Emin “Milli”nin Azərbaycansayağı Soljenitsın yuxuları

emin-millinin-azerbaycansayagi-soljenitsin-yuxulari
Oxunma sayı: 1210

Hər dəfə Azərbaycan hansısa mötəbər tədbirə ev sahibliyi edərkən ölkəmizin adı beynəlxalq müstəvidə tez-tez hallananda dünyanın müxtəlif künc-bucağına sığınmış «qəmbərquluların» cırıltılı səsi dünya mediasını başına götürür. Bu cırcıramaların nəğməsini fərqləndirən cəhət odur ki, onlar birbaşa nəqarətdən oxuyurlar, sonra da Azərbaycana nifrət hissinin birləşdirdiyi xor kapellasının dəstək zümzüməsi eşidilir. İnsan hüquqları, siyasi məhbuslar, ifadə azadlığı kimi sivil dünyanın leksikonunda kifayət qədər yer etmiş və əcnəbi donorlar üçün cəlbedici olan sözlər cəmiyyətdə ictimai legitimliyini itirmiş adamların ağzında ucuz saqqız kimi çeynənilir, tüpürülür və yenidən çeynənilir, bir sözlə, uzandıqca uzanır. Vətənpərvərlik qorxaqların sığındığı sonuncu dayanacaq olduğu kimi, demokratiya və insan haqlarından danışmaq da mutant əxlaqlı yaramaz adamların özlərini sığortalamaq, buqələmunluqlarını ört-basdır etmək üçün üzlərini örtdükləri qalxandır.

Düşünürəm ki, yığcam girişdə yazımın hansı ovqatda kökləndiyini izah edə bildim, əgər sizə də maraqlı gəldisə onda davam edək. Noyabrın əvvəlində Bakıda keçirilən İnternet İdarəçiliyi Forumu ölkəmizin imicinə necə təsir etməsi üzərində dayanmadan bircə onu deyim ki, bu, bizim internet və ifadə azadlığına həssas münasibətimizin, informasiyanın sürətli yayımından çəkinmədiyimizin, açıq cəmiyyət quruculuğu yolunda irəliləmək istəyimizin nəticəsidir. Bu gün Azərbaycanda internetin vəziyyəti, insanların ondan istifadə imkanlarının genişlənməsi haqda bir çox sanballı statistik göstəriciləri də sadalamaq olar, amma… Dünyanın künc-bucağındakı cırcıramaların sovet dövrünün xırıltılı radiosunun uğultusunu xatırladan səsi yenə qulağımıza toxundu, düzdür, milçək bir şey deyil, amma…

Bakının prestijli guşəsində yerləşən restoranların birində xuliqanlıq üstündə həbs edilib, sonra da vaxtından əvvəl azadlığa çıxan Azərbaycan vətəndaşı (bütün titulları ilə yanaşı, məhz bu məqam xüsusi vurğulanmalıdır) Emin Millinin beynəlxalq tədbir öncəsi Prezident İlham Əliyevə müraciəti həm düşünmək, həm də gülmək, daha doğrusu, gülə-gülə düşünmək üçün bir neçə məqamları ilə yadda qaldı. Mən yalnız bəzi nüansların üzərində dayanmaqla, fikrimi ümumiləşdirməyə çalışacağam. Çətin ki, dünyanın lazımlı guşələrində şəxsində cəmləşdirdiyi olan-olmayan bütün keyfiyyətləri ilə özünü kifayət qədər «yüksək» səviyyədə tanıtmış tərcüməçi, bloqqer, vicdan və ya siyasi məhbus, politoloq, yazıçı və ya dissident yazıçı Emin Millinin mənim təqdimatımda tanınmağa ehtiyacı olsun, heç buna lüzum da görmürəm. Bir sözlə, Mandelanın əsrin dörddə biri qədər həbsxanada, Soljenitsın, Qumilyovun ömürlərinin cavan çağlarından Sibirin məşəqqətlərinə dözərək qazandıqları titulları Emin cəmi il yarımlıq vaxtını hüquq müdafiəçi dostlarının təbirincə desək, Avropa standartlarına uyğun Azərbaycan həbsxanasında keçirməklə əldə edib. Sanbalı ölkəmizin hüdudlarına sığmayan şəxsin təcili montajetmə üsulu ilə keçdiyi həyat yolu Avropada sığınacaq axtaran istənilən obıvatelin ağzını sulandıracaq qədər zəngindir. Bu, eyni zamanda yeni ambisiyalardan, yeni hədəflərdən xəbər verir. Bu elə bir «zirvə»dir ki, oradan baxanda Azərbaycanda hər şey özünün bioqrafiyasına uyğun ala-bula görünür. Bu elə bir «zirvə»dir ki, iqtidar bir tərəfə, oradan baxanda İsa Qəmbər də qocalmış, tükənmiş görünür, Əli Kərimli isə ümumiyyətlə görünmür. Bu «zirvə»dən aşağı hamı balacadır, hamı gücsüzdür, Azərbaycan hələ orta əsr dövründədir, uşaqlarımız hələ üsuli-cədid məktəblərinə təzə-təzə getməyə başlayıblar. Hamının gözü Avropaya tikilib, görəsən xilaskar Emin başının üstünə qaldırdığı üzüm tingindən düzəltdiyi xaçla müqəddəs Nino kimi nə vaxt dadımıza çatacaq.

