Bu qədər tüpürcəyi necə götürmək olar?.. - MTN generalları

bu-qeder-tupurceyi-nece-goturmek-olar
Oxunma sayı: 16874

Elbrus Ərud

Azərbaycanın ictimai-siyasi həyatında baş verənlər çox nadir hallarda cəmiyyətin vecinə olur. MTN olayı da həmin istisnalardan biri oldu. Demək olar ki, ölkədə uşaqdan böyüyə hər kəs bu quruma öz “rəğbətini” ifadə elədi. Azərbaycanda öz nüfuzuna və əlçatmazlığına görə, bəlkə, Prezident Administrasiyasını da ötüb keçən bir qurum bir anın içində “Jek” səviyyəsinə düşdü. İndiyə kimi yaxınının, qohumunun MTN-də işləməsi ilə öyünən adamlar, bundan sonra xəcalət hissi ilə bədəl ödəmiş olacaqlar. Bu hiss yadıma bir nostaljini salır. Bir neçə il əvvəl reket jurnalistikanın tüğyan elədiyi vaxtlarda bir ifadə dəbdə idi. Guya abırlı jurnalistlərdən hansı peşənin sahibi olduqları soruşulanda deməyə utanır, reketlərə görə öz peşələrini gizlədirdilər. İndi həmin vəziyyət MTN-şiklərə münasibətdə yaranıb. Həm də əsl reketlərin kimliyi üzə çıxıb. Bax, ictimai rəy demək, bu deməkdir.

Eldar Mahmudovun işdən qovulmasından sonra yaxşı bir yazı yazmaq istəsəm də, qeyd etdiyim kimi açıqlanan milyonlarla rəyin içində daha bir rəy də mən bildirib, necə deyərlər rəysizlik əmələ gətirmək istəmirdim. Bir də bir ay əvvələ kimi MTN-in binasının qabağından keçəndə o tərəfə baxmağa cürəti belə çatmayanların indi generalları yıxıb-sürüməsi istər-istəməz adamlarda istehza yaradırdı. Əl-qərəz yazmaq istəmirdim, amma yazdım. Mənim bu proseslərlə bağlı öz qənaətim, özümə görə dəhşətli düşüncələrim və ciddi təkliflərim var. Adətən, yazı ilə heç kimə nəsihət vermək fikrində olmuram. Budəfəki təkliflərim isə kimliyimə görə balaca görünməsin, Azərbaycanın dünyanın düşdüyü böhran quyusundan xilası hesab oluna bilər...

Məsələ belədir ki, Eldar Mahmudovun işdən qovulması, ondan sonra vəzifəsini itirən dəstə-dəstə generallar, tutulanlar, dalğanın böyüyərək Rabitə Nazirliyini əhatə etməsi və bundan sonra da baş verəcəklər mənə görə, xəbərdən başqa bir şey deyil. Mən buna yalnız iki formada sevinirəm. Bir xəbər yaxşı oxunur, bir də illərlə yaranmış vəzifə tıxacları heç olmasa bu yolla aradan qalxır, kadrlar yenilənir və istər-istəməz dəyişikliklər baş verir. Yəni mənim jurnalist marağım bu iki əsas faktordan uzağa getmir. Çünki reallıq hissini itirməyən insanlardanam və bilirəm ki, bu gün prezident əlini tutaq ki, MTN-ə yox, DİN, Prokurorluq, FHN, elə bu MTN əməliyyatlarını keçirən XDMX-nin özünə tərəf çevirsə, aşağı-yuxarı eyni situasiyanın üstü açılacaq. Məlum olacaq ki, həmin qurumlarda işləyənlər də vəzifəsinin öhdəsindən gələ bilmir, rüşvət alır. Çünki həmin qurumlarda işləyənlərin hamısı bizik, biz də ki, harada varıqsa deməli, orada öz ənənələrimizi davam edirirk. Guya biz özümüz düz işləyirik? Və ya MTN-in yeni yığılan komandası hər şeyi düzəldəcək? Qətiyyən yox. Çünki ortada insan faktoru varsa və bu Azərbaycan insanıdırsa, onun dövlət tərbiyəsi, ictimai şüuru formalaşmayıbsa, adamlar səhər işə gələndə dövləti bir addım irəli aparmaq naminə yox, evə bazarlıq eləmək naminə gəlirlərsə, biz heç vaxt bir addım nədir, heç bir qarış da irəliləməyəcəyik. İstəyir Azərbaycanda on nazir birdən yox, on hökumət birdən dəyişsin, xeyri yoxdur. Bəlkə sonrakılar bundan da betər olacaq. Mövzudan çox yayınsaq da sizə bir konkret misal çəkim. Bu gün istənilən küçədə villaların qarşısından keçəndə küçələrin vəziyyətini görübsünüz. Üç-dörd milyon verib villa tikdirənlər iki kamaz asfalt töküb küçədəki çala-çökəyi doldurmaq tərbiyəsində olmur. Bax hər kəsin özünü düşünməsi, evinin içini fikirləşməsi, bir manatını da ümümi mənafe naminə xərcləmək istəməməsi gətirib belə fəsadlara çıxarır.

