Divar

divar
Oxunma sayı: 2209

Nadir Qocabəyli

Azadlıqdan məhrum edən,
Azadlıq verən divarlar...

Dünən “Facebook”da bir şəklə rast gəldim. Belçika ilə Niderlandın şəffaf sərhədilə, Həsənlə Hüseynin bağı arasındakı qala divarı kimi möhtəşəm hasar müqayisə olunmuşdu.

Mən bu müqayisəni qüsurlu saydım, o səbəbdən ki, dövlətlə adamı, ölkəylə də bağı tutuşdurmağı avam adamları aldatmağa yönəlik cəhdlərdən sayıram. Digər tərəfdən, vaxtilə, yəni şəffaf sərhədlərini öydüyümüz avropalılar buralara ayaq açana qədər bizim də Ermənistan, Gürcüstan, Dağıstanla sərhədlərimiz nəinki şəffaf idi, demək olar ki, heç mövcud deyildi.

Odur ki, hasar məsələsində avropalılarla aramızda olan fərqə dürüst baxış nöqtəsindən baxmağa cəhd etmək istədim. Əvvəla onu qeyd edim ki, bizdə həyətyanı sahəsinə, bağ-bağçasına, yalan olmasın, Çin səddini xatırladan qala divarı yapdıranların evlərinin, maşınlarının, televizorlarının, qollarındakı saatların, hətta barmaqlarındakı üzüklərin ölçüsü də hasarlarına uyğundur. Bu, görməmişlik sindromudur ki, onu bir şeyi uzun müddət arzuladıqdan sonra əldə edən bütün insanlar yaşayıblar – millətindən asılı olmayaraq. Biz bir millət və dövlət olaraq müstəqilliyin həmin “görməmişlik” dönəmini yaşamaqdayıq. Amma gün gələcək, niderlandlılar və belçikalılar kimi bu dövrü arxada buraxacağıq.

Möhtəşəm qala divarları yapdıranlar dursun bir yana, 3-4 sotluq kasıb həyətinin ətrafına 10 daşlıq sadə hasar çəkdirməyə böyük önəm verən sadə vətəndaşlarımızı da şəffaf məhəccərli avropalılar, amerikalarla müqyisə edib aşağılayan yazı-pozu əhlinin biri bundansa şəxsi nümunə göstərsə, yanaşma daha doğru olmazmı? Və onda görər ki, sərin axşamların birində şort və maykada, özündən də sərbəst geyimli arvadıyla şəffaf hasarlı həyətində oturub, çay, qəhvə, ya da pivə qurtumlayarkən küçədən keçən sərxoş dəliqanlılarla dolu maşından beş cüt göz onun məhrəmini diri-diri yeyir. Hələ onlardan biri Hollivud filmlərindəki zənci oxşarını yamsılamaq eşqinə düşüb, dostumuzun halalına “salam, gözəlim” mesajını da göndərərsə, o halda onun amerikalı ər kimi soyuqqanlı davrana biləcəyinə təminat varmı?

Amma bu cür olaylar bəzən Qərb həyatını təbliğ edən amerikan, Avropa filmlərində də qalmaqalsız ötüşmür. Dəliqanlılardan biri şəffaf məhəccərin arxasında mehribancasına əyləşən ailənin zərif nümayəndəsinə qəmiş olur, onu hər yerdə izləməyə, ona “girişməyə” başlayır. Son nəticədə isə ya ailə dağılır, ya dəliqanlı, ya da “soyuqqanlı” ər həyatla vidalaşmalı olur.

Hasarsız və ya divarsız həyat istənilən halda mümkün deyil, çünki həyətini hasarlamayan avropalı da hələlik evinin divarlarını şəffaflaşdıracaq qədər sərbəstləşə bilməyib. O da özünü, azadlığını, sərbəstliyini tam reallaşdıra bilmək üçün həmin divarların arxasına keçməli olur. Ona görə ki, insan yalnız özünə aid, başqalarıyla bölüşüb-paylaşmadığı məkan və zamanlarda tam azad ola bilir, bu zaman azadlığı məhdudlaşdıran divarlar, azadlığın etbarlı təminatçısına çevrilirlər.

Azadlığın mütləq bir divarı vardır, nə qədər azad olursan-ol, sonda mütləq bir divar olacaq. Bu mənada bizim azadlığımızın divarları daha genişdir, daha doğrusu, fərdi azadlıqda sosial azadlıqlarda bizdən irəlidə olan avropalılardan üstünük.