Gənc bioloqlardan “Biz irəlidəyik” ekoloji aksiyası - Fotolar

genc-bioloqlardan-biz-irelideyik-ekoloji-aksiyasi
Oxunma sayı: 1037

İrəlidə olub təbiətlə dostluğun nümunəsini təbliğ etmək məqsədilə BDU-nun Biologiya fakültəsinin bir qrup tələbəsi Abşeron Milli Parkında ekoloji aksiya keçirib.

“Qafqazinfo” xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili”nin cəmiyyətimiz üçün dəyərini çatdıran, ətraf mühitin mühafizəsinə dəstək üçün “Biz İrəlidəyik” çağırışı ilə gəncləri həmrəyliyə səsləyən tədbir Abşeron Milli Parkının dəstəyi, BDU-nun Biologiya fakültəsinin təşkilatçılığı ilə baş tutub.

Aksiya çərçivəsində bioloqlar iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması ilə mübarizədə sağlam həyatı və karbon emissiyalarının azaldılmasını təşviq edən veloyürüşə qoşulub.

Tələbələr antropogen təsirlərdən, iqlim dəyişmələrinin yaratdığı fəsadlardan azalma riski olan növlərə diqqəti cəlb etmək üçün Abşeron Milli Parkında qorunan Bakı cuzqunu və Bakı gəvəni bitkilərinə baxış keçirib, mühafizə vəziyyəti ilə tanış olublar.

Gənclərin təbiətimizə qarşı həssas və qayğıkeş münasibətinin formalaşmasında ekoloji turizmin inkişafının vacibliyini nümayiş etdirmək üçün Şahdiliyə yürüş də ekoloji aksiyanın tərkib hissəsi kimi təqdim olunub.

Gənc bioloqlar təbiətimizin mühafizəsinə dəstək üçün “Biz irəlidəyik” aksiyasını “Yaşıl dünya naminə həmrəylik ili”ndə digər milli parklarda da davam etdirməyi, bu işdə gənc nəslin həmrəy olmasını hədəfləyirlər.