Sevinc Osmanqızının “Sülh missiyası”na sözardı

sevinc-osmanqizinin-sulh-missiyasina-sozardi
Oxunma sayı: 2246

Təbii ki, ANS-də. Sevinc Osmanqızının jurnalist araşdırmasının nəticəsi olan “”Sülh missiyası-2” bildiyim və bilmədiyim faktları yenidən saf-çürük etməyimə imkan yaratdı. Yadıma saldığım bəzi detalları kompyuterin yaddaşına köçürdüm.

Birinci: Vertolyot vurulan gün Bakıya gəlməliydim. Ağdam aeroportunda təyyarənin gəlişini gözləyirdim. Bakıdan gələn təyyarə yerə endi. Sərnişinlər arasında bir neçə saat sonra vertolyotda qətlə yetiriləcək nümayəndə heyəti də vardı. Onlar təyyarənin pilləkənləri qarşısındən maşınlara oturub Ağdama yollandılar. Bir neçə saat sonra həmin təyyarə ilə mən Bakıya gəldim. Bir neçə saat sonra. Ağdam aeroportunda təyyarə bu qədər ləngimirdi. Ləngimənin səbəbini soruşduq. Cavab belə oldu: “Bakıdan gələnləri gözləyirik”. Belə çıxır ki, ilkin plana görə müşavirədən dərhal sonra nümayəndə heyəti geri qayıtmalı idi. Amma qayıtmadı.
İkinci: Həmin gün təyyarə gecikməsinin yaratdığı bekarçılıqdan aeroportun hər tərəfini sanki videolentə yazırmış kimi bir daha müşahidə etdim və yaddaşıma köçürdüm. Nümayəndə heyətinin harasa uçması üçün aeroportda vertolyot yox idi. Maraqlıdır ki, vertolyot haradan gəldi və onu kim çağırtdırdı?

Vertolyotun haradan gəlməsi kələfin uclarından biridir.
Üçüncü: Bakıya çatandan sonra işləri görüb qohumlarımgilə gəldim. Efirdə matəm musiqisi və Rafiq Hüseynovun oxuduğu xəbər. “Vertolyot dumanda dağa dəyib”. Bunu eçidən kimi ilk reaksiyam “yalandı” qışqırmaq oldu. Qohumlarım “nə yalandı?” deyə soruşdular. Məsələ burasındadır ki, həmin gün hava buludlu olsa da, duman yox idi. O cümlədən də vertolyot vurulan ərazidə. Bilməyənlər üçün deyim ki, Ağdam aeroportundan həmin əraziləri - Gülablı və Qarakənd dağlarını müşahidə etmək olur. Deməli, belə bir xəbəri Ağdamdan kimsə Bakıya ötürə bilməzdi. Əgər “duman” xəbəri Bakıya Ağdamdan ötürülübsə, bunu kim ötürüb? Bakıda düşünülübsə, kim düşünüb?

Sözsüz ki, “duman” məsələsi də kələfin ucu ola bilər.
Dördüncü: Vertolyota minməyənlər barədə çox danışılır. Hətta Sevinc Osmanqızı da müsahibəsində bildirib ki, hamı nədənsə “mən də o vertolyotda olmalıydım” deyə yalan uydurur. Amma hadisədən sonra mənə məlum olan faktlar və ümumiyyətlə, Azərbaycanda baş verən ictimai-siyasi proseslər deməyə əsas verir ki, sui-qəsdi hazırlayanların o vertolyota mindirmək istədiyi daha iki şəxs ola bilərdi. Valeh Bərşadlı və Tamerlan Qarayev. Valeh Bərşadlının peşəkarlığı və Tamerlan Qarayevin siyasi çəkisi müəyyən dairələri narahat etməyə bilməzdi. Sonrakı proseslər də göstərdi ki, onların proseslərdən təcrid olunması və daim cəmiyyətin gözündən salınması üçün kifayət qədər ciddi iş aparıldı.

Bu şəxslərə qarşı antipatiyanın bəhrələndiyi mənbənin araşdırılması da kələfin ucu ola bilər.
Beşinci: Ağdamda kifayət qədər döyüşkən və təcrübəli komandirlərdən biri məhz çoxlarının yaddaşında “Qatır Məmməd” ləqəbi ilə qalan Yaqub Rzayev idi. Yaqub Rzayevin bu hadisə ilə bağlı öz ehtimalları vardı. Bu ehtimalları təbii ki, o yuxuda görməmişdi və müəyyən faktlara da malik idi. Amma Yaqub Rzayevin müəmmalı həbsi və ondan da müəmmalı ölümü onun ehtimalları barədə söhbətlərə son qoydu. Hesab etmək olar ki, onun ölümündə bu faciə barədə bildikləri də “az rol” oynamayıb.

Məncə, Yaqub Rzayevin həbsinin, ölüm faktının arxasında nəyin və kimin dayandığının araşdırılması kələfin daha bir ucudur.
Kiminsə subyektiv hesab edə biləcəyi bütün bu faktları sadaladıqdan sonra hesab edirəm ki, Sevinc Osmanqızı “Sülh missiyası”nı davam etdirməlidir. Uğurlar...