“Gözləyirik ki, müraciətimizə müsbət cavab veriləcək”

gozleyirik-ki-muracietimize-musbet-cavab-verilecek
Oxunma sayı: 658

“Qafqazinfo”ya bu barədə məlumat verən işçi qrupunun üzvü, millət vəkili Qənirə Paşayevanın dediyinə görə, Xocalı hadisələrinin soyqırımı kimi tanınması, bu soyqırımının pislənməsi, hüquqi-siyasi qiymət verilməsi yönümündə Azərbaycan parlamenti tərəfindən bir sıra addımlar atılır. O qeyd edib ki, bunun nəticəsi olaraq Meksika Konqresi qərar, Pakistan Senatı isə qətnamə qəbul edib, Xocalı faciəsinə soyqırımı aktı kimi tanıdıqlarını bəyan ediblər. “Nəzərə alsaq ki, bu il faciənin 20-ci ildönümüdür, bu baxımdan çox istərdik ki, Azərbaycan xalqının timsalında bəşəriyyətə qarşı yönəlmiş bu vandalizm aktı bizim üçün çox yaxın olan qardaş və dost Türkiyə dövləti, onun qanunverici orqanı tərəfindən də müzakirəyə çıxarılsın və bu yöndə müvafiq qərar qəbul edilsin”.

Millət vəkili deyib ki, parlamentlərarası əlaqələr üzrə işçi qrupu artıq müraciət ünvanlayıb. “İnanır və gözləyirik ki, onlar bizim müraciətimizə müsbət cavab verəcək və faciənin 20-ci ildönümü ərəfəsində bu yöndə müzakirələr açacaq və sözügedən vandalizm aktını soyqırımı aktı kimi tanıyan qərar qəbul edəcək”.

Xatırladaq ki, Q.Paşayeva Türkiyə parlamentinə Xocalı soyqırımının tanınması istiqamətində müraciət olunması üçün Milli Məclisin yaz sessiyasının ilk iclasında məsələ qaldırmışdı və o zaman spiker Oqtay Əsədov qeyd etmişdi ki, yaxşı olar ki, parlamentlərarası işçi qrupları özləri müraciət etsinlər.