Yollarımız da oliqarxların güdazına gedir - Fotosessiya

yollarimiz-da-oliqarxlarin-gudazina-gedir-fotosessiya-
Oxunma sayı: 779

Azərbaycanda son illər sürətlə görülən işlərdən biri də yol tikintisi ilə bağlıdır. Demək olar ki, ölkədə bütün istiqamətlərdə yeni yollar çəkilir, təmir-bərpa işləri görülür. Lakin təəssüf ki, bu yolçəkmə prosesi çox vaxt yolsuzluqla müşayiət olunur. O mənada ki, ya çəkilən yollar keyfiyyətsiz olduğu üçün az bir zamanda dağılır, ya da yenicə çəkilən asfalt qazılaraq ərazidə yaddan çıxan tutaq ki, hansısa kommunikasiya xətti çəkilir.

Yoltikmə prosesləri isə bu işin icraçılarının işinə yarasa da, əziyyəti çəkənlər obrazlı desək təkər altında qalanlar sadə vətəndaşlar olur. Bilərəkdən, ya bilməyərəkdən sadə vətəndaşların dövlətdən narazı salınmasında iştirak edən bu adamlar isə at oynatmaqda davam edirlər.

Məmurların oynatdıqları atın dırnağı altında qalıb əzilən insanların böyük bir hissəsi də Biləsuvar-Bəhramtəpə yolundan istifadə edənlərdir. Biləsuvar sakinlərinin bir qrupu “Qafqazinfo”ya sözügedən yolda baş verənlər haqqında maraqlı fotolar və materiallar göndəriblər. Belə ki, Azərbaycanda Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq daxili investisiyalar hesabına çəkilən Bəhramtəpə-Biləsuvar magistral yolunda faciəli dövr yaşanır.

Əvvəlcədən deyək ki, bu yol SSRİ dövründə çəkilib və ondan sonra heç vaxt əsaslı təmir-bərpa işləri görülməyib. Bu magistiralın bir özləlliyi də onun hərbi əhəmiyyətli olması ilə bağlıdır. Bundan başqa, bu yol cənub rayonlarından keçərək Bəhramtəpəyə, oradan da Qarabağa gedir. Yolun kənarındakı rayonların demək olar ki, əksəriyyəti İranla sərhəddir. Hal-hazırda bu yolun vəziyyəti o qədər dözülməz və keçilməzdir ki, insanlar rayon mərkəzinə zəruri hallarda gedirlər. Cənub rayonlarından gələn avtomobillər isə demək olar ki, bu yolda hərəkəti dayandırıb. Yolun bəzi hissələrində ümumiyyətlə avtomobillə hərəkət etmək mümkün deyil. İnsanlar kənd araları torpaq yollardan istifadə etməyi daha üstün tutular.

Bu yolla bağlı redaksiyamıza müraciət edən sakinlər deyirlər ki, belə bir məqamda 121 kilometrlik yolun tikintisi haqda xəbər böyük sevinclə qarşılanıb. İlkin vaxtlar işlər sürətlə gedib və bir neçə ay əvvəl tikintisinə başlanılan yolun təxminən 15 kilometrlik hissəsi yenidən qurularaq istifadəyə verilib. Rayon mərkəzindən başlayan yolun tikintisi birdən-birə Nəsimi kəndi ərazisində dayandırılıb. Yol tikintisində istifadə olunan texnikalar kənara çəkilərək işə fasilə verilib.


Sakinlər dəfələrlə ölkə rəhbərliyinə, müvafiq qurumlara müraciətlər etsələr də, işlər bu şəkildə yarımçıq buraxılıb. Sakinlər o qədər çarəsiz qalıb ki, kəndlərdəki nüfuzlu seyidlər, mollalar vasitəsi ilə icra hakimiyyətinin, yol tikinti idarələrində qapı-qapı düşərək bu işin tezliklə qurtarmasını istəyiblər. Lakin bunun da bir nəticəsi olmayıb.

Biləsuvar camaatı öyrənib ki, prezidentin sərəncamı ilə tikilən bu yolun dayandırılmasına səbəb iki məmur artasındakı qarşıdurmadır. Sakinlər deyir ki, hazırda Biləsuvarın istifadəsiz, boş torpaqları uğrunda savaş gedir. O cümlədən bu torpaqlardan böyük hissəsi fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən alınıb. Həmin torpaqlarda isə böyük nar bağları salınıb. Məlumatlara görə, həm bu bağlara, həm də rayon ərazisindəki digər məmur torpaqlarına gecə-gündüz, ağır texnikalar vasitəsi ilə peyin, gübrə, su tikintisi üçün lazım olan vasitələr və müxtəlif avadanlıqlar daşınır.

Bu ağır texnikalar isə hər dəfə çəkilməkdə olan yeni yollardan istifadə edir. Bu isə yeni yolların tez bir zamanda dağılmasına səbəb olur. Elə bu səbəbdən də “Azəryolservis”in rəhbəri Cavid Qurbanov sözügedən yolun tikintisini dayandırıb. Bu arada qeyd edək ki, C. Qurbanov dəfələrlə yolların dağılmasında əsas faktorlardan biri kimi ağır texnikanı nişan verib. Qeyd olunub ki, yollarda həddən artıq ağır texnikalardan istifadə edildiyi üçün çəkilən asfalt tezliklə sıradan çıxır.

Lakin maraqlıdır ki, bu ağır texnikalar kimindir? Kimə daşıyırlar, kimə işləyirlər? Bəyəm bütün bunların altını sadə vətəndaşlarımı çəkməlidir? İnsanları bu qədər incitmək, öz nüfuz davasına qurban vermək, kefi istəyəndə yolu çəkmək, istəməyəndə ortada buraxmaq nə deməkdir axı?

“Qafqazinfo” olaraq mövzunu diqqətdə saxlayacaq və araşdırmaları davam etdirəcəyik.

Bu arada yazıda adları keçən tərəflərin də mövqeyini dərc edə bilərik.