“Baku Medical Plaza”nın “Möcüzəyə doğru - Analıq Məktəbi” Naxçıvanda - Fotolar

baku-medical-plazanin-mocuzeye-dogru-analiq-mektebi-naxcivanda
Oxunma sayı: 274

Ölkənin aparıcı özəl tibb müəssisələrindən biri olan “Baku Medical Plaza” klinikalar şəbəkəsinin gələcək nəslin sağlam formalaşmasına töhfə vermək məqsədilə həyata keçirdiyi “Möcüzəyə doğru - Analıq Məktəbi” sosial layihəsi Naxçıvan Muxtar Respublikasında təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, layihə çərçivəsində tədbir iştirakçıları əvvəlcə Naxçıvan şəhərinin mərkəzində ucaldılan Ulu Öndərin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Daha sonra Naxçıvan Muxtar Respublikası Xəstəxanasında ana olmağa hazırlaşan qadınlarla maarifləndirici görüş keçirilib. Tədbirdə Naxçıvan şəhəri və ətraf rayonlarda yaşayan gələcək analar fəal iştirak ediblər.

“Baku Medical Plaza” klinikalar şəbəkəsinin peşəkar həkim heyəti tərəfindən iştirakçılara hamiləliyin fizioloji gedişatı, yenidoğulmuş körpənin sağlam inkişafı, düzgün qidalanma, psixoloji dəstəyin əhəmiyyəti və digər mühüm mövzular barədə ətraflı məlumat verilib.

“Baku Medical Plaza” Babək filialının direktoru Fərid Qasımov çıxış edərək, klinikalar şəbəkəsinin “Möcüzəyə doğru - Analıq Məktəbi” maarifləndirici layihəsinin bu günədək Bakı, Şamaxı, Salyan və Şəki şəhərlərində həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, sosial layihə çərçivəsində yüzlərlə iştirakçı, ana və körpə sağlamlığının qorunması istiqamətində maarifləndirilib, gələcək valideynlərə tibbi-psixoloji dəstək göstərilib.

Görüş zamanı gələcək anaların sualları mütəxəssislər tərəfindən cavablandırılıb, iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.