Doğularkən ölənlər diyarı

dogularken-olenler-diyari
Oxunma sayı: 1174


Belə bir əhvalat eşitmişdim ki, bir gün məmləkətlimiz başqa bir məmləkətdə bir dəfn mərasimində iştirak edir. Baxır ki, mərhumun məzar daşında ölüm tarixi düz yazılmayıb. Ordakı tarixlə hesablayanda mərhumun 30 yaşında vəfat etdiyi göstərilir, halbuki mərhum 80 yaşı başa vurub. Mərhumun qohumlarından soruşur ki, bəs bu niyə belədi. Cavab verirlər ki, bizim şəhərdə insanlar ömrünün neçənci ilinə qədər firavan yaşayıblarsa o firavanlığın bitmə tarixi ölüm tarixi kimi hesablanır. İndi bu rəhmətlik də 30 yaşına qədər yaxşı yaşadı ondan sonra ömrünün pis günləri başladı. Bizim ellimiz də deyir ki, onda mən buralarda ölüb eləyəsi olsam mənim baş daşıma yazarsınız ki, mərhum elə doğulan günü də vəfat edib. 

Sözümün canı budur ki: Yay fəsli girər-girməz bir çoxumuz normal olaraq məzniyyət ab-havasına da bir gözəlcə giriş edirik. Məzuniyyət dövrünün başlamasıyla bütün il boyu işləyən insanların “görəsən məzuniyyət götürüm yoxsa yox?” təlaşları da başlayır. Bir sözlə yayı qəpik-quruşa ömür xərcləyən içilər üçün “göz dağı” fəsli də adlandırmaq olar. İstirahət etmək hər kəsin haqqıdır, amma bir bu haqdan bəzən özümüz özümüzü (pulsuzluğun üzü qara olsun), çox vaxt da başımızın üstündəkilər bizi (bizim əvəzimizdən də istirahət edirlər sağ olsunlar) məhrum edirlər. Burda daima havasına yellənib-uçduğumuz Avropa əhlinin bircə yaxşı xüsusiyyəti var ki, onlar canlarına bizim kimi zülm etməyə meyilli deyillər. İl boyu topladıqları pulları bir göz qırpımında istirahətləri üçün xərcləyəcək qədər cəsarətlidilər. Biz isə, qızımın cehizi, oğlumun toyu, evimin təmiri, bankın borcu deyib ömrümüzün günlərini bir-birinə satırıq. Bir tərəfdən arsız olmaq, çox şeyi boş vermək lazımdır bəlkə də. Amma yenə də əlimizə aldığımız maaş Azərbaycanda istirahət etmək üçün yetərli olmur. Uzaq başı on gün evdə qalıb dalbadal uşaqları dəniz kənarı parka apara bilərik. Qardaş Türkiyədə isə içilərin bir cəsarətinə ağzımın suyu axır. İstər fabrik işçisi olsun, istər özəl sektorda işləyən, istərsə də dövlət məmuru əlinə aldığı maaşın azlığından çox cəsarətlə şikayətçi ola bilir.

Məsələn biz gedib müdürün qapısını döyüb desək ki, maaşımızı bir az artırın, onda gərək bizi gözləyən o “möhtəşəm sona” da hazır olaq. Artım bir tərəfə, ömürülük “izinli” olarıq işimizdən. “Xoşun gəlmir ərizəni yaz”. Belə bir vəziyyətdə bizə bu yayı necə dəyərləndirəcəyimizə dair yalnız xəyallarımız qalır. Bəzilərimiz isə, icazə almağa belə ürək eləmirik. Bir də yoxsulluq, aclıq sərhədlərində var- gəl eləyən adama tətil izni versən nə işə yarayacaq ki? Minlərlə işçi aldığı az maaşla keçimini təmin edərək, xəyalındakı möcüzəni həyata keçirtmək üçün mübarizə apararkən, bunu belə tapa bilməyən işsizlər ordusu bu rəqəmdə bir iş tapıb işləmək üçün çırpınıb durur. Amma di gəl ki, hər gün xəbərlərdə ölkənin rifahından dəm vuran hökümət adamlarının hap-gopu bu acı həqiqəti öz “əzəmətli qanadlarının” altına alıb. Bu da var. İşığa, qaza gələn borc kağızları, benzinin tənzimlənmək bilməyən qan təzyiqi kimi düşüb-qalxması, artan vergilər və bu bütün bunları qarşılamağa gücü çatmayan xalq pərişan vəziyyətdəykən tətil bizim haramıza yaraşır? Biz ölkə xaricini xəyal edərkən ölkə daxilindəki istirahət mərkəzlərinə ayaq basmağımız da bu xəyalın davamına çevirilib artıq. Ölkənin səfalı yerlərində 3 gün adam kimi istirahət etmək il boyu aldığımız maaşdan baha başa gəlirsə qıçımızı qırıb yerimizdə oturmağımız ən məsləhətlisidi. Azərbaycanda turizm xidmətlərinin bahalığından şikayət edən turistlər bir də gəlib öz ölkəsində turist kimi qarşılanan camaatın halından xəbər tutsaydılar kaş…Ölkənin səfalı guşələrində salınmış istirahət mərkəzlərində bir günü 200 manata başa gələn tətil qiymətləri adamın tətil arzularına Həzrəti Əli qılıncını elə endirir ki, bir də o arzuların baş qaldırması qalır qiymatə. Bizim məmləkətin böyüklərinin təbirincə desək “kasıb gərək istirahət edə, başını aşağı salıb bir tikə çörək pulunu qazanıb qarnını doyurmağa baxsın”. Bizə də aşağı-yuxarı bu fikirlə razılaşmaq qalır. Sual verə bilmirik ki, bu boyda neft yataqları olan ölkədə biz niyə sürünə-sürünə yaşayırıq? Nənəm demiş elə bil basaratımız bağlanıb. Belə çıxır ki, bu məmləkətin 9 milyon əhalisinin 80 faizi ancaq qarnına görə yaşayır. Bir də maaşlardan tutulan vergilər var. Sosial təminatımız üçün qırpışdırılan bu pullar təqaüdə çıxanda pensiya kartmıza yatırılacaq. Nə gözəl. Amma nəzərə alsaq ki,

Azərbaycanda qadınlar 60, kişilər 63 yaşında təqaüdə çıxır onda pulların hallığını bizim üçün “yığımcıllıq” edənlərə vermək lazımdı. Çünki elə bir zəmanədə yaşayırıq ki, bu qədər qarğaşa içində o yaşa çatmağa indiki nəslin ömrü vəfa etməyəcək. (Sizi bilmirəm mənim çox da ümidim yoxdu). Bu ölkədə nə qədər insan yüksək maaş alır ki? Alanlar da şansı yavər gedənlərdi. İndi məmləkətdə aclıq sərhəddini aşan, iş tapa bilməyənlər, aclıq sərhəddində cüzi məvaciblə sürünənlər, yoxsulluqla aclıq arasında var- gəl edib ömür sürənlərlə, fantastik gəlirləri ilə bahalı ömür sürənlər eyni torpağın üstündə gəzib, eyni havanı alarkən icazənizlə mən işləməyə davam etmək istəyirəm. Tətil demək xərc-xəsarət, kredit, borc deməkdir. Pul olmadığına görə sevgiylə irəliləyin…

P.S: Bəzi jurnalistlərə ev verilir. Allah xeyirli etsin. Bu yerdə qalanların da maaşına bir az artım etsələr biz də adam kimi məzuniyyət götürüb, bir az nəfəs alardıq.