VHP: “Bu problem Avropa Məhkəməsində qaldırılmalıdır”

vhp-bu-problem-avropa-mehkemesinde-qaldirilmalidir-
Oxunma sayı: 643

Bunu “Qafqazinfo”ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının üzvü Əlövsət Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycanda vətəndaşların digər konstitusion hüquqları kimi sərbəst toplaşma azadlıqları da pozulur. Şura üzvü onu da vurğulayıb ki, bununla bağlı çoxlu məhkəmə prosesləri aparılmalıdır. Həmçinin bu problem Avropa Məhkəməsində də qaldırılmalıdır.

Ə. Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin İctimai Palatanın müraciətlərinə verdiyi cavaba da münasibət bildirib. Onun sözlərinə görə, qanunda göstərilir ki, mitinq, piket və ya hər hansı toplantı keçirmək istəyən təşkilatçı İcra Hakimiyyətinə mitinqlə bağlı xəbərdarlıq yalnız etməlidir: “İcra Hakimiyyətinin təşkilatçıya icazə verməmək və yaxud mitinq üçün başqa yer təyin etmək hüququ yoxdur. Əgər müraciətdə göstərilən yerdə eyni vaxta başqa tədbir varsa və ya təmir işləri gedirsə, yalnız bu zaman İcra Hakimiyyəti mitinqin vaxtını dəyişməyi tövsiyə edə bilər”. Ə. Əliyev onu da qeyd edib ki, İcra Hakimiyyəti sərbəst toplaşma azadlığı haqqında qanunu özü istədiyi kimi şərh edir və İcra Hakimiyyətinin İctimai Palatanın müraciətlərinə verdiyi cavablardan əsaslı məhkəmə prosesləri qurulmalıdır.

Fatimə Kərimli