“Bu Azərbaycan üçün çox ciddi məsələdir”

bu-azerbaycan-ucun-cox-ciddi-meseledir
Oxunma sayı: 2227




Dünya İqtisadi Forumunun hesabatında qlobal rəqabət qabiliyyətlilik indeksi üzrə Azərbaycan dünyanın 148 ölkəsi arasında 39-cu yeri tutub. Eyni zamanda Azərbaycan İKT göstəricilərinə görə xeyli yüksəlib. 

Dünya İqtisadi Forumun Azərbaycanla bağlı göstəricilərini Milli Məclisin İqtisadi Siyasət Komissiyasının üzvü, millət vəkili Əli Məsimli “Qafqazinfo”ya açıqlamasında şərh edib. Əli Məsimli bildirib ki, Azərbaycan bundan əvvəlki illərdə yəni 2011, 2012-ci illərin göstəricilərinə əsasən isə 46-cı yerdə qərarlaşmışdı: “ 2013, 2014-cü ilin hesablamalarına görə isə 39-cu yerdədir. Bu başqa postsovet ölkələri ilə müqayisə ediləndə Azərbaycan Baltikyanı ölkələrdən geri qalsa da, MDB ölkələrindən irəlidədir. Azərbaycan əgər bu reytinq cədvəlində 39-cu yeri tutursa, enerji daşıyıcı dövlətlər olan Qazaxıstan 50, Rusiya isə 64-cü yeri tutur. Digər ölkələr isə Gürcüstan 72, Ermənistan 79, Ukrayna 84-cü yeri tutur. Bu da açıq göstərir ki, rəqabət qabiliyyətlilik indeksinə görə Azərbaycan MDB məkanında ən rəqabətqabiliyyətli ölkəyə çevrilib”. 

Əli Məsimli qeyd edib ki, bu indeks bir sıra göstəricilərdən çıxış edilərək hesablanılır: “Onların içərisində Azərbaycan üçün ən yaxşı yer makroiqtisadi sabitlikdir. Baxmayaraq ki, Azərbaycanda son illər neft hasilatı aşağı düşür. Bu Azərbaycan iqtisadiyyatı üçün çox ciddi məsələdir. Amma neftdənkənar sahənin 10 faizi, bəzən isə 10 faizdən çox artması hesabına makroiqtisadi sabitlik reytinqinə görə Azərbaycan 80-ci yer tutur. Bu hesab edirəm ki, çox müsbət bir haldır. Eyni zamanda əmək bazarının indeksləşmiş göstəricilərinə görə Azərbaycan 30- cu yerdədir. Qalan göstəricilər görə isə orta rəqabət qabiliyyətli reytinqə əsasən aşağı yerlərdədir. Məsələn, texnologiya səviyyəsinə görə 50-ci yerdədir. İnnovasiya potensialı göstəricisinə görə 60-ci yerdədir. Təsisatların keyfiyyətinə görə 59-cu yerdədir. Bunlar da pis yerlər deyil. Amma bu yerlər də göstərir ki, məhz Azərbaycan makroiqtsadi sabitlikdə əldə etdiyi çox dayanıqlı göstəricilərini innovasiya, texnologiya səviyyəsinin də artırılması istiqamətində görməlidir. Bunların da keyfiyyətinin artırılması istiqamətində işlər görülməlidir. Çox ciddi göstəricilərdən biri də Azərbaycanın gəlirlərinin 50 milyard dollar göstəricisində formalaşmasıdır. Bu da rəqabətqabiliyyətlilik göstəricisinə təsir edən amildir ki, Azərbaycanda gəlirlər də davamlı olaraq artmağa başlayıb. Azərbaycanın xarici borcu 5, 7 milyard dollardır ki, bu da Azərbaycanın strateji valyuta ehtiyatlarlarından 9 dəfə azdır. Yaxud Azərbaycanın strateji valyuta ehtiyatları onun xarici borcundan 9 dəfə çoxdur. Bu da çox ciddi göstəricidir. Eyni zamanda hansı ölkənin ki , xarici borcu ümumdaxili məhsulun 30-40 faizindən keçirsə, iqtisadi təhlükəzislik baxımından ciddi problemlərlə rastlaşır. Amma Azərbaycanın xarici borcu ümumdaxili məhsulun cəmisi 8 faizini təşkil edir”. 

Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən islahatların içərisində makroiqtisadi sabitliyin möhkəmlənməsi bilavasitə Azərbaycanın imicinə müsbət təsir göstərir: “Başqa göstəricilər də islahat aparılmalıdır. Tutaq ki, biz əmək bazarının reytinqinə görə 30-cu yerdəyik. Azərbaycanda 250 mindən çox işsiz var. İnsanların sadəcə işlə təmin edilməsini yox, regionlarda xüsusi yüksək əmək haqqılı iş yerləri ilə təmin edilməsi istiqamətində addımlar atılmalıdır. Eyni zamanda idarəetmənin keyfiyyətini yaxşılaşdırmaqla xeyli dərəcədə bu sahədə də müsbət keyfiyyətlərə nail olmaq olar. Başlanan korrupsiyaya qarşı mübarizə tədbirlərininin coğrafiyasının genişləndirilməsini , digər tərəfdən rəqabət qabiliyyətlilik ölkədə sağlam rəqabətin inkişaf etdirilməsi bizim üçün ümumi bazanın genişlənməsi istiqamətində ciddi təşkilatı işlər görülməlidir. Buna görə də Rəqabət Məcəlləsinin qəbulunu sürətləndirmək lazımdır. Bir tərəfdən isə inhisarlara qarşı beynəlxaql praktikada özünü doğruldan effektli antinhisar tədbirlərini genişləndirmək lazımdır. Bunlar düzəlsə, məcmu halında götürsək, Azərbaycan sosial göstəriciləri adambaşına düşən ümumdaxili məhsul göstəricilərinə hardasa 76-cı yerdən 50-cı yerə qədər qalxa bilərik. İnsan inkişafı göstəricisinə görə Azərbaycan 70-80 cı yerlərə doğru hərəkət edə bilər. Bu da əhalinin göstəricilərinin yaxşılaşmasına müsbət təsir göstərə bilər. Başqa reytinq göstəricilərində irəliləməsi Azərbaycana müsbət təsir göstərir. Bu isə Azərbaycabna xarici investisiyaların axınını gücləndirmiş olar. İnvestisyaların bir hissəsi regionlara gedər, həm də əməkhaqların qalxmasına, işyerlərinin açılmasına, regionlarda əhalinin vəziyyətinin yaxşılaşdırılmasına müsbət təsir edə bilər”. 

Günel Türksoy