söhbət acı bağırsaq kimi uzandığı üçün gözümüzü yumub, beşcə dəqiqə dincəlməyə vaxt tapa bilmirdik.

Axşam qonaqlar dağılandan sonra fermer dostumun qoyun-quzusunu otaran qoca gürcü ziyarətimizə gəldi. Sovet hökuməti dağılandan sonra əslən Qaraçöpdən olan fermerlərin təsərrüfatında çalışan bu adam Azərbaycan dilində Elmar Məmmədyarovdan yaxşı danışırdı. Hal-əhval tutandan sonra mənə köntöy bir sual verdi: “Azərbaycanda dağ yoxdur?”

Bir qədər pərt olsam da, özümü tez ələ almağı bacardım. Bu qoca gürcünün nəyə eyham vurduğunu dərhal başa düşdüyüm üçün ona bir qədər acıqlı cavab verdim: “Azərbaycanda elə dağlar var ki, başına çıxıb aşağı baxanda adamın gözləri qaralır”.

Deyəsən, həmsöhbətim səhv etdiyini anlamışdı. Buna görə də mənim könlümü almağa çalışdı: “Bizim bu dağlara xoş gəlmişsiniz. Xahiş edirəm, məni düzgün başa düşün. Demək istədiyim odur ki, Sizin Qəbələ bizim Cavaxetiyadan daha gözəldir”.

Bundan sonra söhbətimiz normal axarda davam etdi. Məlum oldu ki, indi çobanlıq edən bu adam cavan vaxtı sürücü işləyib. Tez-tez Azərbaycanın müxtəlif bölgələrinə yük daşıdığı üçün ölkəmizi beş barmağı kimi tanıyır. Biz köhnə dostlar kimi dərdləşməyə başlayanda, o, ikinci dəfə məndən istirahət etmək üçün niyə Qəbələyə getmədiyimi soruşdu. Həmsöhbətimin bu sualında başqa məna olmadığı üçün ona səmimi cavab verdim: “Mən, iki aylıq maaşıma üst-üstə qoysam da, Qəbələdə bir həftə dincələ bilmərəm”.

Təəccübdən az qaldı ki, kişinin gözü kəlləsinə çıxsın. Mən, Azərbaycandakı bahalıq barədə ona məlumat verəndə, əllərini göyə qaldırıb, bu sözləri dedi: “Allah onda üzümüzə baxıb ki, Gürcüstanın nefti yoxdur. Yoxsa, beş gün dincəlmək üçün biz də sizin kimi yollarda qalardıq”.

Mən, neft ölkəsində yaşamağın üstünlüyündən danışıb, qarşımdakı qocanı qıcıqlandırmaq istəmədim. Həmsöhbətim tərs adama oxşayırdı. Əsəbləri ilə oynayacağım təqdirdə, mənə belə bir sual verməyəcəyinə əmin deyildim: “Bir vətəndaş kimi sən özün neftdən nə vaxt xeyir görmüsən?”

Bu suala verməyə məntiqli cavabım olmadığı üçün söhbəti dəyişmək məcburiyyətində qaldım. Açığı, ikinci dəfə pərt olmaqdan qorxurdum...