Ermənilər öz Lütfi Zadələrinə neylədilər?

ermeniler-oz-lutfi-zadelerine-neylediler
Oxunma sayı: 3966

Qan Turalı 

Lütfi Zadənin vəfatı və Azərbaycan Respublikasında gözlənilən dəfni ilə bağlı o qədər şərhlər gəldi ki.

Yox, bu mənasız polemikanın içində yer almaq istəmirəm.
Çünki...
Həqiqət çox açıqdır.
Mən onu başqa tərəfdən göstərəcəm.
Bir adam haqqında danışacam.
Şekspirin adaşı olan bir adamdan.
Soyadı Saroyandır. 

1908-ci ildə Amerika Birləşmiş Ştatlarında doğuldu.
Ailəsi erməni idi, Türkiyənin Bitlis şəhərindən Amerikaya köçmüşdülər.
Uşaqlığının bir hissəsini yetimxanada keçirtdi.
Məktəbi atdı, özünü yazmağa verdi.
Alkaqolizm və qumar girdabından xilas ola bilmədi.
Şəxsi həyatı da fırtınalı oldu, eyni qadınla iki dəfə evləndi. 
Amma Amerikanın ən yaxşı yazıçılarından birinə çevrildi.
Bu ölkənin ən nüfuzlu mükafatı olan Pulitzeri aldı. 
Altmışdan artıq kitab yazdı.
Onun adı Amerika ədəbiyyatında Fitcerald, Heminquey, Selincerlə bərabər çəkilir.
Nobelə namizəd göstərildi amma ala bilmədi.
Ana vətəni Türkiyəyə gəldi, atasının vətəni Bitlisdə gəzdi.
Ermənistana da üç dəfə gəldi, xatırladıram Sovet illəri idi. 
Son səfəri ölümündən 3 il əvvəl idi.
1981-ci ildə vəfat etdiyində 60 kitab müəllifi idi.
Və Amerika ədəbiyyatının ən yaxşı hekayəçilərindən biri. 
“Saroyanesk” adlı üslubun yaradıcı sayılırdı.
UNESCO 2008-ci ili “Saroyan ili” elan etdi. 
Qəbri hardadır?
İrəvanda.
Sovet vaxtı cənazəsi Amerikadan gətirilib Ermənistanda, Komitas adına fəxri xiyabanında dəfn edildi.

***

Lütfi Zadə kimi insanlar siyasi mövqeyindən, ictimai baxışlarından, harda yaşamasından asılı olmayaraq bir millətin simvollarıdır.
Necə ki, Nyuton İngiltərənin simvoludur, necə ki, Hegel Almaniyanın. Necə ki, Volter Fransanın.
Bu adamlara münasibət də adekvat olmalıdır.
Azərbaycan torpağı Nizami Gəncəvinin, Cəlil Məmmədquluzadənin qolları ilə açılıb Lütfi Zadəni qoynuna alacaq.
Bu bizim üçün fəxarətdir.
Başqa sözə isə heç gərək yoxdur.