“Bugünkü Azərbaycan Ümummilli Liderin memarı olduğu dövlətdir”

bugunku-azerbaycan-umummilli-liderin-memari-oldugu-dovletdir
Oxunma sayı: 488

“Azərbaycan tarixi günlərini yaşayır. Prezident sosial media hesablarında paylaşımında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“2 gün öncə, Milli Liderin anadan olmasının 103-cü ildönümündə, cənab Prezident Şərqi Zəngəzurda öz ata-baba yurdlarına qayıdanlarla görüşdü. Uzun fasilədən sonra keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıtdılar.

Bugünkü Azərbaycan yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi kataklizmlara rəğmən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində geosiyasi mövqeyini daha da gücləndirən və regional “orta güc”ə çevrilən dövlətdir. Azərbaycan MDB-də münaqişəyə məruz qalan ölkələr arasında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk dövlətdir.

Müasir Azərbaycan 88 milyard dollardan çox valyuta ehtiyatları ilə, öz ehtiyatlarının ÜDM-ə nisbəti ilə dünyanın ən yaxşı yerlərində qərarlaşan dövlətdir. Xarici borcun ÜDM-dəki 6.5 faizi ilə dünyada ən yaxşı onluğa daxil olan Azərbaycan eyni zamanda 76 milyard dollara yaxın ÜDM ilə Cənubi Qafqaz iqtisadiyyatında drayverə çevrilmiş dövlətdir.

Azərbaycan Zəfərdən keçən qısa müddətdən işğaldan azad olunan ərazilərə yalnız dövlət büdcəsindən 23 milyard manatdan çox vəsait ayıran və 85 minə yaxın vətəndaşımızın həmin ərazilərimizdə məskunlaşmasını, işləməsini və təhsil almasını təmin edən dövlətdir. Bugünkü Azərbaycan son 4 ildə yalnız Avropaya 57 milyard kub metrdən çox qaz nəql edərək 16 ölkənin enerji təhlükəsizliyinə töhvə verən dövlətdir.

Son 30 ildə iqtisadiyyatına 300 milyard dollardan çox xarici sərmayə cəlb edən Azərbaycanda yalnız son 6 ildə 3 milyondan çox vətəndaşımızı əhatə edən 5 sosial paketi reallaşdırılıb.

Bugünkü Azərbaycan cənab Prezidentin rəhbərliyi ilə yalnız regional deyil, bir sıra qlobal məsələlərdə söz sahibi olan dövlətdir.
Nəhayət, ən əsası, bugünkü Azərbaycan Milli Liderin memarı olduğu dövlətdir”, - deputat bildirib.

Nuranə Daxilqızı