Cabbar Savalanlı ilə bağlı məhkəmə keçirilib

cabbar-savalanli-ile-bagli-mehkeme-kecirilib
Oxunma sayı: 688

Məlumatı “Media forum” saytına vəkil Əsabəli Mustafayev verib. Cabbar Savalanlı fevralın 5-də tutulub. Mayın 4-də Sumqayıt Şəhər Məhkəməsi onu 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Gənc fəal Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinib. Cabbar Savalanlı və müdafiəçiləri ittiham rədd edir, siyasi sifarişli qondarma iş adlandırır.

Əsabəli Mustafayevin sözlərinə görə, iyunun 16-da keçirilən iclasın məhkəmə prosesinə hazırlıq xarakteri daşıdığını və havanın isti olduğunu nəzərə alıb Cabbar Savalanlının məhkəməyə gətirilməsi tələbi irəli sürməyiblər: “Hakim prosesi qapalı keçirmək istədi, dövlət ittihamçısından və vəkillərdən başqa heç kimi məhkəmə zalına buraxmadılar. Məsələyə müdaxilə etdik, 10-15 dəqiqəlik mübahisədən sonra diplomatların və jurnalistlərin zala daxil olmasına icazə verildi. Lakin hakim jurnalistlərin çəkiliş aparmasına razılaşmadı.

Bir necə vəsatət qaldırdıq. İlk vəsatətimiz Cabbar Savalanlının həbsdə saxlanılmasının qanunsuz sayılması və onun azadlığa buraxılması haqda oldu. Birinci instansiya məhkəməsində işə baxılmamışdan əvvəl Cabbar Savalanlı haqda seçilən həbs qətimkan tədbirinin müddəti başa çatsa da o, həbsdə saxlanılıb. Düzdür, qanunda boşluq var. Hakimin nəzərinə çatdırdıq ki, qanundakı boşluq Cabbarın ziyanına işləməməlidir. Lakin hakim vəsatəti təmin etmədi.

Sonra Cabbarın ev dustaqlığına buraxılması haqda vəsatət verdik. Hakim Lətifə Məmmədova bunu da təmin etmədi. Sumqayıt Apelyasiya Məhkəməsində iş üzrə tam istintaq aparılması üçün də vəsatət verdik. Həmin vəsatət də təmin olunmadı”.

Məhkəmə prosesi iyunun 30-da davam etdiriləcək.