Görəsən, Burakla öpüş neçəyədir?

goresen-burakla-opus-neceyedir
Oxunma sayı: 2242

Raminə Eyvazqızı

Bu səhər Türkiyənin Show tv kanalında  azərbaycanlı psixoloqu görüncə sevindim. Nüfuzlu kanalda Türkiyəli seyiricisinə qadın-kişi münasibətlərinin sirrindən danışan Kəmalə İbrahimovanı alqışladım. Qlobal məsələyə çevrilmiş mövzunu şirin dillə izah edən soydaşımızın maraqlı düşüncələri vardı. Hiss olunurdu ki, qadın özü üzərində işləyir. 

Bu, böyük uğurdur, əslində. Çünki bizim tv-lərdə daim türkiyəli həkimləri, mütəxəsisləri görməyə alışmışıq. Bu barədə dəfələrlə yazmışam. Qardaş ölkədən zərər gəlməz, amma bizim onlara verdiyimiz iş, fürsət, ekran, efir imkanlarının qarşılığında biz də eynisini istəyirik. Amma təəssüf ki, çox nadir halda azərbaycanlı mütəxəsislər, mədəniyyət adamlarını, oranın diqqətində görürük. Bu mehribançılq, doğmalıqdırsa, ondan bir gün bizdə, bir gün sizdə olmazmı?

Türkiyəli Bakıya gələndə çox vacib insana çevrilir. Onun "qızıl"a dönməsində bizimkilərin də rolu əvəzsizdir. Tibb, sahibkarlıq, biznes sahəsindən sonra, qardaş dövlətin kino adamları lap əzizlənirlər. "Biz qonaqpərvərik", "özümüz ac qalıb, tikəmizi başqasının ağzına qoyuruq" kimi cümlələrimizdən özümüz də bezmişik. Adəti üzrə ölkədə xarici kino festivalı və ya tədbir keçiriləndə özümüzünkülər ayaqüstə dayanır, döşəmədə öturur, yerini əcnəbilərə verirlər. Özümüzü ucuz tutmağımızın səbəbləri haqqında yetərincə düşünmək olar. Tək səbəb odur ki, bir çoxu  pul-para gələn məsələdə, azərbaycanlını saymır, tanımır.

Burak Özçevit adlı aktyorun şanı-şöhrəti  türkiyəlidən çox azərbaycanlını yerindən oynadır. Yaraşıqlı aktyorun  ölkəmizə ötən səfərlərində bizim qızların çıxartdığı hoqqalardan  xəbərdarıq. 

Elə bu səbəbdəndir ki, bəzi başı işləyən "marketoloqlar" Burak Özçeviti bəlkə də özünün xəbəri olmadan satışa çıxarıblar. Bunu elə-belə özümdən demirəm. Necə olur ki, bu gənc aktyor öz xalqını, tamaşaçısını sevdiyini göstərmək üçün, Türkiyədə filmin qalasını ilkin olaraq seyirici üçün keçirir, filmi ictimai baxışa çıxarır. Dediyinə görə, məşhurlardan qabaq, sadə insanların film barədə düşüncələri maraqlıdır. Bu təşəbbüs Türkiyədə ilk dəfə irəli sürülüb və əlbət ki, davranış aktyorların xalqı arasında sevilməsini ikiyə artırır. Axı xalq sadə məşhurları daha çox dəyərə mindirir. Görəsən, milli seyricisinə hörmət edən Burakın  doğrudanmı xəbəri yoxdur ki, onunla Bakıda  filminə eyni zalda baxmaq üçün 70 manatdan dəm vurulur. 

"Kardeşim benim 2" filminin aktyorları ilə keçiriləcək qonaqlığın qiymətini(adambaşına 110 manat) anlamaq olar, bu bir pullu tədbirdir. Amma filmin premyerasını keçiririk deyib, müxtəlif şərtlərə uyğun bilet pulu oxumaq gülüncdür. Təşkilatçılar pulu artıra- artıra gedirlər. Kinozalda Buraka nə qədər yaxın məsafə olursa, pulun məbləği qalxır və qalxacaq da deyəsən. Yəqin, tədbir təşkilatçıları məsafəni ölçmək üçün əllərində metrəlik lentlə də gəzərlər. 

Bu nə beyindir daşıyırsız? Bu sıradan bir filmdir. Kimdir axı, bu qara qaşlı, qara gözlü oğlan? Bəlkə day keçib, bir "Burakla opüş" tarifini də elan edəsiz? Hər şeydən pul çıxaranlar düşünmürlər ki, aktyor evli adamdır, ona meyl edənlər də özünü itirən gənc qızlardır. Hansı gənc qızlar ki, fanatlıq dozasını aşıb, el içində adımızı rüsvay edirlər. Burak Özçevitə görə pul alanlar da, pul verənlər də özünüzə gəlin! Belə pul qazanmaq və xərcləmək olmaz! Başdan ayağa hörmətsizlik içindəsiz!