Hörmətli oxucu, əgər yazımı bura qədər oxumusansa, onda zəhmət olmasa, yuxarıdakı abzasda yazdığım «dissident yazıçı» ifadəsinin altından bir xətt çək, onunla bağlı ayrıca qeydim olacaq, hələlik məktubdan danışaq. Azərbaycan Prezidentinin rəsmi saytı var, ünvanı var, istənilən Azərbaycan vətəndaşı da istədiyi məsələ ilə bağlı ora məktub yaza bilər, burada qəribə heç nə yoxdur. Bəs niyə Azərbaycan vətəndaşı öz prezidentinə məktubu İngiltərənin «Independent» qəzetində yazır, sonra da tərcüməçi dostları onu bütün dillərə tərcümə edib yayıb yorulandan sonra yadlarına düşür ki, bəs məktubu ana dilinə də çevirmək lazımdır axı. Aydın məsələdir ki, burada söhbət ölkənin problemləri barədə dövlətin birinci şəxsinə mülahizələrini bildirmək deyil, pafosla dolu çızma-qaranı ictimailəşdirərək itirilmiş ictimai etimadı bərpa etmək, gündəmə gəlmək, bioqrafiyanın kəm-kəsirini düzəltmək yanğısı var. «Görürsünüz Prezidentə nələr yazmışam» kimi ucuz qürrələnmə ehtirası adamın gözünə girir. Azərbaycandan xəbərsiz kitabsız yazıçı iddia etsəydi ki, ölkəmizdə internet düz-əmməli işləmir, bəlkə də bunu bir arqument bilib münasibət bildirmək, təkzib etmək olardı, xeyr, o, daha dərinə gedir, sən demə, bizdə camaat ümumiyyətlə yaşamır, qorxularından evlərindən çölə çıxmağa belə risk etmirlər, günəş də dekabrın 21-ni gözləmədən Azərbaycanın yerləşdiyi coğrafi paralelə işıq salmaqdan imtina edib, hər yer zülmət, hər yer qaranlıq, bir sözlə, bizdə həyat ölüb. Qarabağ dərdi isə sən demə, heç yox imiş…

Don Kixot yalnız özünün gözünə görünən ilğımı reallıq sayır, başqa heç kimlə hesablaşmır, qoyun sürüsünü kralın ordusu hesab edib taxta qılıncı sıyırarıq ona hücum çəkir. O, özünün gördüyü dünyaya ədalət bəxş etmək istəyir. Yel dəyirmanlarını əjdaha sanır. Zavallı Don axı o, öz uydurduğu dünyanın cəngavəridi, adlı-sanlı, şöhrətli, müasir dillə desək zəngin və cəlbedici CV-si olan qəhrəmandır. Bütün dünya ona gülür, bəlkə də ağlamaq lazımdı. Don kixotluq ağır xəstəlikdir, xüsusən də bizim əsrdə.

