Küçəmizin işıqları...

kucemizin-isiqlari-
Oxunma sayı: 1320

Nadir Qocabəyli

Küçəmizin işıqları bir həftəyə yaxındır ki, yanmır. Qəsdən heç nə yazmırdım. Açığı, bu mövzu da məni bir çox bir çox başqa mövzular – məktəb, uşaq bağçası, yol, işıq, qaz, su, kanalizasiya, zibil, avtobus, yol polisi və s. – kimi yorub. Yəni yazırsan-yazırsan, amma nəticə yoxdur. Olanda da, müvəqqəti. Sonra dəyirman yenə bildiyini edir, sənsə xırdaçılıq etdiyinə görə, özünə nifrət edirsən...

Həm də küçə işığı mənə və ailəmə o qədər də vacib deyil. Biz qış aylarında küçədəki fənərlərin yanıb-yanmadığını bəzən heç hiss etmirik. Çünki həyətimizdə öz işığımız var, gecələr də küçəyə çox nadir hallarda çıxırıq. Xüsusilə də, qış aylarında.

Əvvəllər bu haqda sosial şəbəkələrdə yazanda da bu mövzuya daha çox prinsipiallıq nöqteyi-nəzərindən toxunmuşam. Yəni küçədə işıq dirəkləri, işıq fənərləri varsa, onun lampaları da yanmalıdır. Qəza baş verəndə, yəni hansısa fənərin lampası xarab olanda, hansısa məsuliyyətsiz sürücü maşınını dirəklərdən birinə çırpanda, yaxud dəli külək dirəklərə hər hansı ziyan vuranda təcili təmir olunmalıdır. Əgər bu fənərlər illərlə, aylarla, günlərlə, həftələrlə yanmayacaqdısa, vətəndaşlar ora-bura zəng vurub şikayət etməyincə, facebookda gileyli statuslar yazmayınca təmir olunmayacaqdısa, niyə bu qədər xərc və zəhmət çəkilirdi? Elə ölkəmizin bir çox kəndi, qəsəbəsi kimi qulağımız dinc oturmuşduq da yerimizdə. Məgər biz Bakı Şəhər Icra Hakimiyyətindən küçəmizə fənərlər qoymasını xahiş etmişdik?

Bəli, dünyanın bütün inkişaf etmiş qabaqcıl ölkələrində ən ucqar yaşayış məntəqələrində belə küçələrə asfalt çəkilir, səkilər, xiyabanlar salınır, çəmənliklər yaradılır, gözəl fənərlər gecləri gündüzə çevirir. Ona görə, biz də sivil dünyadan geri qalmamalıyıq. Bir zamanlar, merimiz demişkən, “Bakımız” da öz işıqlı gecələriylə qürur duyub, “Bakı gecələrinə”, “Bakının işıqlarına” hətta şeirlər yazılıb, mahnılar qoşulub. Elə indi də paytaxtımızın mərkəzi küçələrinin çıraqbanlığına söz ola bilməz. (Sadəcə bəzən onları gündüzlər söndürməyi unudurlar.) Amma çox təəssüflər olsun ki, şəhər ətrafı yerlər üçün bunu demək mümkün deyil.
Bizdə şəhərətrafı yerlərə çəkilən fənərlər çox zaman cəmi bir həftə yanır. Bir neçə il qabaq Hövsanda Föqəladə Hallar Nazirliyinin Akademiyası fəaliyyətə başladı. Az sonra Akademiya ilə Zığ-Binə şossesi arasındakı və Bakı-Hövsan dəmiryolu boyunca uzanan təxminən 3 kilometrlik palçıqlı küçəyə son dərəcə keyfiyyətsiz bir asfalt çəkdilər. Elə bir asfalt ki, hər yağış yağandan sonra mütləq çala-çuxurlarla dolub, avtomobillərin “evini yıxır”, hətta qəzalara səbəb olur. Bundan sonra, gəlib o çalaları növbəti yağışlara, qəzalara qədər başdansovdu, səliqəsiz şəkildə doldurub gedirlər.

Nə başınızı ağrıdım, bu bərbad asfaltı çəkəndən sonra həmin yolun kənarlarına işıq dirəkləri də qoydular. Amma o dirəklərin haçalı fənərlərindəki işıqlar cəmi bircə həftə yandı. Ondan sonra onların yandığını üç-dörd il olar görən yoxdur və azğın küləklər o haçabaş dirəkləri bir günə qoyublar ki, baxanda adamı ağlamaq tutur. Yaxşı bir fotoqraf lazımdır ki, şəkillərini bircə-bircə çəkib foto-sərgi təşkil etsin.

Bu gün səhər küçədə səs-küy eşidib çıxanda gödüm ki, üzərinə iri hərflərlə Bakı Şəhər İcra Hakimiyyəti yazılmış bir neçə maşın dayanıb. Montyorlar küçəmizin işıqlarını təmir edirlər. O işıqların şəxsən mənim həyatıma elə bir güclü təsiri olmasa da, çox sevindim. O gün olsun, paralel küçənin sakinləri və FHN-in Akademiyasına yolu düşənlər də sevinsin...

P. S. Bu köşəni yazmazdan qabaq İnternetdə “küçə işıqları” yazıb axtarış verdim və maraqlı bir məlumata rast gəldim. “ Hazırda ABŞ-ın San-Diyeqo və Ceksonvill şəhərlərində nəqliyyatın hərəkəti, boş parklama yerləri və hava şəraitinin monitorinqi barədə informasiya verən “ağıllı” küçə işıqlandırma sistemi işə salınıb. Küçə fənərlərinin növbəti funksiyası küçə cinayətləri haqqında məlumatın verilməsi olmaqla ümumi şəhər səs-küyündə odlu silahdan açılan atəş səslərinin müəyyənləşdirilməsi olacaq. İntellektual sistem yalnız atəş səslərinə reaksiya verməklə onları fişəng və avtomobil səslərindən seçəcək.

Statistik məlumatlara görə, bu gün 911 xidmətinə küçədə baş verən 10 atışma hadisəsinin yalnız biri barədə məlumat verilir. Yeni texnologiya bunu daha operativ və diqqətlə etməyə imkan verəcək.”