Sovet dövründə onun əsərləri çap edilmirdi. Kitabları KQB-nin tapşırığı ilə məhv edilirdi. Hekayələri “samizdat” nəşrlərdə çıxırdı. Buna görə, SSSİ Yazıçılar Birliyindən qovulur. 1978-ci ildə Qərbə mühacirət edir. “Yeni Amerikalı” qəzetində çalışır. Qəzetin baş redaktoru olur. Bəziləri onu Amerikanın tulası adlandırırdı. Qərbin agenti deyirdilər. Dediklərini də onun əsərləri ilə əsaslandırırdılar. Lakin bütün bu fikirlər gülməli idi. Sovetdən bezib xaricə gedən adam Soveti tərifləməli idimi?! Əlbəttə ki – yox. Özü də Dovlatov tək Soveti tənqid edirdimi?! Yox. Köşə yazılarında Amerika cəmiyyətindəki eybəcərlikləri də göstərirdi. 12 illik emiqrasiya dövründə 12 kitabı çıxır. Rusiyada isə ancaq 1990-larda dərc olunur. O, dissident idi...
Dovlatovun əsərlərində qəliz süjet xətti yoxdur. Onun romanlarını mən hekayələr toplusu adlandırardım. Məsələn, ”Zona”, ”Kompromis”, “Çemodan” romanlarının içindən azı 50-dən çox hekayə çıxartmaq olar. “Tənhaların Marşı” kitabı isə köşələr toplusudur. Ancaq üç-dörd hekayə var ki, ona köşə deməyə dilim gəlmir. Elə o hekayələrdən ikisi “Qafqazinfo”-da dərc olundu – mənim tərcüməmdə...
Dovlatovun bir çox hekayələri lətifə kimidir. Ancaq – səviyyəli lətifə kimi. Səviyyəsiz “erotik lətifələr” danışan gənclərimiz bu bağlantını qanmaz. ANS-də meyxanaya qulaq asanlara belə hekayələr maraqlı gəlməz. Elə belələri özünə zülm verib oxumasa yaxşıdır.
Dovlatovun əsərlərində gərgin psixoloji məqamlar yoxdur. Zəlimxanyaqubvari sinonimlər, cümlələr yoxdur. Pafos yoxdur. Yumoru, ironiyası yumşaq və sərtdir. Cümlələri sadə və qısadır. Asan oxunur. Adamı yormur. Əksinə, adam dincəlir. Universitetdə uzun-uzun cümlələrdən ibarət mühazirələrə qulaq asıb, yazdıqlarını əzbərləyib lövhə qarşısında danışan tələbələr Dovlatova gülərlər. Buna əminəm.
Dovlatovdan yazmaq çətindir. Çünki, o özü - özü haqqında yazıb. Puşkin qadınların arxasınca sürünürdü... Dostoyevski qumara qurşanmışdı... Yesenin restoranlarda kef çəkirdi və dalaşırdı... Bu, onlar üçün normal idi. Dovlatov da elə... O, deyirdi: “Vaxt var idi mən çox içirdim. Və təbii olaraq, harda gəldi boşboğazlıq edirdim. Buna görə, çoxları elə fikirləşirdi ki, mən söhbətciləm. Ancaq ayılmağım bəs edirdi ki, sanasan - mən heç vaxt söhbətcil olmamışam.”
Bir dəfə Dovlatovun dostu Bernoviç ona deyir: 30 yaşına kimi yazıçının bütün problemləri həll olunmalıdır. Bir problem istisna olmaqla – necə yazmaq? Dovlatov isə cavab verir ki, əsas problemlər – həllolunmazdır. Məsələn, atalar və oğulların münaqişəsi. Hisslə borc arasında ziddiyyət...
x x x
Seymur Baycan. “Quqark” romanı. Publisistik məqalələri. Köşələri. Və Sergey Dovlatov. Daha dərinə gedək: Dovlatov yazıçı uğursuzluğundan şikayətlənirdi - Seymur Baycan da uğurun zirvəsində hiss etmir özünü. Dovlatov möhkəm vuran idi - Seymur Baycan da az içmir. Dovlatov tənbəl idi - Seymur Baycan da fəal deyil. Dovlatov zarafatcıl idi - Seymur Baycan da zarafatından qalmır. Dovlatovun qadın problemi var idi - Seymur Baycan da tükəzbanları sancır. Dovlatov avtobioqrafik romanlar yazırdı - Seymur Baycan da öz həyatından yazıb. Dovlatov xarici görünüşcə Stalinə bənzəyirdi...
Bizdə bəzi yazarlar Sergey Dovlatovun soyadını milliləşdirirlər. Mən bu adamları anlaya bilmirəm. Əgər belələri Dostoyevskinin soyadını “Dostəyevski” kimi yazsa, heç təəccüblənmərəm. Anlamaq olmur - Dovlatovu Dövlətov etməknən nə olur axı?! Əgər nəsə olursa, onda deyirəm: Sergey Dovlatov – Rusiyanın Seymur Baycanıdır!
Son xəbərlər
Son Xəbərlər