İndisə altından xətt çəkdiyimiz dissidentliyə qayıdaq, məlumdur ki, xırda-para istisnaları çıxmaqla sovet dövründə bizdə heç bir dissident olmayıb. Düzdür, indi tez-tez müsahibələr verən ötən əsrin 60-cı illərinin qurdları özlərini ara-sıra dissident kimi də təqdim etməkdən utanmırlar. Təbii ki, elə deyil, bu, yaradıcılıq imkanları tükənmiş məzəli qocaların bizə sırımaq istədikləri öz həqiqətləridir. Amma biz də uşaq deyilik, sovet hökumətinin bütün orden, medallarını alan yazıçıdan nə dissident. Bəs Emin Milli dissident deyilmi? Mənə gülməyin, o, özü-özünü belə adlandırır, dostlarının Azərbaycan dilinə tərcümə etdikləri məktubun altında elə-belə də yazılıb «dissident yazıçı». Əminəm ki, Eminin Azərbaycan prezidentinə məktubu rus dilinə tərcümə olunsa (zatən buna ehtiyac yoxdur, bəlkə də orijinalı o dildədir) Soljenitsın məzarında əməlli-başlı narahat olacaq. Görəsən kitabsız yazıçı nə yazıb ki, dissident olub? Ümumiyyətlə, o yazıçıdırmı? Bu nə qurama təqdimatdır! Bəlkə donorlar üçün bolqqer, politoloq, siyasi və ya vicdan məhbusu təşbehləri artıq cəlbediciliyini itirib! Dissidentə bax! Azərbaycanda çox şeylərin şoru çıxıb, bir dissidentimiz çatmırdı!

Heç Eminin dostu, Müsavata simpatiyasını gizlətməyən Əli Əkbər Azərbaycanı söyərək ölkəni tərk edib Avropanın komfortuna sığınanda özünə dissident demirdi. Hərçənd ki, istər xarakterinin uyuşmazlığı və milli ləyaqətin çatışmamazlıq sindiromuna görə onun bu ada iddia etməyə daha çox mənəvi haqqı çatır, nəinki nəfəsi iki-üç abzaslıq facebook statusları paylaşmağa çatan Eminin.

Mənim bildiyim bir həqiqət var, öz evinə sahib çıxa bilməyən adam ölkəsinə sahib çıxa bilməz. Vətəni dəyişməyin, gözəlləşdirməyin yolu, onun təəssübünü çəkməkdən keçir. Bu cümlələri niyə yazdım bilmirəm, yazının əvvəlindən özümə söz vermişdim ki, didaktikaya keçməyəcəyəm. Nəsihətlə nə dəyişib ki!

Azərbaycanda internetin azad olmadığını iddia edənlərə cavabı elə internetin özü verir. Kim idi Emin Milli? Onun Bakıdan Avropaya gedən vəzifəli adamlara tərcüməçilik etməkdən başqa hansı faydalı iş əmsalı var idi? O, qazandığı bütün titullara görə Azərbaycandakı açıq İnternet mühitinə minnətdar olmalıdır. Təsəvvür edin ki, Azərbaycanda sosial şəbəkələrə qadağa var, bəs onda Emin kimi adamlar harada «Dədə Qorqud»luq edəcəklər. Özləri virtual qəhrəmana çevriliblər, özləri də internetin azad olmamasından gileylənirlər. Bu, absurddur. Azərbaycanda internet azad deyilsə, musavat.com, qafqazinfo.az, azadlıq.az kimi saytların forumlarında aktivlik edənlər kimlərdir? Dünən açılan saytın bu gün İP-lərinin sayı 30-40 mini keçir, internet azad deyilsə, bu adamlar haradan çıxır?

Ötən ilin martında Eminin dostları facebook-da qaraqışqırıq salmışdılar, Bakıda xalq paradı, ya xalq yürüşü, nəsə xalqın adından yararlanıb keçirmək istəyirdilər, 100 mindən çox adamdan «like» almışdılar, internet azad deyilsə bəs bunlar haradan qaynaqlanırdılar? O başqa məsələ ki, 100 min «like» etsə də, küçəyə heç 100 nəfər də çıxmadı…

Emin Millinin istəyi nədir? Bir qədər öncə polemika açmışdı ki, niyə 2003-cü ilin oktyabrında İsa Qəmbər ölmədi? Sonra yazdı ki, Əli Kərimlini də lider kimi görmürəm. Mən onun ölkədaxili imicə hesablanmış ekstravaqant cəhdlərinə şərh verərək, düşük piara rəng qatmaq istəmirəm. Onsuz da hamı ona gülür. Amma məşhur mahnıda deyildiyi kimi «son məktubu» göstərdi ki, o, ümumiyyətlə, Azərbaycan adlı ölkə tanımır. Onun uydurduğu ölkə başqadır, biz orda yaşamırıq, orada cırcırama cırıltısına heyran olan don kixotlar yaşayır. Don Kixota «məsuliyyətini xatırlatmağa» dəyərmi?