Əmlak bazarında ajiotaj yaranıb

emlak-bazarinda-ajiotaj-yaranib
Oxunma sayı: 2500

Daşınmaz əmlak üzrə agentliyin işçisi, rieltor Əfqan Əliyev «Bizim Yol»a açıqlamasında dedi ki, dekabr-fevral ayları üzrə ümumi əmlak bazarında bahalaşma 22-30 faiz civarındadır. Əsas qiymət artımı isə təkrar mənzil və torpaq bazarındadır. Ə.Əliyevin sözlərinə görə, sonuncu dəfə belə kəskin artım 2007-2008-ci illərdə baş verib.  

Xatırladaq ki, dekabr ayında Bakıda təkrar mənzil bazarında qiymətlər 1807 dollarm3 təşkil edirdisə, mart ayında 1995 dollarm3-a qədər qalxıb. «MBA» Konsaltinq Şirkətinin məlumatına görə, fevral ayı ilə müqayisədə mart ayında təkrar  mənzil bazarında bazarında bahalaşma, hələ ki, 6,3 faiz təşkil edir. Ayın sonuna kimi qiymətlərin daha da yüksəkləcəyi gözlənilir. 

İlkin mənzil bazarına təsirlər isə o qədər yüksək deyil. Belə ki, bu sektorda bahalaşma ötən aya nisbətən 0,17 faiz olub. Hazırda yeni binalarda mənzillərin m3-inin orta qiyməti 1180 manatdır. Ən böyük təlabat isə ucuz evlərədir. Əgər yanvar ayında ucuz evlərin orta qiymətində 2,4 faiz bahalaşma müşahidə olunurdusa, mart ayında bu rəqəm 8,6 faizə qədər yüksəlib. Bahalı evlərin qiymətində isə 5 faiz artım hiss olunub. Kirayə tutulan mənzillərin qiymətində isə ortalama 5 faiz artım var. 

«MBA» Konsaltinq Şirkətinin baş direktoru Nüsrət İbrahimov hesab edir ki, son qiymət artımı spekulyativ xarakter daşıyır. Ekspertin fikrincə, Bakının bir sıra ərazilərində kütləvi söküntülərdə əhaliyə 1 m2 yaşayış sahəsinə görə 1200-1500 manat həcmində kompensasiya verilir ki, bu da böyük məbləğ etmir. Çünki həmin ərazidə mənzillərin sahələri kiçik olduğundan alınan kompensasiyaların da həcmi az olur: «Vətəndaşlar əllərinə gələn vəsaitlə daha çox ucuz evlərə, torpaq sahələrinə maraq göstərir. Bu istiqamətdə tələb təklifi üstələdiyi üçün qiymətlər artır. Bahalaşma ilkin mənzil bazarında çox da hiss olunmur. Çünki tikinti şirkətləri inşa etdikləri mənzillərin satışında maraqlıdırlar. Uzun müddət idi bazarda olan nisbi durğunluq yeni binalardakı mənzillərin satışında problemlər yaratmışdı. Amma hazırda fürsəti əldən verməyən tikinti şirkətləri  mənzillərini satmaq istəyirlər. Təkrar mənzil bazarında isə proseslər əksinə gedir. Burada özəlləşdirilmiş mənzillər olduğundan ev sahibləri əmlaklarını bacardıqca baha qiymətə satmağa çalışır». 

Bu baxımdan N.İbrahimli təkrar mənzil bazarında bahalaşmanın 20 faizi üstələyəcəyini deyir. 

Rieltor Əfqan Əliyev isə bildirdi ki, iki ayda onlara daxil olan müraciətlərin əksəriyyəti torpaq və kirayə mənzillərlə bağlıdır: «Evləri sökülən vətəndaşlar yeni ev axtaran zaman kirayə mənzil tutmaq məcburiyyətində qalıb. Burada təkcə Sovetskinin sökülməsi deyil, hava limanına gedən yollardakı yenidənqurma işləri də daxildir. Əgər şəhərin mərkəzində yaşamış sakinlər kirayə evlər axtarırlarsa, ötən ilin ortalarından Sabunçu sakinləri Bakının ətraf qəsəbələrində torpaq almağa maraq göstərir. Ona görə də, əgər bir il əvvəl Bakı kəndlərində sotu 2-3 min manata torpaq tapmaq olurdusa, hazırda qiymətlər 4000 manatdan yuxarıdır. Bahalaşma daha çox 3 və 4-cü zona deyilən ətraf qəsəbələrdədir. Burada artıq qiymət artımı 20 faizdən yüksəkdir. Amma şəhərin mərkəzində, əksinə, uzuşlaşma müşahidə olunur. Bunun da başlıca səbəbi söküntü işləri zamanı evlərin m3-nin çox ucuz dəyərləndirilməsidir. Adi vətəndaşlar bu zonalarda əmlaka yatırım qoymaqdan ehtiyat edir. 3 və 4-cü zonalarda isə, əksinə torpağın sotu əlavə 2-5 min manatadək bahalaşıb».

Ə.Əliyev əlavə etdi ki, yanacağın qiyməti qalxandan sonra kirayə mənzillərin və icarə obyektlərin qiymətində 50-100 manat arası bahalaşma müşahidə olundu: «Yəqin ki, metrodakı söküntü növbəti bahalaşma dalğasını yaradacaq». 

"Bizim Yol" qəzeti