Kasıblar üçün mağaza...

kasiblar-ucun-magaza
Oxunma sayı: 3755

Xuraman Hüseynzadə

Bakıda kasıblar üçün mağaza açıldı. Kimin imkanı yoxdusa, gedib ordan pulsuz paltar götürə biləcək. Təqdirəlayiq, xeyirxah işdir. Sağ olsun bunu təşkil eləyənlər.

Avropada kasıblar üçün nəzərdə tutulmuş belə mağazalar çoxdan fəaliyyət göstərir. Bu ənənənin əsası Bakıda da  qoyuldu. İnşallah ki, bu mağazalar bölgələrimizdə də açılar.

Paltar almağa maddi imkanı olmayanlar üçün təmənnasız olaraq belə şəraitin yaradıldığını eşidəndə necə sevinmişdimsə, ertəsi gün o qədər təəssüf hissi keçirdim. Mağazaya sanki süpürgə çəkmişdilər...

Əslində gözlənilən idi. Gül bayramı bitdikdən sonra sökülən gül-çiçəyi də eynilə bu cür dağıtmışdılar. Bu mənzərəni görüb “insanların ehtiyacı var” deyənlər həmin gül bayramlarını xatırlasın. Gül-çiçəyədəmi ehtiyacları var? Neyləyəcəklər onları?
Bir dəfə ziyarətgahlardan birinə getmişdik. Qapının ağzındakı taxta qutu ziyarətçilərin pirə nəzir gətirdiyi şirniyyatlarla dolu idi. Orta yaşlı, yaxşı geyinmiş bir qadın çiynindən asdığı çantadan yekə bir zənbil çıxartdı və qutunun yarıdan çoxunu əndərdi həmin zənbilə. Ziyarətgahdakı nəzarətçi kişi həmin qadına təpindi: “Ay bacı, bu, tək səninçün qoyulmayıb e, hamı üçün qoyulub. Götürürsən, bir-iki ovuc götür, daha qutunu niyə boşaldırsan?” Qadın zənbildəkiləri qaytarıb yerinə boşaltmalı oldu...
“Mənə kömək edin, qızım. Pensiyamı hələ almamışam”-Torqovıda rus nənə utana-utana kəsdi qarşımı. Bir küçə o tərəfdə isə özümüzünkü əl açdı: “Varındısa, bir çörək pulu ver nənəyə.” 20 qəpik verdim. Ötəri baxıb acıqlandı: “Dedim, bir çörək pulu ver, yarım yox.” Mat qaldım... Bir anlıq mənə elə gəldi ki, bu qadının bütün vücudu-səsi, nəfəsi, ruhu dilənir...  
Həmişə bizim dilənçilərlə rus dilənçilərin arasındakı fərqə baxıram. Rus qadınların qışqırıb-bağıraraq, ağlayaraq diləndiyini heç görmədim...

Biri gözəl ideyalar, əməllər həyata keçirirsə, şərait yaratmaq lazımdı ki, bu işlərin davamı gəlsin. Bacarırıqsa, özümüz də kömək edək onlara. Bacarmırıqsa, gözütox olaq.

Onsuz da xeyirxahlar çox azdı.  

Nəfsimizə görə onları peşman eləməyək.

İmkan verək, bütün ehtiyacı olanlar sevinsin...