İlham Əliyev Balakənə gedib

ilham-eliyev-balakene-gedib
Oxunma sayı: 650

Azərbaycan prezidenti İlham Əliyev avqustun 3-də Balakən rayonuna səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı əvvəlcə Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında onun abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoydu.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev prezident İlham Əliyevə parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Bildirilib ki, bu park həm rayon sakinlərinin, həm də qonaqların asudə vaxtlarını səmərəli keçirmək üçün üz tutduqları gözəl məkanlardan biridir. Burada istirahət üçün hər cür şərait yaradılıb.

***

Səfər zamanı prezident Balakən Su Elektrik Stansiyasının açılışında iştirak edib.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiya barədə məlumat verdikdən sonra dövlət başçısı Balakən Su Elektrik Stansiyasını işə salıb.

Daha sonra İ. Əliyev Balakən şəhərində inşa olunan Bayraq Muzeyinin və Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun açılışında iştirak edib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.
Prezident yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.