Demək məni bu hadisədə heyrətləndirən yeganə amil indiyə kimi Eldar Mahmudov daxil işdən çıxarılan, tutulan bir zabitin belə əlini silahına ataraq cəsarətli davrana bilməməsi, bundan sonrakı nəsillərinə də bəs edəcək xəcalətdən qurtula bilmək üçün başına demirəm, ayağına bir atəş aça bilməməsidir. Buların bizi soymağı, reketlik eləməyi bir yana (bayaq dedim ki, aşağı-yuxarı hamımız o gündəyik) bəs onların zabit şərəfi harada qaldı? Yəni bu qədər general sürüsünün (məhz burda ordusu deməyə dilim gəlmir) içində bir nəfər kişi çıxıb başına güllə sıxmağa cəsarəti çatmadımı. Göründüyü kimi çatmayıb. Deməli, onlar bu rütbəni, zabit adını, bu pillələri can qoyaraq əldə etməyiblər. Bu yolda onların biri zəhmət çəkmiş olsaydı, heç olmasa bu biabrçılığa dözməyib kişi kimi ölməyi tərciyə edərdi. Nəinki, bu qədər tüpürcəyi götürməyi.

Sizə ikinci mühüm amili də deyim. Bəzən deyirlər, tutaq ki, Eldar Mahmudov çetesi haqqında danışarkən guya Milli Təhlüksəzilik Nazirliyi sözünü işlətmək düzgün deyil. Guya bu qurumda yüzlərlə şərəfli vətəninə sadiq adamlar işləyir. Nə deyim... İnanmaq istərdim. Ancaq bu məntiq məni inanmağa qoymur. Yəni, o şərəfli zabirtlərdən heç olmasa birinin Eldar Mahmudovun əməllərinə etiraz edib ortaya çıxmaq cəsarəti yox idi? Desək, xəbərsiz olublar, düz olmazdı. Ən azı adamlar “çekist” olublar. Bilib susmaq da, elə cinayətə ortaq olmaq kimidir. Deməli, onların heç biri günahsız deyil və eyni səviyyədə məsuliyyət daşıyırlar.

Keçək məsələnin daha maraqlı və mediadan daha dəqiq görünən tərəfinə. Maraqlı bir məqam odur ki, indiyədək kadr islahatlarının, yüksək vəzifə tutan və oliqarxa çevirilən şəxslərin işdən çıxarılmasının çətinlikləri haqqında fikir yürüdənlər artıq görürlər ki, cəmiyyət və media bu məsələdə necə deyərlər beş əlli şəkildə ölkə prezidentinin yanındadır. Bu müsbət haldır, demək olar ki, ölkənin bütün mediası istisnasız olaraq ölkə başçısının bu addımlarını təqdir edir, tirajlayır və məhz “ölçü götürülmə”, “cəzalandırma” kimi təqdim edirlər. Mətbuat bu məsələdə prezident İlham Əliyevin dediyi ictimai nəzarəti tam olaraq ələ alıb və işdən çıxarılan, xəbərdarlıq edilən istənilən məmur haqqında silsilə yazılar dərc olunur, həmin şəxslərin heç də əbəs yerə vurulmadığını faktlarla ortaya qoyurlar. Ona görə də, prezident üçün belə şəraitdə özünün dediyi kimi “toxunulmaz şəxs” anlayışı qalmır və istənilən kadr islahatı şahmat taxtasının üstündə “peşka” ilə xod etmək kimi asanlaşır. Öz komandasından kimisə yarıtmaz fəaliyyətinə görə cəzalandıranda belə bunu reytinqə çevirmək, bir növ nüfuzunu daha da artırmaq da strateji siyasi düşüncə hesab olunmalıdır. Göründüyü kimi cəmiyyət baş verənləri hökumətin bütövlükdə yarıtmazlığı kimi deyil, yarıtmazların kəsilib atılması, komanda islahatı, güclənmə, mövqe möhkəmlədirilməsi kimi xarakterizə edir.

Gələk sonuncu demək istədiyim məsələyə. Yazı çox uzun alındı deyə, sonuncu təklifimi qısa çatdırmağa çalışacam. Məsələ belədir ki, baş verənlər həm də Azərbaycan dövlətinə hava və su kimi lazım olan bir şansı açıb. Dövlət məhz bu adamların başda Cahangir Hacıyev, Eldar Mahmudov olmaqla hamısının var-dövlətini müsadirə etməli və hamının gözü qarşısında pula çevirərək büdcəyə keçirməlidir. And olsun Tanrıya ki, mübaliğəli çıxmasın buların hamısının demirəm, təkcə Akif Çovdarovun pulları ilə Azərbaycan dövləti böhranın sonuna kimi şad- xürrəm yaşaya bilər. Axı nəyə görə onların pulları, əmlakları böhrandan xilasa xərclənməsin? Mərkəzi Bank açıqlayır və görürük ki, indiki ağır durumda aya orta hesabla 170-180 milyon valyuta ehtiyatı xərclənir ki, ölkə ikinci devalvasiya yaşamasın, iqtisadiyyat çökməsin. Belədirsə, kim Eldar Mahmudovun, Cahangir Hacıyevin, Vidadi Zeynalovun pulunun, var-dövlətinin 1 milyarddan az olduğuna inanar? Onlar özləri belə ən az etiraf etsələr, bir milyardın üstündə etiraflar edəcəklər. Ona görə də, iş adamlarının haqqı geri qaytarılandan sonra onların xalqın dili ilə desək şalvarları da çıxarılaraq dövlət büdcəsinə keçirilməli və məmləkət xilas olunmalıdır...