YAP Avropa ilə Asiyanı bir araya gətirdi

yap-avropa-ile-asiyani-bir-araya-getirdi
Oxunma sayı: 648

Konfransın açılışında YAP-ın sədr müavini, icraçı katibi, millət vəkili Əli Əhmədov bildirib ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan öz inkişafında böyük nailiyyətlər qazanıb. O qeyd edib ki, ən böyük nailiyyətlərdən biri də Azərbaycanın 2008-ci ildə dünya iqtisadi-maliyyə böhranından özünü qoruması oldu. "Ermənistan-Azərbaycan münaqişəsinin nəticəsində yaranan yoxsulluq Azərbaycanda 49 faizdən 8 faizə enib. Bu dəyişikliklər bir yandan, ölkədə həyata keçirilən böyük layihələrlə bilavasitə əlaqədardır, ikinci tərəfdən isə, bütün bunların hamısı Azərbaycandakı sosial siyasətin və formalaşmış sosial modelin nəticəsi kimi qiymətləndirilə bilər. Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır", - millət vəkili deyib.

Onun sözlərinə görə, iqtisadi-maliyyə böhranı dünyanın ciddi sosial dəyişikliyə uğramasına gətirib çıxarıb. "Bu zəmində hazırda dünyanın maliyyə resurslarına iddia edənlərin sayı da çoxalıb. İqtisadi böhran aradan qalxsa da, onun fəsadları hələ də mövcuddur. Lakin bu fəsadları Azərbaycana şamil etmək olmaz. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, ölkədəki bütün bu inkişafı Azərbaycan ərazisinin yalnız 80 faizində müşahidə etmək mümkündür. Ərazilərin digər 20 faizində isə həyat, demək olar ki, dayanıb", - Əhmədov deyib.

Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidentinin konfrans iştirakçılarına məktubunu oxuyub.

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" beynəlxalq konfransının məqsədi bütün bu problemlərə işıq salmaq, onların həlli üçün beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulamaq və ölkələr arasında tərəfdaşlıq münasibətlərini genişləndirməkdir.

Forumda, həmçinin Yeni Azərbaycan Partiyasının əməkdaşlıq etdiyi nüfuzlu beynəlxalq təşkilatların - Avropa Xalq Partiyasının və Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının rəhbərləri Uilfrid Martens və Xose de Venesia iştirak edirlər. O cümlədən 30-dan artıq ölkənin nümayəndələri beynəlxalq konfransa qatılıblar.

Konfransda iki böyük məruzə dinləniləcək və müzakirələr dörd panel iclasında davam etdiriləcək. Konfransda iştirak edən Latviyanın keçmiş prezidenti Valdis Zatlers bildirib ki, dünyadakı iqtisadi böhran bütün ölkələrə müxtəlif formalarda təsir göstərib. "Bu baxımdan, biz belə problemləri dəf etmək üçün biliklərimizi paylaşmalı, iqtisadiyyatı inkişaf etdirmək üçün islahatlar həyata keçirməliyik", - Zatlers deyib.

Filippin parlamentinin sabiq sədri, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının daimi komitəsinin həmsədri Jose de Venecia bildirib ki, hər bir ölkənin qarşısında duran əsas çağırışlardan biri iqtisadi problemlərin həll edilməsi, yoxsulluğun səviyyəsinin azaldılmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda bu problemlər artıq həllini tapıb.

Şərqi Asiyada modernləşmə prosesi haqqında ətraflı məlumat verən Jose de Venecia iqtisadiyyatın, xüsusilə də kənd təsərrüfatının inkişaf etdirilməsinə diqqətin yetirilməsinin əhəmiyyətini vurğulayıb.
Jose de Venecia dünyada mövcud olan münaqişələrin həllinin də vacibliyini qeyd edib, diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edərək bildirib ki, problem beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır.

Parisin 7-ci rayonunun meri, Avropa Parlamentinin üzvü Rəşidə Dati konfransda çıxış edərək bildirib ki, Azərbaycanın BMT TŞ-nin qeyri dami üzvü seçilməsi Azərbaycanın dünyanın siyasi məkanındakı mövqeyi üçün böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Azərbaycan bu gün Avropa İttifaqının ən mühüm əməkdaşlarından biridir və bu əməkdaşlığa böyük ehtiyac var. "Azərbaycan zəngin sivilizasiyaya malik güclü dövlətdir. Son iki onillikdə Azərbaycan, sözün əsl mənasında, sabit, oturuşmuş, güclü ölkəyə çevrildi. Azərbaycanda müasirləşmə ilə yanaşı, özünəməxsusluq da qorunub saxlanılır", - Dati bildirib.